• Bakı 20° C

    1.66 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

“Bermud üçbucağı”, biz və onlar...

SİYASƏT

07 Oktyabr 2021 | 14:07

“Bermud üçbucağı”, biz və onlar...

1988-91-ci illəri əhatə edən Azərbaycan xalq hərəkatının lap son dövründə bir ifadə ağızdan-ağıza dolaşırdı: “Bizim ölkə Bermud üçbucağının içindədir”. Yox, o çağın azərbaycanlıları dünyanın ən savadlı insanlarından idilər və əlbəttə ki, Azərbaycanın da, Bermud üçbucağının da harada – bir-birindən hansı uzaqlıda yerləşdiyini yaxşı bilirdilər. Sadəcə onlar bununla üç böyük qonşu – İran, Türkiyə və Rusiya ilə əhatə olunduğumuzu, hər üçünün müxtəlif əsrlərdə ölkəmizi işğal etdiyini və çapıb-taladığını, hətta Azərbaycana, ümumilikdə Qafqaza hakimlik uğrunda dəfələrlə bir-birilə vuruşduğunu və bundan sonra da bizə müstəqil və varlı yaşamağa imkan verməyəcəyini nəzərdə tuturdular. Yəni biz bu üçbucaqda – gəmilər Bermud üçbucağında olduğu sayaq – batmağa, o da olmasa, batmaq qorxusu ilə yaşamağa məhkumuq. 

Əslində, bu fikirdə olanların tarix fənnindən bildikləri və ondan çıxardıqları nəticə elə də səhv deyildi. 

İllər keçəcək, onlar yenidən coğrafiyaya müraciət edəcək, şərqlilərin İbn Xəlduna, qərblilərin Napoleona aid etdikləri “Coğrafiya – taledir” fikrini əzbərləyəcəklər. Düzünə qalsa, bu şikayətcil kəlam da bir azərbaycanlının dilində qəribə səslənmir. 

Taleyə asi çıxmaq isə xeyirsiz məşğuliyyətdir. 

Əcəba, həmin o üçbucağın bir və ya qalan iki, lap hər üç təpəsində başqa adlar yazılsaydı, çox şeymi dəyişəcəkdi? Tarix və... coğrafiya feilin vacib, şərt və ya arzu şəklini tanımır axı! 

Onun da, bunun da öz hikməti var.

Tarixi Azərbaycan ərazisi binayi-qədimdən əsasən üç istiqamətdən ekspansiyaya məruz qalıb. Həmin cəhətlər indi də – həmişəki kimi – yalnız coğrafi deyil, həm də coğrafi-siyasidir!

Bir vaxt qərbdən üstümüzə yunanlar hücum çəkirdi, sonra onları Roma imperiyası əvəz etdi, o gedəndə yerinə Bizans, ondan sonra isə Osmanlı gəldi. Beləliklə, Osmanlı övladı olan Türkiyə özünü həmçinin Mərkəzi Asiyadakı qədim və orta əsrlər türk dövlətlərinin davamçısı elan etsə də, geopolitik varislik onu Kiçik Asiyaya – Bizansa, hətta bir az da əvvələ bağlayır. 

Elə Rusiya da “təzə”lərdən deyil – o, Azərbaycana şimaldan, Dərbənd keçidindən axıb gələn Böyük Çöl xalqlarının: skiflərin, hunların, xəzərlərin, qıpçaqların, Qızıl Ordanın geopolitik varisidir. 

O da qəribədir (bəlkə də, əksinə, heç qəribə deyil) ki, Rusiya hərdən Bizans (yunan-pravoslav), Türkiyə hərdən Qızıl Orda (monqol-türk) mülkünün xiffətini çəkir. 

Cənubumuzdakı İran mülkünün idarəçiləri isə Əhəməni imperiyası yaranandan, mümkündür ki, ondan da qabaq – Midiyadan bu yana Baş Qafqaz sıra dağlarına qədər olan ərazini öz nüfuz dairəsində saxlamaq istəyiblər. Vaxt olub – bacarıblar, vaxt olub – uğursuzluğa düçar olublar. Orada fars və sair irandilli xanədanları sonrakı yüzilliklərdə əsasən türk sülalələri əvəz edib, lakin bu tarix dolanbaclarında geopolitik varislik, geopolitik güc olaraq İran itməyib. 

