• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Əgər inanmırsansa, ərizə yaz və... - Rejissor diplomlu aktrisa ilə MÜSAHİBƏ

MÜSAHİBƏ

25 Yanvar 2023 | 14:53

Əgər inanmırsansa, ərizə yaz və... - Rejissor diplomlu aktrisa ilə MÜSAHİBƏ

Bu gün Azərbaycan səhnəsində istedadı ilə seçilən aktrisalarımız çoxdur. Həm istedadı, həm də intellektuallığı ilə fərqlənən aktrisalar isə barmaqla sayılacaq qədərdir.

Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Gövhərtac (Ə.Haqverdiyev “Xortdanın Cəhənnəm məktubarı”), Leyli (M.Füzuli “Leyli və Məcnun”), Firəngiz (C.Cabbarlı “Oqtay Eloğlu”), Nina Mixayılovna (A.Çexov “Qağayı”) obrazlarında gördüyüm Səbinə Məmmədzadəni tərəddüd etmədən ikincilərə aid edərdim. Gənc və istedadlı aktrisa ifa manerası ilə yanaşı, savadı, dünya görüşü ilə də seçilir.

Yeri gəlmişkən, aktrisa Səbinə Məmmədzadə Mədəniyyət və İncəsənət Universitetinin “dram rejissorluğu” fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Tez-tez populyar teleseriallarda baş rollara çəkilsə də mən Səbinə xanımı daha çox teatr aktrisası kimi qəbul edirəm. Elə özü də teatrı kinodan, səhnəni çəkiliş meydançasından qəlbinə daha yaxın sayır. Ona görə də Bakıvaxtı.az-ın bu müsahibəsində istedadlı aktrisanın teatrdakı fəaliyyəti barədə danışdıq.

Teatr ictimaiyyətinin böyük maraqla qarşıladığı “Kod adı “VXA”” tamaşasının uğurunda Səbinə Məmmədzadənin də zəhməti var. Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, tamaşanın müəllifi və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə gənc aktrisaya Şövkət Məmmədxanovanın obrazını həvalə edib. O Şövkət Məmmədxanova ki, həyat yoldaşına görə ötən əsrin 30-cu illərində repressiya olunub, Qazaxıstanın Akmola həbs düşərgəsində olmazın əzablara qatlaşıb.

Kod nömrəsi 30419

- Mehriban Ələkbərzadənin yazdığı və quruluş verdiyi “Kod adı “VXA”” teatr cameəsinin gözlədiyi kimi, monumental alındı. 4 saat davam edən tamaşada oynamaq səni yormur ki?

- Yox, qətiyyən. Buna xoş yorğunluq da demək olar. Mən enerjini hiss edən, daim neqativdən uzaq durmağa çalışan biriyəm. Mehriban xanım bu yeni əsərlə bağlı bizimlə keçirdiyi ilk toplantıda hamımıza böyük bir müsbət enerji ötürdü, özümə söz verdim ki, bütün çətinliklərə rəğmən bu obrazın yaxşı alınması üçün var qüvvəmlə çalışacam. İstər masa arxası, istərsə də səhnədə aparılan məşqlərdə fiziki yorğunluq olurdu və bu da təbiidir, əsas odur ki, mənəvi yorğunluq hiss edilmədi. Görkəmli teatr rejissoru və pedaqoqu Mixail Çexovun təbirincə desək, hər məşqdən sonra aktiv gözlənti prosesinə bir qədər də yaxınlaşırdıq. Aktyor kimi rol üzərində əməli təhlillə bağlı Mehriban xanımla müzakirələrim olurdu, nələrisə dəyişirdik, nələrisə yenidən başlayırdıq. Nəticədə Azərbaycan teatrında çox nadir hallarda rast gəlinən bir tamaşa ərsəyə gəldi, Mehriban Ələkbərzadə bu səhnə əsəri ilə qadının nələrə qadir olduğunu sübut etdi.

- Tamaşadakı qadınların hər biri ötən əsrin 20-30-cu illərində Azərbaycan üçün mühüm işlər görən, ictimai-siyasi həyatda seçilən real insanlardı. Sənin oynadığın Şövkət Məmmədxanova da həmçinin. Müəllif-rejissorun Şövkət xanım haqqında verdiyi məlumat yetərli oldu, yoxsa əlavə nələrsə öyrəndin?

