• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ermənistan Azərbaycanın yaratdığı şansdan yararlanmaq istəmirsə... - Millət vəkili ilə MÜSAHİBƏ

MÜSAHİBƏ

15 Fevral 2023 | 16:25

Ermənistan Azərbaycanın yaratdığı şansdan yararlanmaq istəmirsə... - Millət vəkili ilə MÜSAHİBƏ

Millət vəkili Elşad Mirbəşiroğlu Bakıvaxtı.az-a müsahibə verib.

- Bu gün regionda nə baş verir?

- Bütövlükdə dünyada çox ciddi proseslər cərəyan edir. Bildiyimiz kimi, Sovet İttifaqının süqutundan sonra dünya düzəninin yenidən formalaşması prosesi başladı. Həmin dövrdə əsasən ikiqütblü dünya mövcud idi. Bir qütbün başında SSRİ, digərində isə ABŞ dayanırdı. İkinci Dünya Müharibəsi bitdikdən sonra bu iki güc arasında barışmaz mübarizə başladı. 1946-cı ildə Böyük Britaniyanın baş naziri Uinston Çörçilin nitqini xatırlatmaq istəyirəm. Çörçilin sözügedən nitqi ilə Qərblə və SSRİ arasında “soyuq müharibə” başladı. Bu 1991-ci ildə Berlin divarlarının yıxılmasına qədər davam elədi. Təbii ki, SSRİ-nin süqutu beynəlxalq münasibətlər fonunda yeni reallıqlar formalaşdırdı.

Bundan sonra ABŞ-ın rəhbərliyi altında birqütüblü dünyanın əlamətləri görünməyə başladı. Lakin bu da uzun sürmədi. Çünki dünyada başqa inkişaf etmiş ölkələr də var idi və geosiyasi maraqlarını müdafiə etməyə çalışırdı. Onlar bu maraqlardan irəli gələn addımlar atırdı. Buna misal olaraq Çini göstərə bilərik. Hazırda göstəricilərinə görə Çin iqtisadiyyatı dünyanın birincisi hesab oluna bilər. Zaman keçdikcə Rusiya da öz resurslarını, gücünü bərpa etdi. Onun da müxtəlif geosiyasi maraqları var idi. Bu maraqların müdafiəsi uğrunda da Çin, Rusiya, Hindistan, qardaş Türkiyəni də göstərmək olar. Artıq regional güc çərçivəsindən əhəmiyyətli dərəcədə çıxmaqdadır. Bütün bunlar yeni dünya düzənini formalaşdırılmasını şərtləndirdi.

