• Bakı 19° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Sürətdə geri qalırıq...” - Rejissor Mikayıl Mikayılov

MÜSAHİBƏ

26 Noyabr 2022 | 17:15

“Sürətdə geri qalırıq...” - Rejissor Mikayıl Mikayılov

Təkcə baş rejissoru olduğu “YUĞ” Dövlət Teatrını deyil, ümumilikdə Azərbaycan teatrını Avropadakı səhnə sənətində baş verən proseslərin bir parçası kimi görmək istəyir. İstedadı, savadı, zəhmətsevərliyi sayəsində düşüncələrini həyata keçirməyə çalışır, yeni layihələr, təkliflər hazırlayır.

Azərbaycanın müxtəlif teatrlarında, həm də Rusiya, Qazaxıstan, Moldova və digər ölkələrdə tamaşalara quruluş verir.

Yaradıcılıq işləri ilə xaricdə də adından söz etdirən istedadlı teatr rejissoru, “Zirvə” mükafatı laureatı Mikayıl Mikayılov Bakıvaxtı.az-ın həmsöhbətidir.

Teatrda böyüyən rejissor

- Mikayıl bəy, bir neçə ay öncə bizim teatr aləmində çox nadir hallarda rast gəlinən hadisə baş verdi. “YUĞ” Dövlət Teatrının kollektivi mədəniyyət nazirinə məktub yazaraq sizi bu teatra baş rejissor göndərməyi xahiş etdilər...

- Doğma kollektivdən belə bir münasibət görmək təbii ki, məni sevindirir və qürur verir. Üstəlik, bu etimadın məsuliyyət doğuran tərəfi də var. Mən də bu teatrın kollektivinə eyni dərəcədə hörmət və istəklə yanaşıram. Başqa cür də ola bilməz, mən “YUĞ” da böyümüşəm, anam - əməkdar artist Sonaxanım Mikayılova bu teatrda çalışdığından “YUĞ” hələ Dövlət Akademik Milli Dram Teatrının dördüncü mərtəbəsində fəaliyyətə başladığı dövrdən teatra gəlib-getmişəm, kollektivin gözü qabağında olmuşam. Sonra tale elə gətirdi ki, mən bu teatrda çalışdım, rejissor kimi tamaşalara quruluş verdim. Ona görə də məni baş rejissor görmək istəmələri ilə bağlı müraciətlərinə təbii yanaşmaq olar.

Bir məsələni də qeyd edim ki, kollektivin məktubundan əvvəl bu vəzifə Mədəniyyət Nazirliyindən mənə təklif edilmişdi, amma...

- Reaksiyanız necə oldu?

- Normal. Sadəcə, həmin vaxt konkret cavab deyə bilmədim, çünki həm yaradıcılıq işlərimlə bağlı xarici ölkədə idim, həm də bəzi məsələləri dəqiqləşdirmək üçün mənə zaman lazım idi. Bayaq vurğuladığım kimi, Vaqif İbrahimoğlunun yaratdığı bu teatrı yaxından tanıyıram, yaradıcı kollektivin gücünə, potensialına bələdəm, eyni zamanda, problemləri də bilirəm. 30 ildən artıq fəaliyyət göstərən “YUĞ” bu gün özünün ən çətin bir mərhələsini yaşayır. Bu çətin mərhələni uğurla keçmək, kollektivin daxilindəki enerjidən doğru-düzgün yararlanmaq və bunu inkişaf etdirmək üçün düşüncələrim, planlarım və təkliflərim var. Mədəniyyət Nazirliyində aidiyyəti şəxslərlə görüşüb proqramımı təqdim etmişəm, eyni zamanda, teatrımızın hər bir aktyoru ilə də ayrı-ayrılıqda söhbət edib fikirlərimi açıqlamışam, müzakirə aparmışam. Biz həqiqətən də yaradıcılıqla məşğul olmaq, inkişaf etmək, dünya teatrlarında gedən proseslərə qoşulmaq, müasir çağırışlara uyğun addım atmaq və bu işə töhfə vermək istəyiriksə hökmən müəyyən ciddi işlər görməli, əziyyətə qatlaşmalıyıq. Köhnə düşüncə ilə işə yanaşmaq, imitasiya yaratmaqla heç nəyə nail olmayacağıq.

- Gənc və yeni baş rejissorun proqramında bilmək olarmı konkret nələr var?