- Təbii ki, əlavə məlumatlar axtardım. Mehriban xanımın məsləhəti ilə Aleksandr Soljenitsının “Arxipelaq QULAQ” əsərini oxudum, müxtəlif mənbələrdən Şövkət Məmmədxanova barəsində informasiyalar topladım. Şövkət xanım Bakının Əhmədli kəndində doğulub, hüquq təhsili alıb, həyat yoldaşı Məmmədxan Məmmədxanov Azərbaycanda sovet hakimiyyətinin qurulmasında xidmətlər göstərib, mühüm postlar tutub, Mərkəzi Komitənin üzvü seçilib, təltiflərə layiq görülüb. Bütün inqilablar necə deyərlər, öz övladlarını yeyir, sosialist inqilabı da həmçinin. Hökuməti quran insanların əksəriyyəti 30-cu illərdə “xalq düşməni” elan olunub, repressiyalara məruz qalıb, məhv edilib. Şövkət xanımın da əvvəlcə ərini, sonra isə xalq düşməninin həyat yoldaşı olduğu üçün özünü həbs ediblər. Qazaxıstanda, Akmola həbs düşərgəsinə məhrumiyyətlərə düçar olub.

- Həmin həbs düşərgələrində qadınlar ad, soyadla yox, onlara verilən xüsusi nömrələrlə tanınıblar...

- Şövkət xanımın nömrəsi 30419 olub. Çox qəribədir ki, 30419 rəqəminin mənim üçün xüsusi önəmi var- ayın 4-də anadan olmuşam, 91-ci ildə, bu obraz da mənə 30 yaşımda verilib.

- Mistika?

- Bilmirəm, bəlkə də... Hər bir səhnə əsəri üçün rejissor yozumu çox önəmlidir. Mehriban Ələkbərzadə bu tamaşaya mükəmməl rejissor yozumu verdi, hər bir obrazı, o cümlədən mənim oynadığım Şövkət rolunu təhlil etdi.

Mehriban xanım səhnəyə çıxmazdan öncə qulağıma bir cümlə pıçıldadı... Aktyoru, aktrisanı vəcdə gətirmək, sevərək qorumaq ustad rejissorların işidir axı. Həmin o cümlədən sonra emosional yaddaşımla həkk olan ağrı ilə qəhrəmanım Şövkətin ağrısını o qədər gözəl hiss edə bildim ki...

Tamaşa dördüncü divarla örtülüb, nervizm üzərində bir biomexanika var. Hər bir obrazla ayrı-ayrılıqda o qədər dəqiq işlənib ki, hisslər o dördüncü divarı yararaq birbaşa tamaşaçı zalının on birinci sırasına ötürülür. Mehriban xanım bir rejissor olaraq aktyor kimi çəkdiyimiz ağrını, daşıdığımız məsuliyyəti bizimlə birgə yaşaya bilir. Təsəvvür edin, arxa kulisin işıqları onun açıq qəhvəyi rəngli saçlarını yararaq keçir, səhnədə yaşananlara reaksiyası görünür, sanki bizimlə səhnədədir...

Bir məsələni də deyim, bilmirəm bəlkə bunu da mistikaya yozmaq olar. Həbsxana həyatı yaşayan qadının obrazını oynamaq kimi bir arzum var idi, lakin bu istəyimi gizli saxlamışdım. Mehriban Ələkbərzadə Şövkət Məmmədxanova obrazı ilə məni bu istəyimə də çatdırdı.

Rejissor hər zaman haqlıdır

- Rejissor diplomlu aktrisa kimi rejissorlarla çalışmaq sənə çətin deyil ki?

- Qətiyyən yox, heç bir çətinlik hiss etmirəm. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının təşkil etdiyi Moskva XII Beynəlxalq Teatr Yay Məktəbində iştirak edəndə bizə öyrətdikləri ilk qayda bu oldu- Rejissor hər zaman haqlıdır!

Aktyor isə rejissora inanmalıdır. Əgər inanmırsansa onda ərizə yaz, rejissorun sənə verdiyi roldan rəsmi imtina elə. Özümü şanslı aktrisa sayıram, çünki çox istedadlı rejissorlardan rol almaq, səhnə əsərləri üzərində onlarla birgə çalışmaq nəsibim olub. Mədəniyyət və İncəsənət Universitetində mənə rejissorluğun sirlərini öyrədən, tələbkar müəllimim Bəhram Osmanovun tamaşalarında rol oynamışam. Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Boris Mançiyev bizim teatrda “Xortdanın Cəhənnəm məktubları” tamaşasına quruluş verəndə mənə Gövhərtac obrazını həvalə etdi və məhz onun sayəsində tragik qəhrəman kimi kəşf olundum. Bəllidir ki, hər bir insanın daxilində paradoks var, həm gülür, həm ağlayır. Səhnədə bunu ilk dəfə Gövhərtac obrazında yaşadım.

