Soyuqdəymə zamanı tez-tez tətbiq edilən bir çox üsulların effektivliyi elmi cəhətdən sübuta yetirilməyib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Bildirilib ki, soğanın viruslarla mübarizədə və ya soyuqdəymə əlamətlərini yüngülləşdirməkdə təsirli olduğuna dair heç bir elmi dəlil yoxdur. Əksinə, onun kəskin qoxusu gözləri və tənəffüs yollarını qıcıqlandıra bilər.
C vitamini qəbulunun da soyuqdəymənin qarşısını almaqda təsirli olmadığı müəyyən edilib.
Nəzərə çatdırılıb ki, sarımsağın tərkibində müəyyən antibakterial xüsusiyyətlərə malik maddələr olsa da, onun soyuqdəyməni müalicə etdiyi və ya qarşısını aldığı sübut olunmayıb. Bundan əlavə, sarımsaq mədə selikli qişasını qıcıqlandıra bilər.
Həmçinin isti buxarla nəfəs almaq da viruslara qarşı təsirli sayılmır. Bu üsul burun tutulmasını azalda bilsə də, tənəffüs yollarının yanması riski yaradır və virusları məhv etmir.
Eyni şəkildə, bitki mənşəli vasitələrin də soyuqdəyməyə qarşı təsirli olduğuna dair etibarlı sübutlar yoxdur.
Sink tərkibli pastillərin effektivliyi barədə nəticələr ziddiyyətlidir. Onlar yalnız soyuqdəymənin ilk 24 saatında qəbul edildikdə xəstəliyin müddətini bir qədər qısalda bilər, lakin bu vasitələrin ürəkbulanma və toksiklik kimi yan təsirləri də mümkündür.
Soyuqdəymə zamanı daha faydalı hesab edilən üsullara isə baldan istifadə, burnun duzlu su ilə yuyulması, otaqda havanın rütubətinin artırılması və kifayət qədər maye qəbul edilməsi daxildir. Bunlar orqanizmin bərpasına və simptomların yüngülləşməsinə kömək edə bilər.
Mina Mikayılova