- Bu proqramda müxtəlif təkliflər var, dediyim kimi, həm nazirlik, həm də truppamız bu barədə məlumatlıdır. Teatr ictimaiyyəti üçün açıqlanmalı məsələləri qeyd edərkən ilk növbədə nələrin üstündə dayanardım? Məlum olduğu kimi, təkcə Rusiyada deyil, dünyanın əksər ölkələrində teatr mərkəzləri fəaliyyət göstərir. Mən də “YUĞ”un gələcəyini Vaqif İbrahimoğlu Mərkəzi kimi görürəm. Yəni, burda təkcə tamaşalar hazırlanmasın, müxtəlif teatr poetikaları, cərəyanları barədə elmi tədqiqatlar, araşdırmalar aparılsın. “YUĞ” keçdiyi və təqdim etdiyi yol, teatrın potensialı buna tam imkan verir. Biz həm də bu teatra gənclərin gəlməsinə, studiyanın açılmasına, yaradıcılıq imkanlarını göstərmək üçün onlara meydan verilməsinə çalışmalıyıq.

Festivallarla da bağlı müxtəlif layihələrim var. Avropadakı teatrlarla əməkdaşlıq məsələləri ilə bağlı da layihə hazırlamışam, artıq bununla bağlı müəyyən addımlar atmağa başlamışıq. Yəni, iş görmək üçün təkliflər, planlar çoxdur və bir məsələni də yeri gəlmişkən qeyd edim, bu proqram üzərində işləyərkən necə deyərlər, velosiped icad etməmişəm. Buna heç ehtiyac da yoxdur, dünyada, Avropada bu sahədə gedən prosesləri izləmək, öyrənmək və uğurla tətbiq etmək yetər. Ətrafımızda baş verən teatr proseslərini yaxından izləyən, başqa ölkələrdə tamaşalara quruluş verən rejissor kimi deyə bilərəm ki, biz sürətdə geri qalırıq. İrəli getmək, bugünkü inkişafla ayaqlaşmaq, həqiqətən də nələrinsə müsbətə doğru dəyişməsini istəyiriksə tempi artırmalıyıq. Yoxsa heç nə alınmayacaq...

Klounun cinsiyyəti olmur

- Teatr kollektiv sənət olduğundan onun bütün komponentləri gərək bu tempə hazır olsun. Rejissor, aktyor, dramaturq, rəssam potensialımız buna imkan verirmi?

- İnsan öz potensialını nə zaman inkişaf etdirir? Təbii ki, ona tələbatın artdığını hiss edəndə, gördüyü işinə dəyər verildiyini görəndə. Bu məsələdə rəqabət mühitinin olması da vacibdir. Rəqabət mühiti deyəndə nəyi nəzərdə tuturam? Düşünürəm ki, teatrlarımız tez-tez xarici ölkələrə qastrollara getməli, beynəlxalq festivallarda mütəmadi iştirak etməlidir. Çünki sən təkcə fərqli mədəniyyətlərlə tanış olmursan, həm də öz potensialını, gücünü müqayisə edə bilirsən, nələrisə öyrənmək imkanı qazanırsan.

- Xarici qastrollardan, festivallardan söhbət düşmüşkən, “YUĞ” bu günlərdə Qazaxıstanda keçirilən beynəlxalq festivaldan qayıdıb. Bəlkə bu barədə də danışaq...

- Teatrımız bu ayın əvvəlində Qazaxıstanın Almatı şəhərində keçirilən Mərkəzi Asiya ölkələrinin VIII Beynəlxalq Teatr Festivalında iştirak etdi. Bu festival barədə danışmazdan öncə mən Qazaxıstanın teatr mühiti haqqında qısaca məlumat vermək istəyirəm. Oradakı prosesləri yaxından izləyən və bu ölkənin müxtəlif teatrlarında tamaşalar hazırlayan rejissor kimi deyə bilərəm ki, Qazaxıstanın teatral həyatı məni yaxşı mənada təəccübləndirir. Təsəvvür edin, bu ölkədə il ərzində 15-20 beynəlxalq teatr festivalı təşkil edilir və bu festivallar təkcə paytaxtda deyil, ayrı-ayrı şəhərlərdə keçirilir, önəmlisi odur ki, onların bəziləri A kateqoriyalıdır. Yeri gəlmişkən, Gürcüstan, adını çəkmək istəmədiyim digər qonşu ölkə də A kateqoriyasına daxil festivallar keçirir. Düzdür, son illər Azərbaycanda da teatr festivalları təşkil edilir, çox istərdim bizdə də belə A kateqoriyalı beynəlxalq festivallar olsun, dünyanın tanınmış rejissorları, məşhur teatr kollektivləri, görkəmli teatrşünaslar Azərbaycana gəlsinlər, tamaşaçılarımız dünya şöhrətli teatrların tamaşalarını canlı izləyə bilsinlər. Bütün bunlar baş vermədən biz dünyada gedən teatr proseslərinin bir hissəsi ola bilməyəcəyik.

