Son dövrlərdə Rusiya Federasiyasında miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı həyata keçirilən hüquqazidd əməllər beynəlxalq ictimaiyyətin və insan haqları müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.
Bu hadisələr tək-tək insidentlərdən ibarət deyil, əksinə, sistemli və məqsədyönlü şəkildə həyata keçirilən diskriminasiya siyasətinin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Azərbaycanlı miqrantlara qarşı fiziki və psixoloji zorakılıqlar, qanunsuz həbslər, etnik mənsubiyyətə görə təzyiqlər, eləcə də Rusiya-Ukrayna müharibəsində iştirak etməyə məcbur edilmələri artıq adi hal almağa başlayıb. Bu cür hallar təkcə insan hüquqlarının kobud şəkildə pozulması deyil, eyni zamanda Rusiya Federasiyasının beynəlxalq öhdəliklərinə və hüquqi normalara açıq-aşkar ziddir. Mövcud vəziyyət göstərir ki, bu siyasət təkcə azərbaycanlılara deyil, ümumilikdə qeyri-rus mənşəli miqrantlara qarşı yürüdülən genişmiqyaslı və ayrı-seçkilik xarakterli münasibətin təzahürüdür. Məhz bu səbəbdən məsələ təkcə milli deyil, həm də beynəlxalq əhəmiyyət kəsb edir və onunla bağlı hüquqi və siyasi müstəvidə ciddi təhlil və tədbirlər tələb olunur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Rusiyada azərbaycanlı miqrantlara qarşı baş verən hüquqa zidd əməllər, təəssüf ki, ciddi narahatlıq doğuran hal kimi dəyərləndirilməlidir. Yaxın tarixə nəzər yetirdikdə görürük ki, son zamanlar azərbaycanlı miqrantlara müxtəlif səviyyələrdə qarşı yönəlmiş hüquq pozuntuları artmaqdadır. Burada fərq qoyulmur, istər Azərbaycan Respublikası vətəndaşı olub Rusiyada əmək fəaliyyəti ilə məşğul olan şəxslər, istərsə də Rusiya vətəndaşı olan etnik azərbaycanlılar eyni dərəcədə bu cür qanunsuz münasibətlərin qurbanına çevrilirlər. Bu, Rusiyada miqrantlara qarşı aparılan sistematik, ideoloji və ayrı-seçkilik yönümlü siyasətin göstəricisidir:
"Miqrantlara qarşı bu münasibət, xüsusilə də bəzi siyasi dairələr tərəfindən təşviq edilən şovinist və imperiya zehniyyətindən qaynaqlanır. Bu isə nəticə etibarilə irqi və etnik mənsubiyyətə görə diskriminasiya kimi özünü büruzə verir. Belə davranışların heç biri insan hüquqlarının təməl prinsiplərinə uyğun gəlmir. Halbuki Rusiya Federasiyası bir çox beynəlxalq və regional hüquqi sənədlərə qoşulmaqla üzərinə miqrantların hüquqlarını qorumaq öhdəliyi götürüb".
Onun sözlərinə görə, Rusiya BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəzaya qarşı Konvensiyasına , İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya , Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt , eləcə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə qoşulub. Bütün bu sənədlər insanlara qarşı qeyri-insani rəftarın, işgəncənin və etnik mənsubiyyətə görə ayrı-seçkiliyin yolverilməz olduğunu açıq şəkildə bəyan edir. Lakin təəssüf ki, Rusiya bu sənədlərin müddəalarını real həyatda tətbiq etmək əvəzinə, əksinə, hüquqazidd halların genişlənməsinə göz yumur və ya birbaşa təşviq edir:
"Son illər miqrantlara qarşı xüsusi təzyiqlərlə müşahidə olunan tendensiyalardan biri də onların Rusiya-Ukrayna müharibəsinə "könüllü" şəkildə cəlb olunmaları ilə bağlıdır. Bu xüsusda bir çox Orta Asiya ölkələrinin vətəndaşları, eləcə də Hindistan, Çin və digər ölkələrdən olan şəxslər təzyiqlərə, fiziki və psixoloji zorakılığa məruz qalaraq, guya könüllü şəkildə müharibəyə getməyə dair ərizə imzalamağa məcbur edilirlər. Bu, əslində könüllü yox, məcburi səfərbərlik formasıdır və ciddi insan hüquqları pozuntusudur".
Azər Allahverənov: Rusiya hüquqazidd halların genişlənməsinə göz yumur
Müsahibimiz onu da bildirib ki, eyni zamanda, Rusiyada miqrantlara qarşı ictimai qınaq formalaşdırılır. Rusiya-Ukrayna müharibəsində iştirakdan imtina edənlər "etibarsız", "satqın" kimi təqdim olunur və bu, cəmiyyət arasında miqrantlara qarşı mənfi rəyin formalaşmasına səbəb olur. Bu cür rəy isə radikal və ultra-millətçi qrupların fəaliyyətinə zəmin yaradır. Onlar miqrantlara qarşı hücumlara, zorakılığa əl atmaqdan çəkinmirlər. Təəssüf ki, hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları da bu qanunsuz proseslərə qoşulur, miqrantlara qarşı kobud fiziki güc tətbiq edilir, zorakılıq hallarına yol verilir və nəticədə, çox zaman miqrantlar hüquqi ifadələrə belə təzyiq altında imza atmağa məcbur edilirlər:
"Bütün bu hallar göstərir ki, Rusiyada miqrantlara, xüsusilə də qeyri-rus mənşəli şəxslərə qarşı sistematik ayrı-seçkilik və hüquq pozuntuları baş verir. Bu, irqi ayrı-seçkiliyin ən qabarıq və ifrat formasına çevrilib. Ən acınacaqlısı odur ki, hətta Rusiya vətəndaşı olan qeyri-ruslar belə bu ayrı-seçkilikdən sığortalanmayıblar. Bu səbəbdən düşünürəm ki, rəsmi Kreml bu siyasətdən dərhal əl çəkməli və beynəlxalq hüquq normalarına uyğun davranmalıdır. Hüquq-mühafizə orqanlarının qanunsuz əməllərə yol verən əməkdaşları məsuliyyətə cəlb edilməli və müvafiq cəzalara məruz qalmalıdırlar. Əgər Rusiya həqiqətən də özünü demokratik dövlət kimi təqdim etmək niyyətindədirsə, bu ilk növbədə insan hüquqlarının qorunması və təmin olunması ilə başlamalıdır".
A.Allahverənov əlavə edib ki, bu gün biz bunun əksini müşahidə edirik. Rusiya-Ukrayna müharibəsi fonunda rəsmi Moskvanın öz vətəndaşlarına, o cümlədən digər slavyan və ya müsəlman xalqlarına qarşı belə sərt və qəddar siyasət yürütməsi bu istiqamətdə ciddi suallar doğurur. Bu baxımdan beynəlxalq hüquq institutları və müvafiq insan haqları təşkilatları bu vəziyyətə səssiz qalmamalı, azərbaycanlı və digər xalqlardan olan miqrantların hüquqlarının müdafiəsi üçün real addımlar atmalıdırlar. Qanunsuz əmrləri verən şəxslər hüquqi məsuliyyətə cəlb olunmalı, hüquqi ədalət bərqərar edilməlidir.
Əli Hüseynov