Son illərdə Azərbaycan dünya kitab sərgilərində iştirakını əhəmiyyətli dərəcədə genişləndirib.
Xüsusilə Yeni Dehlidə keçirilən beynəlxalq kitab sərgisi ölkəmizin ədəbi təbliğatı baxımından strateji əhəmiyyət kəsb edir.
Sərgidə 35-dən çox ölkənin iştirakı yalnız Azərbaycan ədəbiyyatının qlobal səhnədə görünürlüyünü artırmır, həm də beynəlxalq ədəbi əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Azərbaycan ədəbiyyatının belə beynəlxalq sərgilərdə daha effektiv tanıdılması üçün hansı yeni yanaşmalar tətbiq oluna bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən filoloq, naşir, Hədəf şirkətlər qrupunun qurucusu Şəmil Sadiq bildirib ki, Azərbaycan beynəlxalq kitab sərgilərində həm dövlət, həm də özəl nəşriyyatlar vasitəsilə aktiv iştirak edir:
"Lakin hazırda bu tip sərgilərə yetərincə hazır deyilik. Konseptual yanaşmaların tətbiqi zəruridir və bunun üçün sistemli işlər görülməlidir. Məsələn, ölkəmizdə peşəkar tərcümə fondu yoxdur; belə bir fondun yaradılması olduqca vacibdir. Dünyanın bir çox ölkələrində, hətta iqtisadi baxımdan zəif ölkələrdə belə, bu addımlar atılır".
Onun sözlərinə görə, belə bir fond naşirlərin Azərbaycan ədəbiyyatına marağını artırmaqla yanaşı, kitabların satışını da stimullaşdıracaq:
"Cənab Prezidentin təsdiq etdyi Mədənniyət strategiyası bu sahədə şərait yaradacaq. Fond çərçivəsində Azərbaycan ədəbiyyatına dair annotasiyalar və sinopsislər təqdim edilməli, kataloqlar hazırlanaraq xaricdə tanıtımı təmin edilməlidir".
Həmsöhbətimiz qeyd edib ki, hazırda dünya şöhrətli Azərbaycan yazıçılarının sayı çox məhduddur:
"Xaricə gedərkən isə əsasən Azərbaycan dilində çap olunmuş və ya nəfis tərtibatlı hədiyyə kitablar aparılır. Kitabların kütləvi yayımı üçün isə daha sistemli addımlar atılmalıdır. Fond yaradıldıqdan sonra ən azı 20 seçilmiş Azərbaycan ədəbiyyat nümayəndəsinin avtobioqrafiyaları, əsərlərinin təqdimat materialları hazırlanmalıdır".
Şəmil Sadiq sonda əlavə edib ki, özəl müəllif hüquqları agentliyimizin olmaması sərgilərdə iştirakın effektivliyini azaldır:
"Hazırda sərgilərdə göstərdiyimiz materialların əksəriyyəti ingilis dilində mövcud deyil və xarici tərəfdaşlar bu baxımdan boşluqla üzləşirlər. Sistemli hazırlıq və konseptual yanaşmalar tətbiq olunarsa, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılması daha effektli ola bilər".
Əli Hüseynov
Bakı 




