• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Azərbaycançılıq ideologiyası konsepsiyadan dövlət kursuna çevirildi" 

LAYİHƏ

20 May 2022 | 12:05

“Azərbaycançılıq ideologiyası konsepsiyadan dövlət kursuna çevirildi 

6.3.9. azərbaycançılıq ideyasının təbliği

Milli ideologiyamız olan azərbaycançılıq ideologiyası sağlam təməllərə söykənərək, birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ifadə edir. Ona görə də azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir.

Bu ideologiya siyasi və dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, güclü olmasına xidmət edir. Ona görə də azərbaycançılıq ideologiyasının ölkədə yaşayan hər bir vətəndaşa hakim olmasından ötrü daha geniş tədbirlər həyata keçirilməlidir. Güclü maarifləndirmə işi aparılmalı, ideologiyanın təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması hamı üçün başlıca məqsəd olmalıdır. Çünki milli ideologiyasız heç bir millət ayaqda dura bilməz.

1990-cı illərdə Azərbaycanda mövcud olan siyasi xaos, o cümlədən, hərbi təhlükələr elə bir milli ideologiyanı tələb edirdi ki, bütün etnik topluluqları, xalqları öz ətrafında birləşdirsin. Ona qədərki dövrdə məlum siyasətlər də həyata keçirilmişdi. Bu, bir tərəfdən dominantlığı təşkil edən Azərbaycan türklərinin fonunda digər xalqların üzərindən separatizmi yaymaq, silahlı qüvvələri qaldırmaq və ölkənin xaricində də məhz etnik faktoru təzyiq silahına döndərmək idi. Ona görə də biz azərbaycançılıq milli ideologiyasını yaratmalıydıq.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc Bakıvaxtı.az-a bildirib ki, Ümumilli lider Heydər Əliyev “Azərbaycançılıq ideologiyası”nı konsepsiyadan, polemika müstəvisindən çıxarıb dövlət kursuna çevirdi.

“Bu, öz-özlüyündə çox müsbət nəticələr verdi. Biz ilk növbədə bütün xalqların vahid bayraq altında birləşdiyini gördük. Beləliklə, bu ideologiyanı formalaşdırmaqla, min illərdir bu Vətəndə yaşayan müxtəlif xalqlar bütün dövlət haqlarından, konstitusion hüquqlardan faydalana bildi, eyni zamanda baş verən təhlükələrə qarşı çiyin-çiyinə, pasportuna baxmadan, hər hansı milli fərqləri göz önünə gətirmədən birləşdi. Belə olan halda, biz daxildə yaranan təhlükələrin qarşısını almış olduq. İctimai-siyasi sabitlik modeli məhz həmin konsepsiyanın üzərində quruldu. Düşünürəm ki, o illər ərzində bizim xarici təsirlərə qarşı dirənişin ən güclü müqavimət sistemimiz, milli məfkurədə baş verən böyük dönüşümüz daha artıq dərəcədə özünü göstərdi. Belə olan şəraitdə biz bu konsepsiyanın daha da yeni bir mərhələyə daşındığını gördük. Bu, öz-özlüyündə bir dövr yaranmış aralıq mərhələdən sonra bitib-tükənən deyil, eyni zamanda həmin illər ərzində ölkənin ictimai həyatının bütün sahələrində, partiyalar sistemində, o cümlədən, hakimiyyətin bütün qollarında şahid olduq ki, “mən azərbaycanlıyam” deyən hər kəs bu ölkənin idarəçilik sistemində təmsil oluna, sahibkar kimi fəaliyyət apara, bütün sahələrdə hamı üçün müəyyənləşdirilmiş üstünlüklərdən faydalana bilər”, - deyə Z.Oruc bildirib.