Hər üç güc öz tarixində eniş-yoxuşlar, hətta yox olmaq təhlükəsi yaşayıb, amma... hər dəfə də Səməndər quşu misalı külündən pərvaz edərək dirçəlib. 

Biz həm cənub, həm qərb, həm şimal imperiyasının tərkibində olmağı təcrübə eləmişik, o əsrlərdən yaxşı xatirələrimiz də var, acı təəssüratlarımız da. İndi onlar çoxdandır imperiya statuslarını itirsələr də, imperiya ədalarını saxlayıblar və bu bizi arabir – haqlı olaraq – qıcıqlandırır. 

Region güclərinin Azərbaycan və bölgə uğrunda qarşılıqlı mübarizə meydanı 19-cu əsrdə bir az da daralıb: ilk dəfə regiona ona qətiyyən dəxli olmayan bir qüvvə – öz Böyük Oyunu ilə ingilislər daxil olub. 20-ci əsrdə Azərbaycana və Cənubi Qafqaza maraq göstərən dövlətlərin sırası xeyli genişlənib – ABŞ, Fransa, Almaniya, İsrail, Səudiyyə Ərəbistanı və nəhayət, Çin.

Qələbəlikdir!

Strateji qovşaq, Asiyanın daha bir Avopa, Avropanın daha bir Asiya qapısı, Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsi, çox böyük mənəvi və maddi zənginliklərin, çox böyük müxtəlifliklərin kiçik bir əraziyə sığışdığı ölkə, geoplotik məhvər adı qoyulan ölkə bütün bunlardan başqa, həm də həmin o müqəddər, fatal üçbucağın təpələri arasında olduğu üçün maraqlı və dəyərlidir, bilirsinizmi?!

Bu maraqlar burulğanında öz maraqlarını düzgün müəyyən etmək və qorumaq, üstəlik üç böyük qonşunun, habelə uzaqdakı böyüklərin mənafelərini də nəzərə almaq – bu, dildə belə demək asan olmayan işdir. Azərbaycan müstəqilliyinin ilk 30 ilində bu işi pis öyrənməyib. Qarabağı erməni iğalından azad eləmək üçün bir neçə geopolitik gücün örtülü-açıq dəstəyini və ya razılığını, bədəbəddə isə neytrallığını alıb bundan yararlana bilmişiksə, deməli, daha bu işlərdə naşı deyilik. 

Deməli, baş tutmuş dövlətik!

Odur ki, İran, Türkiyə, Rusiya Azərbaycanı, Cənubi Qafqazı öz aralarında rəqabət yox, əməkdaşlıq meydanına çevirmək istəyirsə (ki bizim də cəmiyyət və dövlət olaraq istədiyimiz budur!), uzaq güclərin burada at oynatmasına imkan verməmək, deməli, buradan özlərinə təhlükə görməmək istəyirsə, bizim müstəqilliyimizə, suverenliyimizə, ərazi bötövlüyümüzə anlayışla və hörmətlə yanaşmalıdır. Bu gün onların üzərinə düşən vəzifə – üçü bir yerdə! – Azərbaycanın 44 günlük müharibədəki hərbi qələbəsini siyasi qələbəylə tamamlamaq işini asanlaşdırmaqdır. Yalnız bundan sonra 3+3 formatında əməkdaşlıq niyyəti əməldə həyata keçə, Cənubi Qafqaz öz böyük qonşularının arasında sülh və təhlükəsizlik zolağıma çevrilə bilər.

Və bir də, əslinə baxılsa, müqəddər üçbucağın bir bucağı – Türkiyə bizi İran və Rusiyadan, digəri, İran – Türkiyə və Rusiyadan, üçüncüsü, Rusiya – Türkiyə və İrandan tam asılı, çox asılı, müstəqilliyimizə xələl gətirəcək qədər asılı olmağa qoymur. 

Biz ki bir-birimizi, onlar ki bizi və bir-birilərini digər oyunçulardan daha yaxşı və çoxdan tanıyırlar. Bizə onlarla, onlara bizlə və bir-biriləri ilə dil tapmaq daha asandır. 

Çəkişək, çəkişsinlər, amma ardınca bərkişmək şərtilə!

Belədə Qafqazdakı “Bermud üçbucağı”na – Atlantik okeanında olana deyilən kimi – “Şeytan üçbucağı” deməyə kimsənin dili gəlməz.

 Seymur Şahbaz-zadə

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026