Tarixə diqqət yetirsək görərik ki, yeni dünya düzəninin formalaşdırılması həmişə müxtəlif kataklizmlərlə müşahidə olunur. Məsələn, siyasi, iqtisadi, hətta idarəolunan olmasa da, sanki təbiət də bu kataklizmlərin içərisinə qatılır. Ona görə də hazırkı müasir zaman gərgin dövrdür. Dünya ölkələrinin əksəriyyətində iqtisadi resessiya olmaqdadır. Qərblə Rusiya arasındakı qarşıdurma bütövlükdə dünyaya çox ciddi təsir göstərməkdədir. Bu mənada Cənubi Qafqazda baş verən hadisələr dünyada cərəyan edən proseslərdən kənar düşünülə bilməz. Birincisi, Cənubi Qafqaz öz-özlüyündə mürəkkəb regiondur. Bu regionun mürrəkəbliyini səciyyələndirən başlıca amil ondan ibarətdir ki, dünyanın müxtəlif güc mərkəzləri burada özlərinin müxtəlif geosiyasi və geoiqtisadi maraqlarını təmin etməyə çalışırlar. Bu maraqlar da barışmaz maraqlardır. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz özünün münaqişə potensialına görə digər regionlardan fərqlənir. Bu da regionda təhlükəsizliyə çox ciddi təhdid yaradır. Diqqət yetirsək görərik ki, bəlkə də uzun əsrlər Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək çox çətin olub. Ümumiyyətlə, təhlükəsizlik sistemi anlayışı meydana gəldiyi dövrdən də Cənubi Qafqazda bu sistemi qurmaq qeyri-mümkün olub. Ona görə ki, burda həddindən artıq kəsişən maraqlar mövcuddur. Buna görə də, bu regionda təhlükəsizliyin və sülhün təmin olunmasını istəyən dövlətlər demək olar ki, yoxdur. Təbii ki, regionun lokamativ ölkəsi olaraq Azərbaycanı istisna edirəm. Çünki böyük güclər istəyirlər ki,bu regionda münaqişələr olsun. Münaqişələr onlara ona görə lazımdır ki, Cənubi Qafqazda öz mövcudluqlarını təmin etməyə imkan verir. Ermənistan 30 il Azərbaycan torpaqlarını işğal altında saxladı və əsasən Qərb dövlətlərinin iştirakçılığı ilə yaradılmış ATƏT-in Minsk qrupu heç bir fəaliyyət göstərmədi. Çünki Minsk qrupu üçün münaqişənin aradan qalxması maraqlı deyildi. Onlar üçün prioritet münaqişə vəziyyətinin maksimum uzun müddətdə qalması idi. Onlar münaqişəni ona görə idarə edirdilər ki, uzun müddət qalsın. Azərbaycan Prezidenti İlham Əliyev onlara xəbərdarlıq formasında bildirirdi ki, biz nəticəsiz danışıqları sonsuzadək davam etdirməyəcik və danışıqlar nəticə verməsə, torpaqlarımızı hərbi yolla azad edəcik. Biz bu cür də etdik. Prezidentimiz dedi və etdi. Biz gördük ki, Minsk qrupu sadəcə olaraq imitasiyalarla məşğuldur. Bu gün Azərbaycan Prezidentinin strateji baxışları, ordumuzun gücü sayəsində Cənubi Qafqazda yeni siyasi və geosiyasi konfiqurasiya formalaşdı. Ona görə də indiki şəraitdə dünyada çox mürəkkəb proseslər cərəyan etməkdədir.

Bəzi güclər Cənubi Qafqazda münaqişəsiz vəziyyətin bərqərar olmasında maraqlı deyillər. Məsələn, Fransa da, ABŞ da cəhd göstərdi ki, Minsk qrupunu reabilitasiya etsinlər. Çünki onlar müaqişəsizlik vəziyyəti ilə barışmaq istəmirlər. Onlar sanki “münaqişə davam edir” təəssüratını formalaşdırmağa çalışırdılar. Bir daha qeyd etmək istəyirəm ki, Cənubi Qafqazda təhlükəsizlik və sülh məsələsi yekun olaraq öz həllini tapmasa da, bu istiqamətdə addımların atılması üçün tarixi şərait yaranıb. Maraqlı qüvvələr bu şəraiti aradan qaldırmağa çalışır. Məsələn, Avropa və Fransa parlamenti 2020-ci ildən bu yana dəfələrlə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib. Avropa İttifaqı Ermənistana uzunmüddətli müşahidə missiyası göndərir. Halbuki belə bir missiyanın regiona göndərilməsinə heç bir ehtiyac yoxdur. Çünki Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfi bütün ilkin şərtləri formalaşdırıb. Görünən odur ki, Qərb Rusiya ilə münasibətlərini həm də Cənubi Qafqaz üzərindən aydınlaşdırmağa çalışır. Bu da region üçün çox təhlükəlidir. Yəni Qərb Cənubi Qafqaz regionunda Rusiyaya qarşı növbəti plasdarm düzəltməyə çalışır.

Baxın, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasının aparılması sülhə aparacaq əsas yoldur. Bunun üçün bütün ilkin baza mövcuddur. Məsələn, ötən il Praqada keçirilən görüşdə tərəflərin dəstəklədiyi mövqe ondan ibarət oldu ki, münasibətlərin normallaşdırılmasında, sərhədlərin delimitasiyasında 1991-ci il dekabr ayında imzalanmış Alma-Ata deklarasiyasına istinad olunsun. Bu sualı Avropaya ünvanlamaq lazımdır: Alma-Ata deklarasiyasına razısansa, sərhədlərin delimitasiyasına dəstək olmaq üçün əlavə missiyaya ehtiyac varmı? Yox. Çünki Alma-Ata deklarasiyasında açıq-aydın göstərilir ki, keçmiş ittifaq respublikalarının sərhədləri toxunulmazdır. Bildiyiniz kimi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tarixi torpaqları olmaqla, Azərbaycanın sərhədləri daxilində idi. Bu gün əgər o deklarasiyaya istinad olunursa, Ermənistan bununla razıdırsa, bu, həm də o anlama gəlir ki, o, Qarabağla bağlı əsassız iddialardan əl çəkmiş olur. Göründüyü kimi, Ermənistanın davranışları paradokslarla məşğuldur. Bu paradokslaşmada Avropa da Ermənistana yardım edir. Bütün imkanlar mövcuddur, amma sülh sazişinin imzalanması prosesi uzadılır.

