Böyük Britaniya kral ailəsinin üzvü, Şahzadə Endryu York hersoqu da daxil olmaqla, ona verilmiş bütün titullarından imtina etdiyini bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, bununla belə, o, mərhum Kraliça II Elizabetin oğlu olduğu üçün şahzadə titulunu saxlayacaq. Məlumata görə, onun keçmiş həyat yoldaşı Sara Fergyuson da artıq York hersoginyası titulundan istifadə etməyəcək.
“Qərara gəldik ki, mənimlə bağlı davam edən ittihamlar Kralın və kral ailəsinin fəaliyyətinə diqqəti yayındırır. Mən hər zaman olduğu kimi, ailəmə və ölkəmə qarşı borcumu hər şeydən üstün tuturam. Beş il əvvəl ictimai həyatdan kənara çəkilmək qərarımın arxasındayam. Kralın razılığı ilə indi bir addım da irəli getməliyəm. Buna görə də mənə verilmiş titullardan və fəxri adlardan imtina edirəm. Qeyd etdiyim kimi, mənə qarşı irəli sürülən ittihamları qəti şəkildə inkar edirəm”,- deyə Şahzadə Endryu bəyanatında bildirib.
Qərar Şahzadə Endryuya qarşı təzyiqlərin artdığı bir vaxtda verilib. Buna onun cinsi cinayətlərə görə məhkum olunmuş maliyyəçi Cefri Epsteyn və Çin kəşfiyyatı ilə əlaqəli bir şəxslə münasibətləri barədə yeni xəbərlər səbəb olub.