• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Gözlər Türkiyədə: Əsrin seçimi... - MÜSAHİBƏ

MÜSAHİBƏ

10 Aprel 2023 | 16:55

Gözlər Türkiyədə: Əsrin seçimi... - MÜSAHİBƏ

2023-cü ildə dünyanın ən mühüm siyasi hadisələrindən biri kimi bu il Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri göstərilir. Qardaş ölkənin vətəndaşları mayın 14-də növbəti beş ildə prezidentin kim olacağını müəyyən etmək üçün səsvermə hüququndan istifadə edəcəklər.

Bu seçkilər quruluşunun 100-cü ildönümünü qeyd etməyə hazırlaşan Türkiyə Cümhuriyyətinin ikinci yüzilliyindəki inkişaf yolunun müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyətlidir.

Son illərdə beynəlxalq münasibətlərdə nüfuzunu və hərbi qüdrətini daha da artıran, geosiyasi cəhətdən əlverişli mövqedə yerləşən Türkiyədə prezident seçkisi qlobal güclərin diqqət mərkəzindədir.

Bu seçkilər Türk dünyasını, Azərbaycanı da yaxından maraqlandırır. Odur ki, Azərbaycan-Türkiyə münasibətləri baxımından qarşıdan gələn seçkilərin həssaslığı anlaşılandır.

Bakıvaxtı.az mövzu ilə bağlı politoloq Telman Nüsrətoğludan müsahibə alıb.

Müsahibəni təqdim edirik:

- Telman müəllim, “Bir millət iki dövlət” dediyimiz Türkiyədə son 20 ildə hakimiyyətdə olan Ərdoğanın dövründə Azərbaycan-Türkiyə münasibətlərini necə dəyərləndirirsiniz?

-Azərbaycanla Türkiyənin qardaşılığı çox dərin tarixi kökləyə dayanır. Sadəcə XIX əsrin sonu XX əsrin əvvəllərində həm Anadolu, həm də Azərbaycan coğrafiyası tarixi sınaqlarla qarşı-qarşıya qalarkən bu çoğrafiyada yaşayan türklər bir-birinin dar günlərində yardımına qaçıblar. İstər Çanaqqala döyüşlərində, istərsə də, 1918-ci ildə müstəqilliyini əldə edən Azərbaycan Xalq Cümhuriyyətinin ölüm-dirim savaşı verərkən Qafqaz İslam Ordusu ilə birlikdə Bakının işğaldan azad edilməsi timsalında qardaş dövlətlərin bir-birinin yanında olduğunu görmüşük.1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanı da ilk tanıyan ölkə Türkiyə olubdur.

O zaman NATO və Qərb yönümlü siyasət yürüdən Türkiyənin sovetlər ittifaq dağılandan sonra meydana çıxan fürsətlər - türk dövlətlərinin ilə daha böyük inteqrasiyası prosesinin aparılması istiqamətində müəyyən addımlar atıldı. Amma o zaman Türkiyə daha çox Amerikanın və Qərbin gündəmilə bu coğrafiyalara yönəlik siyasət aparmağa başladı. Təbii ki böyük işlər də gördü. “Böyük tələbə” layihəsi də bunlardan biri idi. Belə ki, türk dövlətlərindən xeyli sayda tələbə Türkiyədə ali təhsil aldılar.

Türkiyə müstəqilliyimizi tanımaqla yanaşı o zaman ordu quruculuğu - hərbçilərə təlimlərin keçirilməsi istiqamətində də müəyyən işlər gördü. Amma birinci Qarabağ müharibəsi zamanı mülki əhalinin təxliyəsi üçün Azərbaycanın Türkiyədən iki helikopter ala bilmədiyini də gördük. Yəni belə dövr idi.

Ərdoğanın Türkiyənin lideri olandan sonra xarici və daxili siyasətində getdikcə milliləşmə elementinin getdikdə sürətləndiyini gördük.  Türkiyəni üç qitəyə hakim olan Osmanlı imperiyasının davamçısı olan dövlət kimi mədəni və tarixi çoğrafiyaları ilə daha sıx əlaqələr qurduğunu gördük.

Türkiyənin istər Libiyada və Suriyada, istərsə də, Qarabağ məsələsində dik duruşunu Ərdoğanın hakimiyyət dövründə, onun “Dünya 5-dən böyükdür” deyimi ilə ədalətli dünya nizamı üçün çalışdığını gördük.