Həm istedadlı aktyor, həm də rejissor kimi özünü sübut edən Nicat Kazımovla maraqlı işbirliyimiz olub. Moskva Beynəlxalq Teatr Yay Məktəbində iştirak edəndə Gitis Padegimas, Pyotr Şerevşevski kimi görkəmli pedaqoq və rejissorlarla çalışmışam.

Mehriban Ələkbərzadənin tamaşasında rol almaq mənim çoxdankı arzum idi, bir neçə il öncə tədbirlərin birində Mehriban xanıma yaxınlaşıb dedim ki, quruluş verdiyiniz tamaşalardan hansındasa oynamaq istəyirəm. Görünür qismət “Kod adı VXA” tamaşasına imiş.

Rejissorluq ixtisası üzrə ali təhsil almağımın təbii ki, avantajları var, amma mən heç vaxt çalışdığım rejissorlarla mübahisə etmirəm, sadəcə mənə vermək istədiyi obrazın ali məqsədini soruşuram. Düşüncəmə görə, rejissor ali məqsədi aktyora deməyə borcludur, bundan yayınan rejissoru ciddi saymıram.

- Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi festivallarda sənət cameəsi sənin rejissorluğunu da gördü...

- İttifaqın 2019-cu ildə təşkil etdiyi “Baxış” festivalı üçün yazıçı Pərvinin “Ürəyə düş” tamaşası hazırladım. Ötən il isə “Baxış-2” festivalında ingilis ədəbiyyatında romantizm cərəyanının tanınmış nümayəndələrindən sayılan Bayronun “Qabil” pyesi əsasında hazırladığım “Xülya” tamaşası ilə iştirak etdim. “Xülya” tamaşasını “Bütün yollar Tanrıya aparır” ideyası əsasında qurmuşdum.

Yazıçı Ülviyyə Heydərovanın “Pələng” monopyesini elə ilk oxunuşdan bəyəndim və bu tamaşanı da festival üçün hazırladım. Teatrımızın aktrisası Zümrüd Quliyevanın üzərində qurduğum bu tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyənin Diyarbəkir şəhərində keçirilən “II SoloFest” Beynəlxalq Teatr festivalında uğurla iştirak etdi.

- Böyük səhnədə rejissor kimi debütünü nə vaxt görə biləcəyik?

- Tam səmimi deyim ki, özümü buna hələ tam hazır saymıram. İnsan elə bir varlıqdır ki, enerjisi hara axırsa diqqətini də məhz ora yönəldir. Mənim bu dəqiqə bütün diqqətim səhnəyə, oynadığım və oynaya biləcəyim obrazlara yönəlib.

- Bayaq müsahibədən əvvəl söhbətləşəndə Dövlət Gənc Tamaşaçılar Teatrının önündən insanların keçib getdiyini müşahidə elədik. Həmin insanlara bir mesajın varmı?

- Bir anlıq ayaq saxlayıb afişalarımıza baxsınlar, sosial şəbəkələrdə bizi izləsinlər, kassalara yaxınlaşıb bilet alsınlar. Tamaşalarımıza baxandan sonra onlar hökmən teatr adlı bir aləmin sehrinə düşəcəklər. Teatr həqiqətən də maraqlı, maraqlı olduqca da gərəkli sənət növüdür.

Bakıətrafı kəndlərdə yaşayan uşaqlarda, yeniyetmələrdə teatra maraq oyatmaq, səhnə sənəti barədə fikir formalaşdırmaq üçün Teatr Studiya ilə bağlı layihə hazırlamışdım. “İdeovate” şirkəti, onun rəhbəri Nailə xanım Namazova sağ olsun ki, bu layihəyə dəstək oldu. Bu dəstək sayəsində artıq bir neçə kənddə bizim “Teatral” Studiyamız fəaliyyət göstərir, bir neçə kənddə isə studiyamızın açılışına hazırlıq gedir.

Biz gələcəyin rejissorunu, aktyorunu, tamaşaçısını uşaq yaşlarından yetişdirmək istəyindəyik. İnanıram ki, çəkdiyimiz əziyyət boşuna getməyəcək, Azərbaycan teatrının gələcəyi üçün bu gün atdığımız kiçik addımlar böyük nəticələr verəcək.

Etibar Cəbrayıloğlu

Bakıvaxtı.az 


SON XƏBƏRLƏR

18 Aprel 2024