Almatı festivalına gəlincə, “YUĞ” festival təşkilatçılarına bir neçə yeni tamaşamızın lentlərini göndərmişdi və onların arasından mənim quruluş verdiyim “Kloun Bizzz” seçilmişdi. Qeyd edim ki, səhnə əsəri Matey Vişnekin məşhur “Qoca kloun tələb olunur” əsəri əsasında hazırlanıb. Bu əsərə dünyanın müxtəlif teatrları müraciət edib.

- Əsər ahıl yaşına çatan 3 qoca klounun həyatı barədədir. Amma sizin tamaşada rolları qadınlar oynayır...    

- Mənim düşüncəmə görə klounun cinsi olmur. Bizim tamaşada aktrisalar kişi kostyumlarında çıxış edirlər, yəni bilinmir bunlar qadındır, yoxsa kişi. Təqdim etdiyimiz “Kloun Bizzz” tamaşasının belə bir yozumu, aktrisalarımızın oyunu festivalda maraqla qarşılandı. Festival günlərində bir qazax dramaturqu ilə tanış olduq, o, Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında pyes yazıb, əsərini mənə təqdim etdi və “YUĞ”la əməkdaşlıqda maraqlı olduğunu bildirdi.

 -  “YUĞ” teatrının gələcəyi və inkişafı ilə bağlı düşüncələrinizlə tanış olduq. Öz binası belə olmayan teatrda bütün bunları həyata keçirmək olacaqmı?

- Bildiyiniz kimi, bəlli səbəblərdən “YUĞ” beş ildən çoxdur ki, Dövlət Kukla Teatrının binasına sığınıb. Belə bir vəziyyətdə işləmək təbii ki, asan deyil. Amma teatrımıza bina ayrılması ilə bağlı Mədəniyyət Nazirliyi müəyyən işlər görür, müxtəlif məkanlar nəzərdən keçirilir. Təklif olunan yerlərə mən özüm də gedib baxmışam, aparılan müzakirələrdə iştirak etmişəm. İnanıram ki, proses müsbət sonluqla yekunlaşacaq və biz tamaşaçılarımızı öz yeni binamızda qəbul edə biləcəyik. Və həmin məkanda “YUĞ” öz estetikasına uyğun yüksək səviyyəli tamaşalar hazırlayacaq. Başqa cür də ola bilməz, biz “YUĞ” teatrının mədəniyyətimizin tarixi köklərinə, mifologiyasına söykənən estetikasını yaşatmalıyıq. Fenomenal insan olan Vaqif İbrahimoğlunun yaratdığı bu teatrı yaşatmaq, onun qoyduğu yolu inkişaf etdirmək bizim missiyamızdır. Vaqif İbrahimoğlu təkcə öz teatrını yaratmayıb, həm də Azərbaycan mədəniyyətinin inkişafı prosesinə vacib bir təkan verib. Söhbətimizin əvvəlində mən Vaqif İbrahimoğlu Mərkəzinin yaradılmasını təsadüfən qeyd etmədim, keçilən bu mərhələ, görülən işlər araşdırılmalı, öyrənilməlidir. Necə oldu ki, bizdə belə bir teatr yaradıldı, milli teatrımıza, ümumilikdə incəsənətimizdə hansı yeniliklər elədi, ölkədən kənarda necə tanındı? Bütün bu məsələlərə elmi yanaşma vacibdir. Yenə demək istəyirəm ki, “YUĞ” teatrının yaşamağa, öz ayrıca binasında fəaliyyət göstərməyə tam haqqı var, inşallah belə də olacaq.

- Siz ölkədən kənarda tamaşalar hazırlayan rejissorlardansınız. Yeni hansı təkliflər var?

- Moldovada fəaliyyət göstərən teatrlardan birindən təklif almışam, gələn ilin ilk aylarında həmin ölkəyə gedib məşqlərə başlayacağıq, bununla yanaşı Qazaxıstanın Almatı və Karaqanda şəhərlərindəki teatrlardan əməkdaşlıq təklifləri də var, hazırda pyes seçimi və digər detalları müzakirə edirik. Yəqin ki, ilin sonuna kimi bütün bu məsələlərə aydın gələcək.

 - Növbəti müsahibədə müzakirə üçün yeni mövzular olacaq deməli...

 - İnşallah.    

 Etibar Cəbrayıloğlu

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

25 Aprel 2024