Son zamanlar fitness zallarında baş verən ölüm halları ictimaiyyətin diqqətini çəkib.
Əməkdar artist Cabir İmanovunidman zalında vəfat etməsindən sonra 35 yaşlı iş adamının da zalda dünyasını dəyişməsi zallarda təhlükəsizlik tədbirlərini, tibbi personalın mövcudluğu məsələsini gündəmə gətirib.
Mövzu ilə bağlı məşqçi İslam Cəfərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, üst yaşda insanların mobilikliyi və elastikliyi adətən zəif olur və onlar ürək və digər sağlamlıq problemləri ilə bağlı xüsusi ehtiyaclara malikdir:
“Bu səbəbdən hər bir insana fərdi qida və məşq planı hazırlanmalıdır. İlk növbədə nəzərə alınmalı olan, hər hansı xəstəlik və ya sağlamlıq narahatlığının əsas səbəbidir. Yaş kateqoriyasından asılı olaraq həyat tərzi və qidalanma tərzi də dəyişir”.
İslam Cəfərov, məşqçi
İslam Cəfərov qeyd edib ki, müəyyən yaşdan sonra ağır çəkili məşqlər və intensiv idman hərəkətləri tövsiyə edilmir. Müsahibimiz izah edib ki, bu, ürək və təzyiq problemlərinə yol aça bilər:
“Buna görə məşqlərə başlamazdan əvvəl mütləq fərdi tövsiyə almaq vacibdir. Savadlı və təcrübəli treynerlərdən kömək almaq sağlam və təhlükəsiz idman üçün əsas şərtdir”.
Həmsöhbətimiz onu da vurğulayıb ki, hər hansı zalda tibbi yardımın olması vacibdir:
“Mən işlədiyim zallarda tibbi yardım olur. Normalda zalların əksəriyyətində mövcuddur. Nadir hallarda qeyri-peşəkar zallarda tibbi yardıma rast gəlinməyə bilir”.
Mina Mikayılova