• Bakı 17° C

    7.51 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Yaxın Şərqdə yeni balans və transatlantik gərginlik: Aİ-nin mesajları...

SİYASƏT

20 Oktyabr 2025 | 15:22

Yaxın Şərqdə yeni balans və transatlantik gərginlik: Aİ-nin mesajları...

Son günlər Avropa İttifaqının İsrailə qarşı sanksiya variantını gündəmə gətirməsi beynəlxalq münasibətlər sistemində yeni gərginlik dalğasının yaranmasına səbəb olub.

Qəzza zolağında baş verən humanitar böhran fonunda atılan bu addım, təkcə İsrailə qarşı narazılığın ifadəsi kimi deyil, həm də Qərb daxilində dərinləşən siyasi fikir ayrılıqlarının təzahürü kimi qiymətləndirilir. Avropa İttifaqının bu qərarı, bir tərəfdən, beynəlxalq hüququn prinsiplərinə və insan haqları məsələlərinə sadiqliyini nümayiş etdirməyə hesablanmış addım təsiri bağışlasa da, digər tərəfdən, ABŞ-la münasibətlərdə yeni ziddiyyət ocağı yarada bilər.

Məhz bu kontekstdə sual yaranır: Aİ-nin İsrailə qarşı sanksiya niyyəti hansı geosiyasi mesajı daşıyır, bu qərar Yaxın Şərqdə güc balansına necə təsir göstərə bilər və ən əsası, transatlantik münasibətlərə hansı istiqamətdə təsir edəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Avropa İttifaqının İsrailə qarşı sanksiya tətbiq etmə niyyəti, təbii ki, Amerika Birləşmiş Ştatlarının hakim dairələrində birmənalı şəkildə qarşılanmayıb:

"Bunun əsas səbəbi, İsrailin ABŞ-nin Yaxın Şərqdəki ən yaxın müttəfiqi və regionda Vaşinqtonun strateji maraqlarının mühüm dayağı olmasıdır. Əslində, Yaxın Şərqin illər öncə “yenidən dizayn olunması” planı da məhz İsrailin təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyırdı".

Elçin Xalidbəyli: Hazırda ABŞ və Avropa İttifaqı arasında münasibətlər onsuz da tam harmonik deyil

Onun sözlərinə görə, belə bir şəraitdə Avropa İttifaqının İsrailə qarşı sanksiya qərarı qəbul etməsi, istər-istəməz, transatlantik münasibətlərdə gərginliyin artmasına gətirib çıxara bilər. Bu, sadəcə, İsrail məsələsi deyil; bu addım, əslində, Brüsselin Vaşinqtona ünvanladığı bir xəbərdarlıq siqnalı kimi də dəyərləndirilə bilər:

"Hazırda ABŞ və Avropa İttifaqı arasında münasibətlər onsuz da tam harmonik deyil. Enerji təhlükəsizliyi, ticarət balansı, Ukrayna müharibəsinə yanaşma və indi də Yaxın Şərq siyasəti kimi məsələlərdə mövcud fikir ayrılıqları daha da dərinləşir. Görünən odur ki, Avropa İttifaqı İsrail üzərindən dolayısı yolla Amerikaya təzyiq göstərmək, öz siyasi müstəqilliyini nümayiş etdirmək niyyətindədir".

Sonda Elçin Xalidbəyli diqqətə çatdırıb ki, lakin bu cəsarətli addım həm də ciddi risklər daşıyır:

"Çünki Avropa ilə Amerika arasında Yaxın Şərq məsələsində yaranacaq kəskin ziddiyyət, Qərb dünyasının birliyinə, onun qlobal güc kimi təsir imkanlarına mənfi təsir göstərə bilər. Avropa İttifaqının İsrailə qarşı sanksiya xətti ilə ABŞ-nin Yaxın Şərq siyasəti arasında dərin fikir ayrılığı formalaşır və bu, gələcəkdə iki tərəf arasında açıq siyasi qarşıdurma ehtimalını da tamamilə istisna etmir".

Əli Hüseynov


SON XƏBƏRLƏR