- Sülhdən söhbət açmışkən, sizin fikrinizcə, bu il Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı varmı?

- Mən düşünürəm ki, Brüssel görüşləri intensiv keçiriləndə obyektiv olaraq, belə bir ümid meydana gəldi. Çünki artıq tərəflər intensiv görüşürdü, həm də Avropa İttifaqının Prezidenti Şarl Mişel də Azərbaycanın irəli sürdüyü şərtlərlə razıdır. Həmçinin Ermənistanda bu sülh şərtlərini aldıqlarını bildirirdilər. Bunun ardınca isə, Praqada görüş keçirilir və bu görüşdə Fransanın prezidenti Makron da iştirak edir. O Fransa ki, açıq-aşkar anti-Azərbaycan mövqe tutur. Yəni, Fransa rəhbərliyinin qəbul etdiyi qətnamələrə diqqət etsək görərik ki, konkret olaraq Azərbaycan ərazisində olan separatizmi dəstəkləyir. Yəni, belə olan halda Fransanın iştirakçılığı ilə hansısa müsbət nəticəyə gəlmək olarmı? Elə Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq da Fransa münaqişənin bitməsinin qarşısını almaqla məşğul idi. Niyə? Ona görə ki, zaman keçsin, beləliklə ermənilər işğal altında saxladığı torpaqların statusunun hüquqi mənsubiyyətini dəyişmək üçün hansısa əsaslar qazanmış olsun. Amma Azərbaycan Prezidenti, Azərbaycan ordusu bütün bunların qarşısını aldı. İndiki şəraitdə də Praqa görüşü belə bir təsəvvür yaratdı ki, Brüssel görüşləri də ona hesablanmışdı ki, Azərbaycanın başlatdığı sülh prosesi dayansın. Praqa görüşü zamanı iki aylıq missiyanın hər iki ölkəyə göndərilməsi müzakirə olunanda, Azərbaycan Prezidenti buna razılıq vermədi. Amma o zaman dedilər ki, bu missiya qısamüddətli olacaq. Lakin missiya Ermənistana gəldikdən sonra başladılar daha uzunmüddətli missiyanın göndərilməsi ilə bağlı müzakirələr aparmağa. Bu missiyanın müddəti iki illik olacaq. Bu o anlama gəlir ki, Azərbaycan və Ermənistan arasında bu iki il müddətində sülh sazişi imzalanmayacaq. Adını da qoyacaqlar ki, missiya davam edir. Təki mən yanılım, amma məncə belə olacaq.

