• Bakı 21° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Ermənistan sülhə maraqlıdırsa, Azərbaycana müsbət cavab verməlidir” 

LAYİHƏ

13 May 2022 | 18:21

“Ermənistan sülhə maraqlıdırsa, Azərbaycana müsbət cavab verməlidir” 

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Heç kimə sirr deyil ki, Azərbaycan torpaqları ilə bağlı məsələ artıq dünyanın regional siyasətinin gündəliyindən çıxıb. İndi danışıqların başlıca mövzusu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlıdır.  Bu istiqamətdə müntəzəm birbaşa görüşlər keçirilir. 

Dünən, mayın 12 may-də Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyi vurğulanıb.

Bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Brüsseldə görüşüb. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar görüşdə iştirak edib. Həmin görüşdə tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətləri, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə etdiyi də ehtimal olunur.

Mayın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb. Görüşdə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması prosesi və bu istiqamətdə atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Tural Gəncəliyev Bakıvaxtı.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

 - Tural müəllim, son günlər Ermənistanda etiraz aksiyaları keçirilir. Bu ölkənin siyasi müxalifəti sayılan keçmiş prezidentlər, onların təmsil etdikləri qüvvə aksiyalarda Qarabağla bağlı da şüarlar səsləndirirlər. Bu barədə fikirlərinizi bilmək istərdik.

-Ermənistanda keçirilən etiraz aksiyalarının və ixtişaşların fonunda revanşistlər tərəfindən Qarabağ məsələsinin ortaya atılması diqqəti müharibəyə yönəltməyə xidmət edir.  Ermənistanın baş naziri Paşinyana etiraz edən qüvvələr onu əsasən müharibədə məğlub olmaqda ittiham edirlər. Amma onlar anlamırlar ki, müharibəni təkcə hakimiyyət deyil, dövlət və onun ordusu uduzub. Paşinyanın devrilməsi və revanşist qüvvələrin hakimiyyətə gəlməsi etirazçı kütləyə heç nə vəd etmir. Çünki revanşistlərin planı resursları yoxdur. Bu sadəcə popurist fikirlərdir.

Biz Ermənistanın daxili işlərinə qarışmırıq. Ermənistanda xəstə milliyyətçilərin təfəkkürü elə formalaşıb ki, onlar bütün məsələlərə Qarabağ məsələsini yersiz şəkildə daxil edirlər. Amma bunun heç bir əhəmiyyəti yoxdur. Ermənistan Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul etməyə məcbur olacaq. Ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı təmin olunmalı və qarşılıqlı olaraq ərazilər tanınmalıdır. Qarabağ da Azərbaycanın ərazisi olaraq qəbul edilməlidir.

-Bu il fevral ayında Azərbaycanın sülh üçün Ermənistana təklif etdiyi beş prinsipə Ermənistan 6 bəndlə reaksiya verib. Yaxın gələcəkdə sülh üçün danışıqlar başlaya bilərmi?

-Azərbaycan iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsip əks olunub.

Qeyd edim ki, bu məsələrlə bağlı birgə komissiya üçün Azərbaycan tərəfinin nümayəndələri müəyyənləşdirilib. Biz Ermənistandan müsbət cavab gözləyirik. Top onlar tərəfdədir. Ermənistan sülh məsələsində maraqlıdırsa, Azərbaycanın təkliflərinə müsbət cavab verməlidirlər. Əks halda özlərinə ziyan etmiş olacaqlar.

Kəlbəcər istiqamətində son zamanlar baş verənlər - Azərbaycan ordusunun mövqeylərinin atəşə tutulması onu deməyə əsas verir ki, Ermənistanda bəzi qüvvələr sülhün olmasında maraqlı deyillər. Amma Paşinyan özündə cəsarət tapmalıdır. O baş nazir kimi məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən Ermənistanda baş verənlər Azərbaycan tərəfini maraqlandırmır. Paşinyan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyənata imza atıb. Öz üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Amma hələ də yerinə yetirməyib. Uzun zamandır ki biz gözləyirik. Bəli, Azərbaycan konsturktivliyik göstərir, amma bu limitsiz deyil.

-Rusiya Müdafiə Nazirliyinin Qarabağla bağlı yaydığı açıqlamalarda “Dağlıq Qarabağ” ifadəsi işlədir. Azərbaycanın Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verərək bildirib ki, “Dağlıq Qarabağ" adlı inzibati-ərazi vahidi mövcud  deyil. Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlılarının fəaliyyətini necə dəyərləndirirsiniz?  

- Rusiya sülhməramlıları Azərbaycan tərəfinin razılığı ilə müvəqqəti olaraq Azərbaycanın suverən ərazisi olan Qarabağda yerləşdirilib. Orada bəzi insidentlər, bizim xoşumuza gəlməyən hadisələr olur. Sülhməramlılar onların vəzifələrinin və səlahiyyətlərinin nədən ibarət olmasını bilməlidirlər. Onların işi sülhün bərqərar edilməsinə yardım etməkdir və müvəqqəti olaraq ordadırlar. Bunu nə Rusiya sülhməramlıları, nə də beynəlxalq ictimaiyyət unutmamalıdır.

Ona görə də insidentlərlə bağlı onlara məlumatlar verilir və bunun qarşısı alınır. Ümid edirəm insidentlər gələcəkdə baş verməyəcək. Rusiya sülhməramlıları daha diqqətli və ehtiyatlı olmalıdırlar və anlamalıdırlar ki onlar Azərbaycanın suveren ərazilərində xidmət göstərirlər.

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR