• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

20 yanvar faciəsi günü dünyaya gəlmiş məşhurla MÜSAHİBƏ - FOTOLAR

MÜSAHİBƏ

20 Yanvar 2023 | 15:01

20 yanvar faciəsi günü dünyaya gəlmiş məşhurla MÜSAHİBƏ - FOTOLAR

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsindən 33 il keçir.

Bu faciə xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb.

Ümumxalq Hüzn Günü elan edildiyi bu gündə Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir.

“Qaranlıq gecədə, şam işığında, güllə səsi altında başlayıb bu həyatdakı hekayəm. Ləyaqətli, şərəfli, mübariz insanların şəhid olduğu gecədə dünyaya göz açmışam”. 

Bu sözləri 1990-cı ildə yanvarın 20-də, qanlı faciənin yaşandığı gün dünyaya gələn tanınmış aparıcı Jalə Həsənli bildirib. 

Bakıvaxtı.az Jalə Həsənli ilə müsahibəni təqdim edir: 

- Jalə xanım, doğum gününüzün faciə gününə təsadüf etməsi sizə necə təsir göstərir?

 - Əvvəla diqqətinizə görə təşəkkür edirəm.

Anam çox həssas qadın idi. Ağlım kəsəndən xatırlayıram ki, hər il 19 yanvar gecəsi gəlib məni öpər, təbrik edər, daha sonra həmin gecə Bakıda Sovet qoşunlarının törətdiyi vəhşiliyi xatırladardı. Günahsız insanların necə qətlə yetirildiyindən, xəstəxanalarda yaralıların çoxluğundan, qərənfilin necə matəm gülünə çevrilməsindən bəhs edərdi.

Bütün bunları gözləri dola-dola danışandan sonra deyərdi  ki, 20 yanvar günü ad günü etmək, deyib-gülmək bizə yaraşmaz. Hər 20 yanvar tarixində məni Şəhidlər Xiyabanına aparar, birlikdə ziyarət edərdik. Hadisə qurbanları haqqında məlumat verər, onları hər il anmalı olduğumuzu mənə xatırladardı.

Bəlkə də elə buna görədir ki, doğum günümün məhz belə bir günə təsadüf etməsi məni məyus etməyib. Əksinə, qürur duymuşam ki, insanların mübarizə apardığı, azadlıqları uğrunda qan tökdükləri gecədə dünyaya gəlmişəm. Onların qəhrəmanlıqlarından güc almışam. Düşünürəm ki, həmin gecə dünyaya göz açmağım bugünkü xarakterimi də uşaqlıqdan formalaşdırıb. Mən də o insanlar kimi mübariz, haqqımı sonuna qədər müdafiə edən və azadlığına vurğun biriyəm.

- Faciə günü həyatınızda necə iz buraxıb?

- Həmin qanlı gecə yalnız mənim həyatımda yox, düşünürəm, hər kəsin həyatında bir iz qoyub. Biri doğmasını şəhid verib, biri həmin gecə ağır yaralanıb, biri mənim kimi dünyaya göz açıb. Nə qədər ağır gün yaşasaq da, fikirləşirəm ki, bu gün hər birimizin keçirdiyi hisslər eynidir: qürur! Ölsək də bu torpaqdan pay verməyəcəyimizi, heç kimə boyun əyməyəcəyimizi nümayiş etdirdik həmin gecə. Bir ölsək də, min dirildik. Azadlığı heç kim qızıl məcməyidə bizə təqdim etməyəcəkdi, biz qanımızla, canımızla qazanmalı idik və etdik də.

- Jalə xanım, yanvarın 20-də ad gününüzü qeyd edirsinizmi?

- Yuxarıda sadaladıqlarıma görə heç vaxt ad günümü 20 yanvarda qeyd etməmişəm. İnsanların üzündə kədər, gözündə yaş olduğu vaxt sevinmək mənə yaraşmazdı. Elə ona görə də ya 19, ya da 21 yanvarda doğum günümü qeyd etmişəm. Bundan heç vaxt peşman olmamışam. Bu gün də qürurla, böyük fəxarətlə deyirəm ki, mən o qanlı gecəyə şahid doğulmuşam. Mən də o tarixin bir parçası olmuşam.

Ramid İbrahimov


SON XƏBƏRLƏR