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, missiyanın tərkibində Fransanın jandarmaları davam edəcək. Belə bir sual ortaya çıxır: Bu mülki missiyanın sürətlə hərbi missiyaya çevrilmək ehtimalı varmı? Mənə elə gəlir ki, ola bilər. Ayrıca olaraq da, Ermənistan siyasi dairələri daha intensiv Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Gümrüdəki Rusiya hərbi hissəsinə qarşı çıxışlar etməyə başlayıb. Hətta Paşinyan çıxışlarından birində dedi ki, Gümrüdəki Rusiya hərbi hissəsi Ermənistanın təhlükəsizliyinə təhdiddir. Bu təlimatlar Qərbdən gəlir. Paşinyan bir alət kimi istifadə olunmaqdadır. Bir daha vurğulamaq istəyirəm ki, Cənubi Qafqaz xalqları üçün çox böyük təhdid və təhlükə yarada bilər. Əgər münaqişədə tərəflər arasında bir vasitəçi iştirak edirsə və o vasitəçi problemin həlli istiqamətində müsbət nəticə əldə edirsə, bu, onun avtoritetinə yaxşı təsir göstərəcək. Rusiyanın vasitəçiliyi ilə birgə bəyanat imzalandı. O bəyanatlar bizim maraqlarımıza cavab verdi. Məsələn, sözügedən bəyanatın 9-cu bəndində Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasının arasında Zəngəzur dəhlizinin açılması məsələsi öz ifadəsini tapdı. Bu, ölkə prezidentinin çox böyük diplomatik qələbəsi idi. Çünki Zəngəzur dəhlizinin açılması, bizim gələcəkdə böyük bir coğrafiyada təsir imkanlarımızı təmin edəcəkdi. Zəngəzur dəhlizi gələcəkdə həm Şimal-Cənub nəqliyyat dəhlizini, həm tarixi İpək yolunun çox mühüm seqmentinə çevriləcəkdi. Baxın, Azərbaycanın təsir gücü nə qədər artacaqdı. Əlavə olaraq, bu dəhliz qardaş Türkiyə üzərindən Avropa bazarlarına unikal bir çıxış verəcəkdi. Bu, həm də o deməkdir ki, bizim Avropa bazarlarına təsir etmək imkanımız yaranacaqdı. Qərbin yanaşması isə tamam əksdir. Qərb istəyir ki, Azərbaycan və Ermənistan arasında münaqişənin həlli baş tutmasın. Çünki Qərb Rusiyanın vasitəçi kimi uğur qazanmasını istəmir. Qərbin Rusiyaya hərtərəfli hücumlarından biri də, Ermənistan vasitəsi ilə Cənubi Qafqaz istiqamətindədir. Bu baxımdan da, Azərbaycanın iradəsi və Rusiyanın da iştirakı ilə başladılmış sülh gündəliyini Qərb missiya göndərməklə, açıq-aydın əngəlləmiş oldu.

- Siz belə ehtimal edirsiniz ki, sülh sazişi hələ iki il müddətində imzalanmayacaq. Azərbaycan buna qarşılıq hansı adekvat cavab tədbiri görməlidir?

