• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Mətbuat və söz azadlığı istiqamətində aparılan siyasət: Müsbət nəticələr göz önündədir

LAYİHƏ

06 May 2022 | 13:29

Mətbuat və söz azadlığı istiqamətində aparılan siyasət: Müsbət nəticələr göz önündədir

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. Söz azadlığı dünyada bəlkə də, ən əvəzolunmaz nemətlərdəndir.

Bəşər övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir.

İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində başa gəlib. Bu, danılmaz bir faktdır. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi. Ulu öndərin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaratdı. 2000-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoydu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi də kütləvi informasiya vasitələrini cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevirdi.

Sirr deyil ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin azad fəaliyyətini təmin edən qanunvericilik bazası Avropa standartlarına cavab verməklə yanaşı, bir sıra ölkələr üçün model qanun hesab olunur. Plüralist cəmiyyətin yetişməsi üçün fikir, söz, məlumat azadlığı kimi insan azadlıqlarının nə qədər vacib məsələ olduğu şübhə belə doğura bilməz. Çünki daim tərəqqiyə can atan insan fikir, söz, məlumat azadlığı olmadan tərəqqiyə nail ola bilməz.

Arzu Nağıyev: “Əsas hədəf Azərbaycan vətəndaşının məmnunluğudur...”

Millət vəkili Arzu Nağıyev Bakıvaxtı.az-a bildirib ki, son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahatlar nəticəsində mətbuat və söz azadlığı istiqamətində aparılan siyasət müsbət nəticələr verib: “2021-ci ilin sonunda qəbul edilmiş yeni “Media haqqında” qanun ən ciddi sənədlərdən biridir və düşünürəm ki, hakimiyyət cəmiyyətlə normal əməkdaşlıq mühitinin yaradılmasında maraqlıdır”.

A.Nağıyev deyir ki, beynəlxalq təşkilatlar müstəqil KİV və jurnalist təşkilatları ilə əməkdaşlıqdan çəkinmir, əksər hallarda Azərbaycanda informasiya cəmiyyətində islahatların getdiyini vurğulayır və informasiya üzərində inhisarçılığın aradan qaldırıldığını qeyd edirlər. Onun sözlərinə görə, Azərbaycanda gündən-günə azad KİV və müstəqil jurnalistlərin sayı artmaqdadır: “Misal kimi qeyd edərdim ki, Rusiyada hərbi əməliyyatlar zamanı bir çox ifadələrin işlədilməsinin qadağan edilməsi haqda qanunlar qəbul olundu. Lakin Azərbaycanda 44 günlük müharibədə KİV-lər təbii ki, məxfiliyi qorumaqla informasiya müharibəsinin əsas iştirakçılarından idilər. Eyni zamanda, tənqidi düşüncələr də müsbət istiqamətdə inkişaf edir və təbii ki mətbuatın üzərinə də məsuliyyət düşür. Bəzən tənqidlə təhqir səhv salınır, bunun da məsuliyyəti dərk edilməlidir. QHT-lər də bu işlərdə daha mükəmməl işləməlidirlər”.

Həmsöhbətimizin sözlərinə görə, hakimiyyət orqanları ictimai nəzarətin tərəfdarıdırlar və bu, dəfələrlə bəyan edilib: “Lakin bundan sui istifadələrin də şahidi oluruq. Təbii ki, problemlər də var və bunların aradan qaldırılmasında da ciddi işlər aparılır. Paralel olaraq ölkə vətəndaşları üçün çoxşaxəli seçim imkanları da yaradılıb. Əsas məqam da odur ki, diskussiya aparmaq üçün platformalar və bir sıra münbit şərait yaradılıb”.

Arzu Nağıyev qeyd edib ki, Azərbaycanda əhalinin 81,1 faizi (8,26 milyon) internet istifadəçisidir: “Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub. Qeyd etmək istərdim ki,2021 ci ilin dekabr ayının 1-nə olan statistikaya görə, Azərbaycanda 4 037 400 nəfər aktiv “İnstaqram” istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 39,7%-ni təşkil edir. Azərbaycanda əhalinin 81,1 faizi (8,26 milyon) internet istifadəçisidir. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub”.

Deputat sözlərinə əlavə edib ki, sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest", "YouTube" isə Azərbaycanın sosial media bazarında 11,6% bazar payı ilə 3-cü yerdədir: “Bu üçlükdən sonra sırada "Instagram" ,"Twitter", "Tumblr" ,"VKontakte" və s. gəlir. Bir sözlə, bu istiqamətdə işlər davam etdirilir və müsbət nəticələr əldə edilməkdədir” deyən Arzu Nağıyev onu da vurğulayıb ki, əsas hədəf də Azərbaycan vətəndaşının məmnunluğudur...

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

28 Mart 2024