ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şurası (NTSB) 2023-cü ilin iyununda “Titanik” gəmisinin qalıqlarına eniş zamanı partlayaraq məhv olan “Titan” batiskafının qəzaya uğramasına səbəb olan əsas amili açıqlayıb.
Bakıvaxtı.az axsam-a istinadən xəbər verir ki, hesabata əsasən, fəlakətə konstruktor səhvləri və layihələndirmə zamanı buraxılan ciddi nöqsanlar səbəb olub. Araşdırmalar nəticəsində məlum olub ki, batiskafın sahibi olan "Ocean Gate" şirkətində istifadə olunan mühəndislik və texnoloji proseslər sənaye standartlarına cavab verməyib. “Titan”ın konstruksiyası davamlılıq və aşınmaya dözümlülük baxımından tələb olunan normalara uyğun olmayıb.
"Ocean Gate" şirkəti aparatla bağlı kifayət qədər sınaq aparmadığı üçün onun real texniki göstəricilərindən xəbərsiz olub.
Bundan əlavə, şirkət batiskafın saxlanma və daşınma şəraitinin qurğuya necə təsir etdiyini nəzərə almayıb. Hadisədən az əvvəl gövdədə yaranan qat-qat ayrılma da diqqətdən kənarda qalıb.
Hesabatda həmçinin bildirilir ki, mövcud qanunvericilik şəxsi kiçik batiskafların istifadəsini yetərincə tənzimləmir. NTSB mütəxəssisləri belə halların qarşısını almaq üçün qaydaların sərtləşdirilməsinə və yenidən nəzərdən keçirilməsinə çağırıb.
Qeyd edək ki, faciə 2023-cü ilin iyununda baş verib. “Titan” batiskafı turistləri “Titanik” gəmisinin qalıqlarına apararkən suya endikdən 1 saat 45 dəqiqə sonra onunla əlaqə kəsilib. Üç gün sonra ABŞ Sahil Mühafizəsi batiskafın beş böyük qalıq hissəsini okeanda aşkarlayıb və qurğunun partlayış nəticəsində tamamilə dağıldığını təsdiqləyib. Nəticədə bütün sərnişinlər həlak olub.
Həlak olanlar arasında britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pilot və bələdçi var idi.