- Mən hesab edirəm ki, Azərbaycan Prezidenti strateji uzaqgörənliyə malik dünyanın tək-tək liderlərindəndir. Biz hər mövqemizdə aydın nümayiş etdiririk ki, heç kim bizi yolumuzdan saxlaya bilməz. Yəni, 30 il müddətində Ermənistana çox dəstək olundu. Biz hər zaman müşahidə edirdik ki, Fransa höküməti, parlamenti rəsmi Bakının izni olmadan qondarma cinayətkar rejimin yerləşdiyi tarixi torpaqlarımıza səfərlər edirdilər. Hətta Fransa qondarma rejimlə müqavilə də imzalamışdı, sonradan Azərbaycanın iradəsi ilə onlar öz hüquqi qüvvəsini itirdi. Hər zaman da münaqişə vəziyyəti ilə bağlı beynəlxalq instansiyalar qeyri-obyektiv mövqe sərgilədilər. Münaqişənin həll olunması ilə bağlı deyil, idarə olunması istiqamətində addımlar atırdılar. Bütün bunlara baxmayaraq, ölkə Prezidenti hərbi yolla torpaqlarımızın işğaldan azad olunması üçün olduqca uğurlu siyasi platforma formalaşdırdı. Yenə də Azərbaycan Prezidenti sayəsində bütün beynəlxalq dairələrdə münaqişənin tənzimlənməsi ilə bağlı səsləndirilən başlıca prinsip ondan ibarət idi ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Belə mövqenin formalaşması bizim hərbi qələbəmizin çox mühüm siyasi komponentini təşkil edirdi. Bunun ardınca, hərbi gücümüz imkan verdi ki, biz qısa zaman kəsiyində torpaqlarımızı işğaldan azad edək. Bu, Azərbaycanın həm də güc mövqeyinin formalaşdırılmasını şərtləndirdi. Yəni, Prezident çıxışlarında bunu qeyd edir ki, biz qələbəmizi qazandıq, regionda yeni siyasi, geosiyasi vəziyyət formalaşdırdıq və indi isə bu qələbələrimizin nəticələrini beynəlxalq müstəvidə qəbul etdirmək üçün addımlar atmaqdayıq. 2020-ci ildən sonra Ermənistan dəfələrlə təxribatlaraəl atdı. Xüsusilə də, ötən ilin yayında, sentyabrında bu kimi hallar baş verdi. Lakin Azərbaycan bu təxribatların qarşısını qətiyyətlə aldı və bununla yanaşı da çox mühüm strateji yüksəkliklərimizdə nəzarəti təmin etdi. Azərbaycan daim Ermənistan və onun havadarlarına göstərir ki, bizimlə qarşı-qarşıya gələ bilməzsiniz. Bizim başlıca prioritetimiz ermənilərin də yaşadığı Azərbaycan torpaqlarında öz suverenliyimizi təmin edək. Biz indi də bu strategiyanı gerçəkləşdirməyik. Əgər Azərbaycan torpaqlarında yaşayan ermənilər Azərbaycan qanunlarına əməl etməkdən boyun qaçıracaqlarsa, yenə də həmin ərazilərdə təbii sərvətlərimizi cinayət yolu ilə talan edəcəklərsə, separatizmin ayaqda qalmasına rəvac verəcəklərsə, Azərbaycanın təhlükəsizliyinə təhdidlər formalaşdıracaqlarsa, biz BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, tam hüquqla öz təhlükəsizliyimizə təhdid yaradan halları hərbi yolla aradan qaldırmaq imkanındayıq. Ona görə də biz regionda çox geniş iqtisadi layihələri həyata keçiririk, işğaldan azad etdiyimiz ərazilərin simasını tamamilə dəyişdirməkdəyik və dünyaya da nümayiş etdiririk ki, Azərbaycan öz ərazisinin sahibidir. Dünyanın heç bir coğrafiyasında belə bir şey müşahidə olunamyıb. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə artıq üçüncü hava limanının açılışına hazırlaşır. Qısa zaman kəsiyində, kənardan heç bir resurs cəlb etmədən iki hava limanının açılışını etdik. Bu, Azərbaycanın gücünün, gələcəklə bağlı əminliyinin göstəricisidir. Ona görə də, biz ermənilərə təklifimizi etmişik. Onlar Azərbaycan Konstitusiyasının qanunlarına əməl edərək Azərbaycan torpaqlarındakı mövcudluğunu davam etdirə bilərlər. Bütün dünya gözəl bilir ki, Azərbaycan ərazisindəki xalqlar tam təhlükəsizlik şəraitində, sərbəst yaşamaqdadır. Boş yerə deyilmir ki, Azərbaycanın multukultural modeli ən effektiv modeldir. Azərbaycan ərazisindəki xalqlar arasında heç bir ayrıseçkiliyə yol verilməyib, hamı bərabərdir. Ona görə də biz ermənilərin bütün arqumentlərini əlindən almışıq. Biz bunu xüsusi addımlarla yox, təbii vəziyyətimizlə etmişik. Vaxtilə Ümumilli lider Heydər Əliyev demişdi ki, Azərbaycan ərazisində yaşayan müxtəlif etnik xalqlar bizim milli sərvətimizdir. Bu cür humanist, insani yanaşmadan sonra, kim Azərbaycan əraizisndə yaşayan xalqların hüquqlarının pozulması ilə bağlı iddialar irəli sürə bilər? Heç kim. Azərbaycandakı mənzərə göz önündədir.

Hesab edirəm ki, biz çox qısa zaman kəsiyində bütün sərhədlərimiz boyunca suverenliyimizi təmin edəcik. Ermənistan və onun havadarlarının hansı mövqe tutması bizə maraqlı deyil.

- Zəlzələdən sonra qardaş Türkiyəyə ilk yardım edən Azərbaycan oldu. Bəzi ölkələrin parlament üzvləri Türkiyəyə yardımla bağlı qərar imzalayanda, Azərbaycan deputatları ilk gündən öz vəsaitləri hesabına yardım kampaniyasına qoşuldular. Bu barədə nə deyə bilərsinz?

- Türkiyənin kədəri Azərbaycan cəmiyyətinin bütün üzvlərinin kədəridir. Azərbaycan xalqı qardaş Türkiyənin yanında olduğunu sözdə deyil, əməlində də göstərdi. Buna görə də, ilk yardımı dostluq, qardaşlıq, müttəfiqlik münasibətlərimizə uyğun olaraq, Azərbaycan dövləti nümayiş etdirdi. Kifayət qədər qısa zaman ərzində bütün gərəkən addımlar dövlətimiz tərəfindən atıldı. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə səfirliyində oldu, orda matəm kitabında ürək sözlərini yazdı. Cənab Prezident bildirdi ki, Azərbaycan dövləti, xalqı qardaş ölkənin yanındadır. Ayrıca olaraq da hər bir Azərbaycan vətəndaşı əlindən gələn dəstəyi öz vəsaiti hesabına qardaşlarından əsirgəmədi. Bu gün də 22-24 sayda iri maşınlarla Türkiyəyə yardımlar göndərilir. Təbii ki, hər bir Azərbaycan vətəndaşı qardaş ölkənin yanında olmağı özünə borc bilir.

