Təqdim edilən dövlət büdcəsi layihəsi əldə olunmuş Zəfərin ardından sosial rifaha doğru yönəlmiş inkişaf kursunun maliyyə təməli kimi dəyərləndirilir.
Bakıvaxtı.az xəbər verir ki, maliyyə naziri Sahil Babayev bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Nazir vurğulayıb ki, 2026-cı il büdcə sənədi ölkəni Zəfərə aparan xəttin davamı olaraq hazırlanıb:
“Strateji valyuta ehtiyatlarının 82,5 milyard dollara çatması və xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizi həddində olması uzunmüddətli makroiqtisadi sabitliyin təmin edildiyini və aparılan iqtisadi siyasətin effektivliyini nümayiş etdirir”.
Onun sözlərinə görə, dövlətin artan maliyyə resursları sosial müdafiə sahəsinin daha da gücləndirilməsinə imkan yaradır və Azərbaycanın sosial rifah dövləti kimi mövqeyini möhkəmləndirir:
“Prezidentin təşəbbüsü ilə 2025-ci ildə beşinci sosial paket icra olundu, minimum əməkhaqqı, minimum pensiya, həmçinin müxtəlif müavinət və təqaüdlərin məbləğləri artırıldı. Bu addımlar dövlət başçısının xüsusilə həssas qruplara daxil olan vətəndaşların rifahına göstərdiyi diqqətin növbəti təzahürüdür”.
Əli Hüseynov
Bakı 



