Macarıstanın paytaxtı Budapeştdə ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin görüşü gözlənilir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Vladimir Putin və Donald Trampın görüşünə hazırlıq üçün çox dərin və ciddi iş aparılır.
Bu görüşdən gözləntilər nədir? Əldə olunacaq nəticələr Rusiya-ABŞ münasibətlərini yeni müstəviyə apara bilərmi?
Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Trampın seçilməsi fonunda Amerika-Rusiya münasibətləri yeni müstəviyə keçib.
Onun sözlərinə görə, Bayden adminstrasiyası dövründə Rusiya ilə Amerika hökuməti arasında heç bir əlaqə yox idi. Hətta daha çox düşmənçilik əlaqəsi mövcud idi:
"Lakin Tramp bu siyasətin yanlış olduğunu bildirdi və Rusiya ilə münasibətlər qurmağa çalışdı. Tramp Putinə təriflər yağdırdı, Putinlə görüşdü, həmçinin Ukrayna məsələsini həll edəcəyini bildirdi. Bundan başqa, Rusiyaya qarşı müəyyən güzəştlər etdi. Tramp bu jestləri qarşısında Putindən Ukrayna məsələsində daha böyük geri addımlar atacağını gözləyirdi. Ancaq Putin bütün siyasi karyerasını və şəxsi təhlükəsizliyini riskə ataraq, Ukrayna münaqişəsinə girib. Ona görə də Putin çox geriyə addım ata bilmir və bu, başadüşüləndir".
Tural Abbaslı: İki plkə arasındakı münasibətlərin səviyyəsi Rusiyadan asılıdır
Sözügedən görüşün təsirlərinə toxunan Abbaslı hesab edir ki, Tramp daha çox əhval-ruhiyyə adamıdır. Əgər görüş yaxşı keçərsə, ABŞ-Rusiya münasibətləri və Putin haqqında müsbət rəy bildirəcək.
"Tramp nəzərdə tutulan görüşdə istədiyini ala bilməsə, Rusiyanı sanksiyalarla təhdid edəcək. Həmçinin Putinə hədə-qorxu gələcək”.
Müsahibimizin fikrincə, Tramp Rusiya ilə münasibətlərin yaxşı olmasının tərəfdarıdır. Tramp ticarətçidir və Rusiyaya böyük bazar kimi baxır. O, Rusiyanın təbii ehtiyatlarını ucuz qiymətə əldə etmək istəyir:
“Bu baxımdan Tramp Rusiya ilə münasibətləri düzəltməyə daha çox can atır. Sadəcə Ukrayna məsələsi hazırkı formada qaldığı müddətcə Rusiya ilə münasibətləri normallaşdırmaq elə də asan olmayacaq. Ona görə də iki ölkə arasındakı münasibətlərin səviyyəsi Rusiyadan asılıdır".
Qeyd edək ki, oktyabrın 16-da Putinlə Tramp arasında iki saat yarım davam edən telefon danışığı baş tutub.
Görüşün yekunu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Moskva və Vaşinqton dərhal iki lider arasında Budapeştdə baş tuta biləcək yeni görüşə hazırlaşmağa başlayacaqlar. Uşakovun sözlərinə görə, Amerika lideri Macarıstanın paytaxtını təklif edib, Rusiya prezidenti isə bu ideyanı dəstəkləyib.
Gülşən Şərif