Rusiyanın Leninqrad vilayətinin Qanunvericilik Məclisinin deputatı, milyonçu Səyyad Əliyev barəsində hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.
Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, mənbələr istintaq orqanlarının Leninqrad vilayətinin Nevskaya Dubrovka qəsəbəsində torpaq sahələrinin və dövlət vəsaitlərinin əlaqəli şirkətlər vasitəsilə mənimsənilməsi faktlarını araşdırdığını iddia edib.
Qəsəbənin qeyri-rəsmi olaraq Səyyad Əliyevin “mülkiyyəti” hesab edildiyi vurğulanır.
Qəsəbə şurasına isə deputatın 28 yaşlı oğlu Elçin Əliyev rəhbərlik edir.
“Lisa BASILIO” kanalının məlumatına görə, Səyyad Əliyev Azərbaycan vətəndaşı olduğundan “Bakıya qaça bilər”. Bundan əlavə, onun İsrail vətəndaşlığı olduğu da iddia edilir.
Qeyd edək ki, Səyyad Əliyev əmək fəaliyyətinə “Lendrevprom” müəssisəsində taxta məmulatı yığan və emalçı kimi başlayıb. Daha sonra Leninqrad ağac emalı zavodunda kommersiya işləri üzrə direktor müavini vəzifəsinə qədər yüksəlib.
1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində bir sıra şirkətlərə rəhbərlik edib. 2005-ci ildə Dubrovka şəhər bələdiyyəsinin sədri seçilib. 2011-ci ildə Leninqrad vilayət Dumasının deputatı olub, 2016-cı ildə isə vilayət “Vodokanal”ının rəhbəri təyin edilib.
Elə həmin il onun ofisində xüsusi təyinatlıların iştirakı ilə axtarış aparılıb. KİV-lər bu əməliyyatı 2012-ci ildə “Stari Qorod” restoranının sahibinin qaçırılması və ondan pul tələb edilməsi işi ilə əlaqələndirirdi. Həmin cinayət işi üzrə Novruz Məmmədov, Elvin Əhmədov, İsrail Abdullayev və daha iki şəxs həbs edilmişdi.
Səyyad Əliyev isə ittihamları rədd edərək hadisəni “rəqiblərinin planlaşdırdığı kampaniya” adlandırmış, lakin ad çəkməmişdi.