“Qarabağ və Şərqi Zəngəzur regionları böyük təbii ehtiyatlara malik bölgələrimizdəndir”.
Bunu Bakıvaxtı.az-a amıqlamasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ilk növbədə Qarabağ və Şərqi Zəngəzurun aqrar dözüm potensialı kifayət qədər böyükdür:
"Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurdakı təbii ehtiyatlar imkan verəcək ki, bu bölgələrimizdə həm də sənaye inkişaf etdirilsin. Təbii ehtiyatlar sənaye müəssisələrinin işə salınmasına imkan yaradacaq. O baxımdan Qarabağ və Şərqi Zəngəzur növbəti dövrdə Azərbaycanda sənayeləşmənin əsas drayverlərindən birinə çevriləcək. Bu da təbii ki, nəticə etibarı ilə Qarabağ və Şərqi Zənzəgur üçün yeni imkanlar deməkdir”.

Vüqar Bayramov: Qarabağ və Şərqi Zəngəzurdakı təbii ehtiyatlar imkan verəcək ki, bu bölgələrdə sənaye də inkişaf etdirilsin
Müsahibimiz qeyd edib ki, həm də Azərbaycanda bütövlükdə qeyri-neft sektorunun inkişafı baxımından da önəmlidir:
“Cənab Prezidentin qeyd etdiyi kimi növbəti mərhələdə Qarabağ və Şərqi Zəngəzurun həm sürətli iqtisadi inkişafını, həm də Azərbaycan iqtisadiyyatına reinteqrasiyasını müşahidə edəcəyik. Bu da Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar deməkdir".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində çıxışı böyük maraqla qarşılanıb. Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzur bölgələrində geoloji kəşfiyyat işlərinin aparıldığını açıqlayıb.
Prezident Azərbaycan alimlərinin bu işlərə dəvət edildiyini, həmçinin dövlət strukturlarına göstəriş verildiyini bildirib. O, yaxın bir neçə ay ərzində çox yaxşı xəbərlər gələcəyini söyləyib:
"Bizim çox zəngin təbii resurslarımız var – qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır".
Aydın Baxış
Bakı 