Parlamentari vurğulayıb ki, biz cəmiyyətdə unitar konstitusion bütövlüyü bərqərar edə bildik: “Nəzərə alın ki, bu gün bütün Avropa ölkələrində, aşırı dərəcədə demokratiyanın hökm sürdüyü məkanlarda belə, görürük ki, etnik, milliyətçilik faktorunda olan təhlükələr hansı miqysadadır. Əvəzində mən deyə bilərəm ki, bizim azərbaycançılıq ideologiyamız regionda bütün xalqların dözümü kimi təzahür elədi, hətta ermənilərə qarşı bir silah kimi çıxış etdi. Ermənilər iddia edirdi ki, azərbaycanlılarla bir yerdə yaşamaq mümkün deyil. Bu arqumenti zərərsizləşdirən ən yaxşı konsepsiya məhz azərbaycançılıq modeli oldu. Hamıya göstərdik ki, burada xalqlar bir yerdə yaşaya bilirlər. İkinci Qarabağ savaşımız azərbaycançılıq məfkurəsinin, dövlət kursunun doktirinasının ən böyük təntənəsi, zirvəsi, salnaməsi oldu. Ona görə ki, bu gün istər Vətən müharibəsi qəhrəmanları, istərsə də ən yüksək orden və medallarla təmin olunan şəxslər sırasında hər bir millətin nümayəndələri var. Bu, onu göstərdi ki, Ulu Öndərin həmin milli-etnik toplumlar üzərində müəyyənləşdirdiyi tarixi siyasət öz bəhrəsini verdi. Belə olan halda, biz Qarabağ zəfərimizdən sonra bu konsepsiyanı daha da irəliyə daşımalıyıq. Biz nəzərə almalıyıq ki, indiki zamanda azərbaycançılıq necə şaxələnə bilər. Düşünürəm ki, azərbaycançılıq ideologiyası tarixin sınaqlarından çıxaraq uğur qazanıb və ümid edirəm ki, gələcəkdə bunun təntənəsi olaraq, millətimizin həyatında onun verdiyi töhfələri hər zaman vurğulayacağıq”.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin İdarə Heyətinin üzvü Əhməd Obalı isə Bakıvaxtı.az-a bildirib ki, azərbaycançılıq vətənpərvərlik ideolosiyasıdır:

“Biz azərbaycanlılar üçün azərbaycançılıq, vətənpərvərlik ideologiyası çox vacibdir. Çünki Azərbaycan deyəndə yalnız indiki sərhədlər daxilində yerləşən ərazi nəzərdə tutulmamalıdır. Azərbaycan daha əhatəli anlayışdır, torpaqdır, Vətəndir. Dünyanın hər bir ölkəsində vətənsevərlik qəbulolunan bir fikirdir. Milliyətçilik yerinə vətənpərvərliyə daha çox yer verilir. Bir çox ölkələrdə də millətini sevən vətənpərvərlik şüarı altında işini görür. Biz azərbaycanlılar üçün bu, daha da vacibdir. Çünki ideologiyamız Azərbaycanımız, Vətənimiz olursa, bu, bizi sevməyən qara qrupların qarşısında ən yaxşı taktika olacaq.Onların bəziləri dini və başqa elementləri ideologiyaya çevirib azərbaycançılığı, vətənsevərliyi zəiflətməyə çalışır. Qara qrupların fikri budur, taktiklərində də göstərirlər. Biz isə bütün gücümüzü Vətənimizin, ideologiyamızın üstündə kökləməliyik”. 

Ə.Obalı qeyd edib ki, biz nə qədər Vətənə bağlı olarsaq, gələcəyimiz də bir o qədər güclü olacaq: "Ona görə də özəlliklə biz Güneyli azərbaycanlılar üçün azərbaycançılıq çox vacib məsələdir. Azərbaycan adının, kəlməsinin belə torpaqlarımızın bir hissəsinin üstündən götürüblər və getdikcə də azaldırlar. İndi hesab edin ki, Zənganın, Həmədanın, Qəzvinin, Ərdəbilin üstündən “Azərbaycan” adını götürüb elə istifadə edirlər. İndi Güneydə Qərbi Azərbaycan adını da ləğv edib Urmiya ostanı olaraq istifadə etmək istəyirlər. Yəni nə olursa, olsun, “Azərbaycan” adı istifadə olunmasın, getdikcə zəifləsin. Hətta İranda bir çox dövlətə bağlı saytlarda “Azərbaycan dövləti” yerinə “Bakı dövləti” olaraq yazırlar. Yəni onlar mümkün qədər “Azərbaycan” adını istifadə etməməyə çalışırlar. Bunun üçün də Azərbaycan Prezidentinin Şuşada Zəfər Qurultayında verdiyi mesaj bizim üçün çox önəmli azərbaycançılıq ideologiyamız olmalıdır. Əlimizdən gələn qədər bu, dövlət tərəfindən sistemli təbliğ olunmalıdır. Diasporda çalışan təşkilatlar azərbaycançılıq ideologiyasında birləşməlidir. Güneli, Quzeyli dünyaya səpələnmiş azərbaycanlıları birləşdirən dinimiz, məssəbimiz deyil, Vətənimiz, Azərbaycanımızdır. İqtidar, müxalifət fərq etmir, hamımız əl-ələ verib bu ideologiyanı gücləndirməliyik”.

Nuranə Daxilqızı 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

19 Aprel 2024