Əlbəttə, Azərbaycan və Türkiyə liderlərinin, Ərdoğanla Əliyevin dostluğu qardaş ölkələrin strateji birliyinin daha da dərinləşməsinə gətirib çıxardı. Bu məsələdə Ərdoğanın mühüm rolu vardır. Türk və islam dünyası ilə əlaqələr gücləndirdi, qardaşlıq mühiti formalaşması istiqamətində, ortaq güc üçün addım atdı. Biz bunu şahlanışını 44 günlük Vətən müharibəsində gördük. Ərdoğan “Qarabağ məsələsi Azərbaycanla yanaşı Türkiyənin məsələsidir”,  “Üçüncü qüvvə Qarabağa müdaxilə edərsə, Türkiyə Azərbaycana dəstək üçün ordu belə göndərməkdən çəkinməyəcək” dedi.  Qısa və konkret şəkildə desək ki, Türkiyə Azərbaycanın yanında olduğunu Ərdoğanın hakimiyyəti dövründə gördük. Şuşa bəyannaməsi ilə Türkiyə-Azərbaycan münasibətləri elə səviyyəyə gəlib çatdı ki, tək dövlət, tək ordu moduna keçirilə biləcəyini də gördük. Bu, hər iki dövlətin və prezidentin uğurudur.

-“Dünya 5-dən böyükdür” deyən, türk dövlətlərinin təşkilatlanması sahəsində müəyyən işlər görən, Rusiya-Ukrayna müharibəsində vasitəçilik edən və taxıl problemini həll edən Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin xarici siyasətini necə dəyərləndirirsiniz?

-Türkiyə milli gündəmilə güclənən dövlətdir. Ərdoğanın apardığı siyasət nəticəsində çoxqütüblü dünyada türk dünyası ilə birlikdə Türkiyə güc mərkəzlərindən biri olmaq istiqamətində də imkanlarını artırdı.

İstər Balkanalarda, Yaxın Şərqdə, Aralıq və Qara dəniz hövsəsində, istərsə də Cənubi Qafqaz və Orta Asiyada bir oyunçu kimi türk dünyası ilə birlikdə güc inşa etdi.    

Türkiyə Qərbin çox istəməsinə baxmayaraq, Rusiya ilə qarş-qarşı gələn siyasət aparmadı, öz maraqlarını mərkəzdə tutdu, hətta Qərblə Rusiya arasında balanslaşdırma siyasəti apararaq tərəflər arasında kritik məsələlərdə vasitəçilik etdi.  Rusiya-Ukrayna müharibəsi zamanı dünyanı narahat edən “Taxıl dəhlizi” məsələsində və əsirlərin dəyişdirilməsində rolu olan Türkiyənin vasitəçiliyi həm Ukrayna, həm də Rusiya tərəfindən yüksək dəyərləndirildi.  Beləliklə, öz gündəmi, sözü olan humanizmdən yana bir siyasət izləyən güc kimi Türkiyə Ərdoğanın dövründə gücləndi və ön plana çıxdı.

-Türkiyənin milli valyutası kəskin dəyərdən düşəndən sonra inflyasiya artmağa başladı. Bu il fevralın 6-da Türkiyənin cənub-şərqində güclü zəlzələ baş verəndən sonra cəmiyyətdə gərginlik nisbətən artdı. Türkiyənin daxili siyasəti haqqında nə düşünürsünüz?

-Türkiyədə iqtisadi problemlər hər zaman olub. İnflyasiya, koronavirus dünyada hər ölkəni təsirləndirdi və Türkiyədən də yan keçməyib. Zəlzələnin baş verməsi də Türkiyənin iqtisadiyyatına təsirsiz ötüşmədi.

Qardaş ölkə yüksək texnologiyalar və sənayeləşmə prosesini sürətlə həyata keçirir. Türkiyə enerji mərkəzlərindən biri olması istiqamətində də addımlar atır. Mədən aram gəmilərilə Aralıq və Qara dənizlərində neft və qaz yataqlarını araşdırılır. Ciddi miqdarda da qaz yataqları tapılıb. 2023-cü ildə bu enerjinin daxili bazara ötürülməsi planı var.

Türkiyənin iqtisadi problemlərinin başında idxal və ixcar balnasının pozulması da dayanır. İdxal səviyyəsinin artdığını görürük. Bunun əsas səbəblərindən biri də Türkiyənin neft və qaz idxalını artırması, xaricə bağlı olmasıdır.  Öz imkanları daxilində ölkəsinin neft və qazla təmin etsə, Türkiyədə idxal-ixrac balansında tarazlıq müşahidə olunacaq.

