Son illər baş tutan beynəlxalq tədbirlərdə Fransa prezidenti Emanuel Makronun Azərbaycan prezidenti İlham Əliyevlə daha səmimi davranmağa çalışdığı müşahidə olunur. Fransanın Ermənistana daim dəstək olduğu hər kəsə məlumdur. Bu konteksdə Fransanın ölkəmizə artan marağı diqqət çəkir.
Hesab etmək olarmı ki, Azərbaycanla Fransa arasında hazırkı konstruktiv münasibətlər sistemi yeni mərhələyə keçir? Fransa ölkəmizə yaxınlaşmaq istəməklə, hansı məqsədləri güdə bilər?
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, Azərbaycan-Fransa münasibətləri Makrondan əvvəlki prezidentlərin dövründə hər zaman yüksək səviyyədə olub:
"Makronun xarici siyasətində olan axsamalar, qeyri-müəyyənlik, beynəlxalq platformalarda Ermənistanın tərəfini tutması və həmişə Qarabağ seperatçılarını gündəmə gətirməsi Azərbaycanla münasibətlərə mənfi təsir göstərib”.
Müsahibimiz qeyd edib ki, eyni zamanda Ermənistana hərbi dəstəyin verilməsi Fransa-Azərbaycan münasibətlərini çox pis səviyyəyə salıb. Politoloqun dediyinə görə, lakin yaxın zamanlarda ölkə başçısı İlham Əliyev bildirdi ki, Fransa ilə Azərbaycan arasında olan gərginlik artıq keçmişdə qalıb.
Yusif Bağırzadə: Azərbaycan-Fransa münasibətləri Makrondan əvvəlki prezidentlərin dövründə həmişə yüksək səviyyədə olub
Y.Bağırzadəyə görə, mövcud vəziyyətdə Azərbaycan-Fransa münasibətlərində yeni mərhələninin başladığını demək olar:
“Belə ki, bütün beynəlxalq platformalarda Fransa prezidenti Emmanuel Makron ölkə başçısı İlham Əliyevə yaxınlaşır, onunla salamlaşır. Bu, iki dövlət arasında olan münasibətlərin yeni səhifəsi kimi xarakterizə oluna bilər".
Politoloq onu da vurğulayıb ki, Fransanın ən böyük neft şirkəti olan "Total" Azərbaycanın neft sektorunda fəaliyyət göstərir. Azərbaycan tərəfindən bu şirkətin fəaliyyəti üçün kifayət qədər şərait yaradılıb. Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən Fransada mədəni abidələrin qorunması ilə əlaqədar dəfələrlə vəsait ayrılıb. Həmçinin sözügedən mədəni obyektlərin açılışında yüksək səviyyədə iştirak olunub.
Gülşən Şərif