Müəllimlik ixtisaslarına qəbul sayının azaldılması ilə yanaşı, bu sahəyə marağın artırılması üçün müxtəlif stimulların tətbiqi təklif olunur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Ramin Nurəliyev açıqlamasında müəllimlik ixtisasına qəbul sayının artmasına stimul ola biləcək amillərdən də bəhs edib. Onun sözlərinə görə, pedaqoji ixtisaslarda kəmiyyətin azaldılması keyfiyyətin artırılmasına yönəlmiş addımdır:
“Xüsusilə də pedaqoji ixtisaslarda kəmiyyətin azalması, keyfiyyətin daha yaxşı olmasına istiqamətlənmiş bir hədəf, plandır. Mən əslində bunun tərəfdarıyam. Xüsusilə də özəl təhsil müəssisələrində, Xəzər Universiteti istisna olmaqla, digərlərində pedaqoji ixtisasların olmasının tərəfdarı deyiləm. Pedaqoji ixtisasların sayı azalmalı və bu ixtisaslar daha keyfiyyətli tədris edə bilən təhsil müəssisələrinə verilməlidir”.
Müsahibimiz bildirib ki, sonuncu qəbul ilində həqiqətən də çox utancverici bir vəziyyətlə qarşılaşdıq. Dediyinə görə, pedaqoji ixtisaslar üzrə boş qalan yerlərin olması və müxtəlif ixtisaslar üzrə müəllimlik ixtisaslarının abituriyentlər tərəfindən tərcih olunmaması xoş bir mənzərə deyildi:
“Düşünürəm ki, bu istiqamətdə pedaqoji ixtisasların sayının azalması çox gözəl təşəbbüsdür. Say azalmalıdır, keyfiyyətə üstünlük verilməlidir”.
Sinqapur modelini misal göstərən ekspert qeyd edib ki, bu ölkədə ən yüksək bal toplayanlar pedaqoji ixtisasları seçirlər və pedaqoji ixtisaslara ən yüksək balı olanları qəbul edirlər. Çünki gələcək nəslin düzgün tərbiyə və təlim metodikasında daha keyfiyyətli müəllimlərin tədris prosesinə cəlb olunmasını istəyirlər.

Ramin Nurəliyev: Oğlan abituriyentlərin pedaqoji ixtisas seçimində müəyyən imtiyazların verilməsi daha doğru olar
R.Nurəliyev bildirib ki, bu, bizdə də belə olmalıdır. Kəmiyyət azaldıqca daha yaxşı keyfiyyətə diqqət yetiriləcək və yüksək nəticə göstərən gənclər pedaqoji ixtisasları seçmiş olacaqlar:
“Bunun üçün pedaqoji ixtisaslarla bağlı tamamilə dövlət sifarişi əsasında yerlər olmalıdır. Ödənişli yerlər olmamalıdır deyə düşünürəm. Burada müəyyən imtiyazlar da verilməlidir. Məsələn, pedaqoji ixtisasları seçənlərə ayrıca təqaüdün verilməsi kimi tələbələr üçün cəlbedici təkliflər irəli sürülməlidir.
Xüsusilə oğlan abituriyentlərin pedaqoji ixtisas seçimində müəyyən imtiyazların verilməsi daha doğru olar. Bu, orta ümumtəhsil məktəblərində qadın və kişi müəllimlərin bərabərliyini müəyyən qədər təmin edər”.
“Kişi müəllimlərin də orta ümumtəhsil məktəbində tədris prosesinə cəlb olunması mütləqdir. Buna görə də müxtəlif imtiyazların irəli sürülməsi bu istiqamətdə müəyyən canlanma formalaşdıra bilər”, - deyə Ramin Nurəliyev qeyd edib.
Zeynəb Rzayeva
