Qardaşı ölkənin yüksək texnologiyalar sahəsində inqilabi addımları davam edir. “TOGG” markalı elektrik avtomobilinin isehsalı, müdafiə sənayesində ciddi həmlələrin olması ixracatın da artmasına gətirib çıxaracaq.  

Unutmayaq ki, ticarət zəncirlərinin qopduğu dünyada Türkiyə Avropaya ərzaq, tekstil və avtomobil ehtiyat hissələri kimi məhsulları ixrac edən səviyyəyə gəlib çatıb. Yəni Türkiyə iqtisadiyyatında müsbət tendensiyalar da var.   

-Türkiyənin müdafiə sənayesi şirkətləri tərəfindən istehsal olunan müxtəlif pilotsuz quru və hava vasitələri, zirehli avtomobil platformaları, silah sistemləri ölkəmizdə və dünyada məşhurdur. Bu barədə Sizin fikirləriniz maraqlıdır.

-Müdafiə sənayesi məsələsi ölkənin müstəqiliyi məsələsidir. Qardaş ölkə cümhuriyyətin ilk dövründə müdafiə sənayesi sahəsində çox ciddi yatırımlar etdi. Amma Türkiyə NATO-ya üzv olduqdan sonra milli müdafiə sənayesinin önünə keçdilər, bu sahənin inkişafına imkan vermədilər. Ərdoğanın ən böyük xidmətlərindən biri də məhz milli müdafiə sənayesi şirkətlərinin fəaliyyət göstərməsinə imkanlar yaratması və dəstək verməsidir.

“Baykar” şirkətinin PUA-ları, “Qızıl alma”sı, uzaq mənzilli raketlər sınadığını və istehsal etdiyini görürük. Hər sahəsində elektronlaşmanın inkişaf etdiyini də qeyd etmək lazımdır.

Təəssüf ki, müxalifət tərəfindən Ərdoğanın dövründə görülən inqilab sayılacaq işlər görməməzlikdən gəlinir. “Altılı masa”nın təmsilçisi olan Əli Babacanın türk dünyasının qüruru halına gələn “Baykar”la bağlı açıqlamaları da heç xoş qarşılanmır. Bu muxalifət birliyinin açıqlamaları türk dünyasında, Qarabağla bağlı məsələlərdə insanlarda tərəddüd yaradır. “Altılı masa”dan türk dünyasına dəstəklə bağlı açıqlamalar görmürük.

Elm və texnologiya sahəsində Bayraqdar ailəsinin gördüyü işlər təqdirə layiqdir. Vətənə sevgi və xidmət, türk dünyasına sadiqliyi baxımından uğurlar önəmlidir. Bayraqdar ailəsi türk dünyasının qüruru olan dünya markasıdır.

-Hazırda dünyada Türkiyənin ilk yerli və milli elektromobilindən danışırlar. Aprelin 4-də sözügedən “TOGG” avtomobili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. Avtomobil sənayesi sahəsində işlərini necə qiymətləndirirsiniz?

-Qardaş ölkə eletrik avtomobil sahəsində “TOGG”u ortaya qoydu. Gələcək elektrik avtombillərindir.  Beləliklə, gələcəyin yarışında Türkiyə “mən də varam” demiş oldu. “TOGG”un, “Qızıl alma”nın maketinin Azərbaycan prezidentinə təqdim edilməsi olduqca önəmli mesajdır. PUA-lar sahəsində dünyada qabaqcıl yerlərində olan Türkiyə mülki sənaye sahəsində uğurlar əldə edəcək. Bunu görməmək mümkün deyil. Türkiyənin uğurları türk dünyasının uğurudur. Lokomativdir, çoğrafi olaraq da türk dünyasının ən mühüm ölkəsidir, ilham qaynağıdır.

“Baykar” ən müasir müdafiə sənayesi məhsullarını öz ölkəsindən sonra birinci Azərbaycanda tanıdır, təqdim edir. Bu da Azərbaycan-Türkiyə qardaşlığının nə qədər güclü olduğunu göstərir. Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycan tərəfindən də istifadə olunur. İnkişaf və inteqrasiya baxımından Ərdoğanın həmlələrini görmək və dəyərləndirmək lazımdır.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

28 Mart 2024