Lüksemburqda bu gün Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının iclasından sonra nazirlərin regional təhlükəsizlik və regionlararası əlaqəlilik məsələləri üzrə görüşü (Cross-regional Security and Connectivity Meeting) keçiriləcək.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Azərbaycanı bu iclaslarda xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edir.
Avropa Komissiyasından "Report"a bildirilib ki, tədbirin proqramına Avropa İttifaqı, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin iştirakı ilə iki ayrı sessiya daxildir.
Birinci sessiya "Qara dəniz regionunda təhlükəsizlik, sabitlik və dayanıqlılıq" mövzusuna həsr olunub. Sessiyada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos, eləcə də Avropa İttifaqı ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Türkiyə və Ukrayna nümayəndələri iştirak edirlər.