Pakistan hökuməti İqtisadi Məsələlər Nazirliyinin “X” sosial şəbəkəsindəki rəsmi hesabının sındırıldığını və Hindistanın “Sindur” əməliyyatı nəticəsində dəyən itkilərə görə beynəlxalq ictimaiyyəti İslamabada əlavə kreditlər verməyə çağıran paylaşımın saxta olduğunu bildirib.
Bu barədə Bakıvaxtı.az Pakistanın “Business Recorder” nəşrinə istinadən xəbər verir.
“Bu paylaşımın nazirliyə heç bir aidiyyəti yoxdur və saxtadır. Hazırda “X” sosial şəbəkəsində yerləşdirilən heç bir paylaşımın nazirliklə əlaqəsi yoxdur”, - qurum nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, hesab mayın 8-i axşam saatlarında sındırılıb.
Xatırladaq ki, Pakistanda “X”ə giriş 2024-cü ilin fevral ayından məhdudlaşdırılıb və yalnız mayın 7-də bərpa edilib. Buna qədər istifadəçilər platformaya yalnız VPN vasitəsilə daxil ola bilirdilər.