• Bakı 25° C

    14.24 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

“Böyük Qayıdış”a mane olan ən böyük amil təhlükəsizlik məsələsidir

LAYİHƏ

21 Aprel 2022 | 13:15

“Böyük Qayıdış”a mane olan ən böyük amil təhlükəsizlik məsələsidir

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

“Qarabağa “Böyük qayıdış” Ermənistan üzərindəki qələbədən sonra xalqımızın və dövlətimizin qarşısında dayanan ali, müqəddəs vəzifəyə çevrilib. Hər kəs bu hərəkata qoşulmaq, töhfə vermək niyyətindədir.

Darmadağın edilmiş, viranəyə çevrilmiş, yandırılmış torpaqlarda yenidən məskunlaşma, qayıdış və böyük Azərbaycan quruculuğunu daşımaq vəzifəsi qarşısındayıq. Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə çox mühüm işlər həyata keçirilib. Çoxsaylı infrastruktur layihələri icra olunub, körpülər, yollar, stansiyalar tikilib, yaşayış massivləri salınıb, hava limanları inşa edilib.

Qarabağın hər guşəsində sürətli quruculuq işləri davam etməkdədir. Quruculuğun intensiv aparıldığı rayonlarımızdan biri də Cəbrayıldır. Artıq Cəbrayıl rayonu dirçəlməkdə, yeni görkəm almaqdadır.

Cəbrayıl rayonunun düşmən işğalından azad olunmasının ildönümündə Prezident İlham Əliyevin rayona səfəri mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısı səfəri çərçivəsində rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin və eləcə də Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoymaqla başda cəbrayıllılar olmaqla bütün Azərbaycan xalqına bir daha böyük bir sevinc yaşatdı.

Cəbrayıl rayonunda başlayan quruculuq işləri məhz “Böyük Qayıdış”ın növbəti addımlarından biridir.

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrimizdə sürətli şəkildə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı müxtəlif xarici şirkətlər də dəvət alıb. Deputat Cavid Osmanov Bakıvaxtı.az-a bildirib ki, “Böyük Qayıdış”ı təmin etmək üçün ən birinci soydaşlarımızın təhlükəsizlik məsələsini göz önündə saxlamalıyıq: “44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixinin ən parlaq qələbəsini qazandı və düşməni torpaqlarımızdan qovdu. Beləliklə, ərazi bütövlüyümüz bərpa olundu. Müharibə bitən kimi bu ərazilərdə yenidənqurma işlərinə başlanıldı”.

Cavid Osmanov deyir ki, bu günə kimi görülən işlər dünya tarixindən misli görünməmiş işlərdir: “Xüsusi qeyd etmək istəyirəm ki, erməni terroru bu gün də Azərbaycana qarşı davam edir. Belə ki, bu ərazilərdə bir milyondan çox mina basdırılmış, bu günə kimi də bizə təhvil verilən xəritələrin doğruluğu maksimum 20-25% təşkil edir. Vətən müharibəsi bitdikdən bu günə kimi 200-dən artıq vətəndaşımız mina qurbanı olmuş, onlardan 30-u artıq öz həyatını itirmişdir. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpa işlərinin aparılması, təhlükəsizlik məsələlərinin təmin edilməsi əsas amillərdən biridir. Minalardan təmizlənmə çox uzun bir prosesdir. İşağldan azad olunan ərazilərdə 60 mindən çox mina təmizlənib. Lakin biz nəzərə alsaq ki, bura erməni terrorçuları tərəfindən 1 milyondan çox mina basdırılıb, əlbəttə ki, prosesin nə qədər uzun çəkəcəyini təxmin etmək olur”.

Cavid Osmanov: “Bu ilin yaz-yay aylarında “Böyük Qayıdış”ın bir hissəsi olaraq soydaşlarımızın qayıdışı təmin olunacaq”

Deputatın sözlərinə görə, Azərbaycan öz gücü ilə mina təmizlənmə işlərini aparır: “Çox təəssüf ki, hələ bu işdə Azərbaycana kömək edən bir dənə də olsun, beynəlxalq təşkilat yoxdur. Məhz hazırda “Böyük Qayıdış”a mane olan ən böyük amil məhz təhlükəsizlik məsələsidir”.

Milli Məclisin deputatı qeyd edib ki, ərazilərimizin 30 il işğalda olduğu müddətdə ermənilər burada misli görünməmiş vandallıqlar nümayiş etdiriblər: “Onlar doqquz şəhər və yüzlərlə kəndimizi yer üzündən silib, daşı daş üstünə qoymayıblar. Mədəni, dini, tarixi abidələrimiz və infrastruktur tamamilə məhv edilib. Evlər, mənzillər darmadağın edilib. Bir sözlə, ermənilər tərəfindən bu ərazilərdə dünyada görünməmiş vəhşiliklər törədilib”.

C.Osmanov bildirib ki, məhz bu baxımdan, bu ərazilər tamamilə yenidən qurulur: “Bildiyiniz kimi, Şuşa və Ağdam şəhərlərinin Baş planları təsdiqlənib və digər rayonlarınkı isə hazırlanır. Burada böyük yenidənqurma və bərpa işləri aparılır. Həmçinin böyük infratruktur layihələri həyata keçirilir. Bildiyiniz kimi, Füzuli Hava Limanı cəmi 8 ayda tikilib, istifadəyə verildi. Bundan əlavə, bu günə qədər 700 kilometrə qədər avtomobil yolu çəkilib, yüksək gərginlikli elektrik enerjisi təminatı həyata keçirilib. Təbii, qaz, içməli su probleminin həlli istiqamətində vacib addımlar atılır. Digər bir tərəfdən yaşayış evlərinin tikintisinə artıq başlanılıb”.

Deputat əlavə edib ki, Zəngilanda “Ağalı 1”, “Ağalı 2” və “Aağalı 3” kəndlərinin “ağıllı kənd” pilot layihəsi həyata keçirilir: “Artıq anons da verilib ki, bu ilin yaz-yay aylarında məhz “Böyük Qayıdış”ın bir hissəsi olan soydaşlarımızın bu kəndlərə qayıtması təmin olunacaq. Əlbəttə ki, xəstəxanaların, məktəblərin tikintisi həyata keçirilir. Prezident İlham Əliyev də qeyd edib ki, bizim əsas məqsədimiz bu ərazilərdə soydaşlarımıza ləyaqətli həyat bəxş etməkdir. Çünki onlar 30 il müddətində torpağından ayrı qalaraq ağrı, acı ilə ömür keçiriblər”.

Azərbaycan Parlamentinin üzvünün sözlərinə görə, mədəni, dini, tarixi abdiələrimizin bərpası istiqamətində Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu mühüm layihələr üzərində işləyir: “Yeni məscidlər tikilir, mədəni abidələrimizin yenidən qurulması işləri aparılır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə burada böyük işlər görülür. Artıq 2022-ci ildən qeyd etdiyim 3 kəndin sakinləri “Böyük Qayıdış”ın tərkib hissəsi olaraq, öz ata-baba yurdlarına qayıdacaqlar”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

 


SON XƏBƏRLƏR

01 Iyul 2025