Eləcə də, Azərbaycan parlamentinin üzvləri çeviklik göstərərək, həm fərdi, həm bütövlükdə Milli Məclisin təşkilatçılığı ilə əlindən gələn yardımı göstərdi. Milli Məclis 40 keyfiyyətli elektrik generatoru qardaş Türkiyəyə göndərdi. Bunun özü indiki şəraitdə çox böyük bir dəstəkdir.

Ayrıca olaraq, Azərbaycanda digər qurumlar da ilkin tələbat mallarını, isti geyimləri, dərman və tibbi ləvazimatları, çadırları Türkiyəyə çatdırdılar. Bu proses bu gün davam etməkdədir.

Bildiyiniz kimi, mayın 14-də Türkiyədə Prezident seçkiləri keçiriləcək. Zəlzələnin yaratdığı fəsadlarla bağlı seçki vaxtının uzadılması gözlənilirmi?

- Seçkilərin taleyi ilə bağlı Türkiyə mediasında müxtəlif fikirlər yayılmaqdadır. Amma rəsmi olaraq seçkilərin vaxtının dəyişdirilməsi ilə bağlı məlumat yoxdur. Bu da ona dəlalət edir ki, ilkin mövqe bu gün qüvvəsindədir. Nəzərə almaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğan hakimiyyəti də olduqca ciddi fəallıqla, çevikliklə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində keyfiyyətli fəaliyyət həyata keçirməkdədir. Dünyanın dörd bir yanından Türkiyəyə dəstək verilir. Hesab edirəm ki, bu, həm Türkiyəyə, həm də Ərdoğana olan münasibətin göstəricisidir. Yəni, Türkiyəni dünya ölkələri ilə Ərdoğan qədər yaxınlaşdıran ikinci türk lideri olmamışdı. Türkiyənin bu gün dünya səviyyəsində yüksək nüfuzunun şahidiyik. Bu baxımdan hesab edirəm ki, zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində də gərəkən bütün səmərəli addımlar atılacaq.

Bir şeyi də qeyd etmək lazımdır ki, Qərb dairələri Ərdoğanın iqtidarına qarşı uzun illərdir açıq cəbhə açıblar. Türkiyədə parlamentli respublikadan prezidentli respublikaya keçidi Qərb süngü ilə qarşıladı. Çünki parlamentli respublika olanda Qərb dairələri müxtəlif siyasi qüvvələr vasitəsi ilə Türkiyənin siyasətinə təsir edə, onu yönləndirə bilirdi. Təbii ki, zəlzələ amilindən də istifadə edərək, seçkilər zamanı Ərdoğanın mövqelərinin zəiflədilməsi istiqamətində cəhdlər görünməkdədir. Onsuz da türk lirəsinin dəyərsizləşdirilməsi də elə, Qərbin Türkiyəyə yönəlik mübarizəsinin nəticəsi idi. Düzdür, qlobal müstəvidə iqtisadi böhran müşahidə olunmaqdadır, amma bu mənada Qərb xüsusilə bu istiqamətdə çalışırdı ki, Türkiyə iqtisadiyyatı maksimum zərər görsün.

Seçkilərdə kimin qalib olacağını düşünürsünüz?

- Qeyd etdiyim kimi, Qərb müxtəlif yollarla Ərdoğan iqtidarına qarşı mübarizə aparıb, onun elektoral bazasını itirməsini istəyirlər. Lakin Türkiyə cəmiyyəti kifayət qədər ayıq-sayıqdır, hadisələrin, proseslərin gedişini, məntiqini dərk edir. Sözsüz ki, onlar Ərdoğan hakimiyyətinin Türkiyənin güclənməsi istiqamətində vermiş olduğunu töhfəni real qiymətləndirirlər. Bu baxımdan hesab edirəm ki, seçkilərdə Ərdoğan qalib olacaq.

