• Bakı 19° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Uşaqların cəmiyyətdə ləyaqətli yer tutması valideynin ən ali məqsədi olmalıdır

LAYİHƏ

14 Aprel 2022 | 17:35

Uşaqların cəmiyyətdə ləyaqətli yer tutması valideynin ən ali məqsədi olmalıdır

6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Prezident İlham Əliyev: “Uşaqlar cəmiyyətimizin sabahıdır, onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün onlara zəruri şəraitin yaradılması bizim əsas məqsədimizdir”.

Ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsi vacib məsələ olduğuna görə, dövlətimiz bu istiqamətdə gərəkən bütün mühüm tədbirləri görüb və görməyə davam edir. Uşaq və gənclərdə təlim-tərbiyə onların eyni zamanda şəxsiyyət kimi formalaşmasına, dünya görüşünün inkişafına, sosial fəallığının yüksəlməsinə yaxşı təsir edir.

Respublikamızda uşaq və gənclərin mənəvi-əxlaqi inkişafının, tərbiyəsinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müxtəlif tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi olduqca yaxşı ənənəyə çevrilib. Ölkəmizdə uşaq və gənclərin qayğı ilə əhatə olunması mənəvi və sosial mühitdə böyümələri üçün zəruri şərait yaranıb.

Leyla Fətəli: “Uşağa nəyisə aşılamaq istəyiriksə, o işin ona maraqlı tərəflərini başa salmalıyıq”

Uşaq psixoloqu Leyla Fətəli Bakıvaxtı.az-a bildirib ki, indiki dövrdə uşaq yetişdirmək çox çətindir və məsuliyyət tələb edir: “Çünki cəmiyyət tamam fərqlidir. Uşaqlar hazırda olduqca açıqsözlü, dünyagörüşlüdür. Bütün bunlara nəzər yetirdikdə, görürük ki, uşaqları fərqli yöndə yetişdirməliyik. Düzdür, nə hər şeyə çox icazə verməməli, nə də qısıltlamalı deyilik. Uşağa nəyisə aşılamaq istəyiriksə, o işin ona maraqlı tərəflərini başa salmalıyıq”.

Onun sözlərinə görə, hazırkı dövrdə bəzi valideynlərin uşaq böyüdərkən ən böyük səhvlərindən biri onlara qərar qəbul etməkdə icazə verməməkdir. Psixoloq deyir ki, bundan əlavə valideynlər uşaqlara ən xırda mövzuda belə kömək etməyə çalışırlar. Bunu yanlış addım sayn Leyla Fətəlinin sözlərinə görə, çünki hələ də doğru bildiyimiz yalnışlar var ki, onlar hələ də bizim cəmiyyətdə işləyir: “Məsələn, uşaq yıxılanda kömək edib qaldırmaq, “yıxılma”, “niyə yıxıldın”, “eybi yox, böyüyəndə keçər” deməkdir. Uşaq niyə yıxıldığını, necə durmalı olduğunu belə dərk etmir”.

L.Fətəli qeyd edib ki, uşağı bağçada və ya məktəbdə kimsə döyəndə ona “eybi yoxdur” demək olmaz: “Belə olduğu halda, əsasən qız uşaqları qurduğu ailədə şiddət görəndə bunu “sevgi” və ya “ailə vurar” adlandırır. Bu istiqamətdə uşaqları yanlış böyüdürük. Bundan əlavə, uşaqları camaatın uşağı ilə müqayisə edirik. Bu isə uşaqda özünə inamı aşağı salır. Əksinə uşağa demək lazımdır ki, sən daha yaxşısını bacara bilərsən”.

Mütəxəssis hesab edir ki, bizim uşaqlarda vicdan azlığı məsələsi də bunlara görə yaranır: “Böyüyəndə deyirlər ki, anamızdır, eləməlidir də. Valideyn uşağa o qədər vicdan yükləmir ki, onlar bunun aclığını çəkirlər”.

Psixoloq deyir ki, uşaqları dinləmək lazımdır: “Lakin onları telefonla oynaya-oynaya deyil, göz kontaktı yaradaraq dinləmək lazımdır. Nə qədər doğrudur, özü əlinə kitab almayan ana uşağına desin ki, kitab oxu. Nə qədər doğrudur ki, özü telefonla oynayan ana övladına desin telefon zərərlidir, oynama. Uşaq da fikirləşir ki, zərərlidirsə, anam özü niyə telefonla oynayır”.

Onun dediyinə görə, valideynlər maariflənməlidirlər: “Uşaqların fiziki və mənəvi inkişafı üçün birinci valideynlər maarifləndirilməlidir. Onlar kiçik şeylərlə xoşbəxt olmağı bacarmalıdır ki, övladları da onlara bənzəsin”.

Könül Quliyeva: “Valideyn övladına düzgün tərbiyə verərsə, onun sağlamlığının qeydinə qalarsa, o uşaq həmişə öz məsuliyyətini dərk edər”

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva Bakıvaxtı.az-a bildirib ki, hər bir uşağın fiziki və mənəvi inkişafı üçün ana südü ilə qidalanması şərtdir. Onun sözlərinə görə, uşağın mənəvi, psixoloji, doğru tərbiyə olunmasında valideynlərin rolu çox böyükdür: “Yəni, valideyn övladına düzgün tərbiyə verərsə, onun sağlamlığının qeydinə qalarsa, o uşaq da həmişə öz məsuliyyətini dərk eləyər”.

Birlik sədrinin sözlərinə görə, daha sonra, təhsil məsələsi önəmli amildir. K.Quliyeva deyir ki, uşağın həm layiqli vətəndaş kimi yetişməsində, həm də fiziki, mənəvi tərbiyəsində təhsil çox önəmlidir: “Buna görə də uşaqların doğru yetişməsində valideynləri ilə birlikdə müəllimlərin də rolu böyükdür. Hər bir uşağın gələcəkdə cəmiyyətə gərəkli vətəndaş kimi inteqrasiya olunmalarını, şəxsiyyətlərinin formalaşmasını, həmçinin milli ruhda böyüməsini nəzərə alıb təhsilə məsuliyyətlə yanaşmaq lazımdır”.

QHT rəhbəri bildirib ki, əvvəldən valideyn qarşısına məqsəd qoysa, təbii ki, uşağının fiziki və mənəvi inkişafına böyük rol oynayar: “Çünki uşaqların cəmiyyətdə ləyaqətli yer tutması, faydalı elementə çevrilməsi valideynin ən ali məqsədi olmalıdır. Uşaqların fiziki inkişafı üçün ekoloji, gigyenik baxımdan təmiz yerlərdə zaman keçirməsi şərtdir. Çünki mən əksər valideynlərdə müşahidə edirəm ki, uşaqlarını özləri ilə gigiyenik cəhətdən təmiz olmayan, infeksiyalaşmış məkanlara aparırlar”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


SON XƏBƏRLƏR

24 Aprel 2024