Ərdoğan xaricində digər namizədlərdən birinin qalib olacağını düşünsək, Türkiyə-Azərbaycan münasibətləri başqa səviyyəyə daşına bilərmi?

- Burda Ərdoğanın qarşısına çıxacaq namizədin kimliyi məsələsi önəmli rol oynayır. Bununla bağlı Türkiyədə “altılı masa” deyilən müxalifət birləşməsi var. Bu “altılı masa” hələlik öz aralarında vahid namizədlə bağlı qərara gələ bilməyiblər. Bu, hər şeydən öncə onun göstəricisidir ki, burda ciddi fikir ayrılığı mövcuddur. Ayrıca olaraq da, Qərbin “altılı masa”ya təsir imkanları da mövcuddur. Əgər bu “altılı masa”dan kimsə iqtidara gəlsə, Türkiyənin xarici siyasətində ciddi dəyişiklik edəcəklər. Bir daha xüsusi vurğulamaq istəyirəm ki, mən hazırda Türkiyədə Ərdoğanın qarşısına çıxa biləcək müxalif lider görmürəm.

O ki qaldı Azərbaycana münasibətə, əlbəttə, Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan və Türkiyə arasındakı münasibətlər özünün ən yüksək inkişaf nöqtəsinə çatdı. Ayrıca qeyd etmək lazımdır ki, 2002-ci ildən, yəni Ərdoğan hakimiyyətinin iqtidara gəldiyi vaxtdan, Türkiyə ilə Azərbaycan arasında münasibətlər sürətlə inkişaf etdi. Qeyd etmək lazımdır ki, hərbi-texniki əməkdaşlıq sahəsində iki qardan ölkə arasında əməkdaşlığın xüsusi bir istiqaməti özünü büruzə verdi. Ən nəhayət, 2021-ci ildə iki ölkə arasında Şuşa Bəyannaməsi imzalandı. Yəni, Türkiyə və Azərbaycan arasındakı münasibətlər onsuz da ən yüksək mərhələdə idi, Şuşa Bəyannaməsi isə onu rəsmi müstəviyə qaldırdı. Bu baxımdan hesab edirəm ki, Azərbaycan və Türkiyə münasibətlərinin hazırki xarakterində qalmasını Ərdoğan iqtidarı davam etdirə bilər. Gələcəkdə isə vəziyyət fərqli olsa, Qərbin təsirləri çox olacaq. Yəni, onlar vəziyyəti necə görmək istəyərlər, həmin vəziyyət bizim xeyirimizə və ya ziyanımıza olacaqmı, bunları demək çox çətindir. Amma dəyişməz olan bir şey var, Azərbaycan və Türkiyə xalqları “bir millət” konseptinə həmişə uyğun davranacaqlar. Yəni, bu qəlblərdəki birliyi heç bir siyasi reallıq dəyişə bilməz.

İran-Azərbaycan münasibətinə də toxunmaq istəyirəm. Tehranda səfirliyimizə qarşı teraktdan sonra deputatların iranlı həmkarları ilə ünsiyyəti olubmu?

- Mən də Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüyəm, amma İran parlamentinin üzvləri ilə heç bir təmaslarımız olmayıb. Diqqət yetirsək görərik ki, demək olar, bütün müsəlman ölkələri təcavüzkar Ermənistanın Azərbaycana qarşı işağlçılıq siyasətini, torpaqlarımızı işğal altında saxlamasını hər zaman qətiyyətlə pisləyib. Amma İran bircə dəfə də olsa, Ermənistanın Azərbaycan torpaqlarını işağl altında saxladığını dilə gətirməyib. Bu, təbii ki, Azərbaycan cəmiyyətində təəssüf hissi oyadıb. Necə ola bilər ki, qonşu dövlət, müsəlman ölkəsi Ermənistanın Azərbaycan xalqına qarşı qanlı terror törətməsinə biganə münasibət bəsləsin. Bu təəssüf hissi, bu gün azərbaycanlıların qəlbində mövcuddur. İranın bu mövqeyi başadüşülən deyil. Biz Qərb dövlətlərindən və institutlarından danışda qeyd etdik ki, onlar da heç vaxt bu istiqamətdə obyektiv mövqe sərgiləmədilər.

Biz öz torpaqlarımızı işğaldan azad etdik. Hansı ki, o torpaqlarda olan məscidlərimizdə ermənilər donuz saxlayırdılar. Bu addımla onlar İslamı təhqir edirdilər. Bütün bunlar İranın gözü qarşısında baş verib. Həmin hadisələr baş verəndə biz öz ərazilərimizə gedə bilmirdik, amma İran rahat ayaq aça bilirdi, onları görürdü və münasibət göstərmirdi.

Biz həm də İslam dəyərlərini işğaldan qurtarmış olduq. İranın buna reaksiyası necə oldu? Sərhədboyu təlimlər keçirməyə başladı. Halbuki Ermənistanın işğalı altında olanda İran bir dəfə də olsun, orda təlim keçirməmişdi. İran bəyan edir ki, Ermənistanın təhlükəsizliyi, məhz onun təhlükəsizlik məsələsidir. Bəs İran niyə azərbaycanlıların təhlükəsizliyinə təhdid yaranan zaman belə reaksiya nümayiş etdirmirdi? Bu suallar cavabsız qalır.

Nəhayət, Tehrandakı səfirliyimizə terror hadisəsi oldu. Bu terrordan günlər öncə belə bir hadisənin baş verəcəyinin əlamətləri müşahidə olunurdu. Necə ola bilər ki, İran xüsusi xidmət orqanları bunları müəyyənləşdirib qarşısının alınması istiqamətində tədbir görməsin. O cinayətkar əlində silah içəri girəndə, səfirliyin binasını mühafizə edən İran polisi tam fəaliyyətsizlik nümayiş etdirirdi. Müəyyən zaman keçdikdən sonra o da cinayətkarın arxasınca səfirliyə daxil olub onun zərərsizləşdirilməsi istiqamətində iş görə bilərdi. Bu da Azərbaycan-İran münasibətinin xarakterinə təsir göstərir. İran bu teraktın arxasında kimlərin dayandığını müəyyənləşdirib üzə çıxarmalıdır. Yalnız bundan sonra biz İran-Azərbaycan münasibətlərinin gələcəyi barədə danışa bilərik.

- Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı Milli Məclisdə səsləndirilən fikirlərə münasibətiniz necədir?

- Məsələ burasındadır ki, Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb. Amma bildiyiniz kimi, Təbrizdə Azərbaycanın Baş Konsulluğu fəaliyyətinə davam edir. Bu da o deməkdir ki, İranla Azərbaycan arasında siyasi əlaqələr tam bitməyib. O ki qaldı parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyət gələcəyinə, deyə bilərəm ki, məsələ bu qrupun mövcud olub-olmamasında deyil, əsas odur, bu qrup formal olmasın. Bu baxımdan düşünürəm ki, qruplar parlamentlər səviyyəsində real işlər görsün. Lakin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ciddi fəaliyyəti də ortada yoxdur. Mən VI Çağırış deputatıyam, amma əvvəllər necə olub, deyə bilmərəm.

Sonda, regionda sülhün bərqərar olması üçün hansı addımlar atılmalıdır?

- Yenə də hər şeydən öncə burda təsirli addım Azərbaycana məxsus olacaq. Məsələyə Ermənistan-Azərbaycan münasibətləri konteksindən yanaşsaq, Azərbaycan özünü güc mövqeyini inkişaf etdirməkdədir. Biz heç nəyə məhəl qoymadan öz yolumuzda addımlamaqdayıq. Hesab edirəm ki, ermənilərin yaşadığı ərazilərimiz boyunca da suverenliyimizi təmin etməliyik. Digər məsələlər isə bizim üçün o qədər də prinsipial olmaya bilər. Biz sülh istəyirik. Əgər Ermənistan yaratdığımız şansdan yararlanmaq istəmirsə, bu, Ermənistanın öz işi yox, problemidir. Çünki Ermənistan 30 il torpaqlarımızı işğal altında saxlayaraq, regionda həyata keçirilən strateji layihələrdən uzaqda qoydu. Bundan sonra da Ermənistan özünü hər şeydən təcrid etmək istəyirsə, hazırki mövqeni davam etdirsin. Yox, əgər Azərbaycanın yaratmış olduğu şanslardan istifadə edib ölkəsində yeni vəziyyət formalaşdırmaq istəyirsə, bu şansdan yararlanmalıdır.

Nuranə Daxilqızı

 


SON XƏBƏRLƏR

24 Aprel 2024