• Bakı 18° C

    4.03 m/s

Bu müharibə hələ davam edəcək, çünki... - Politoloqdan ŞƏRH

SİYASƏT

19 Yanvar 2023 | 13:15 | Müəllif: Qalib İbrahimoğlu

Bu müharibə hələ davam edəcək, çünki... - Politoloqdan ŞƏRH

“Rusiyanın istəkləri Ukrayna tərəfindən qəti şəkildə geri çevrilir, Ukraynanın da tələblərini Rusiya qəbul etmir. Görünən budur ki, bu müharibə hələ davam edəcək”.

Bunu Bakıvaxtı.az-a  politoloq Mübariz Göyüşlü deyib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında baş vermiş müharibə hazırda özünün ən gərgin məqamlarındadır: “Təxminən, bir ilə yaxındır ki, Rusiyanın Ukraynaya qarşı aqressiyasının, işğalçı hücumunun şahidi oluruq. Təbii ki, Rusiyanın bütün istək və tələbləri qanunsuz, beynəlxalq hüquqa ziddir. Bu, başqa bir dövlətin suveren hüquqlarının kobud şəkildə pozulmasıdır”.

Politoloq onu da deyib ki, hətta proses zamanı müharibə qanunlarının pozulması müşahidə edilir: “Dinc insanlar, mülki obyektlər hücuma məruz qalır. Buna baxmayaraq, Rusiya, Putin də başda olmaqla hərbi-siyasi rəhbərliyi öz inadından dönmür”.

M.Göyüşlüyə görə, bu müharibədə Rusiyanın da çox ciddi itkiləri olsa da, amma ən böyük çətinliyi Ukrayna yaşayır. Dediyinə görə, Rusiyanın istəkləri Ukrayna tərəfindən qəti şəkildə geri çevrilir, Ukraynanın da tələbləri Rusiya tərəfindən qəbul edilmir:

“Görünən budur ki, bu müharibə hələ davam edəcək. Çünki bu müharibənin bitməsini istəməyən ABŞ, Avropa ölkələri var. Onlar üçün Ukrayna gözəl bir bataqlıq, silahlarının satılması, sınaqdan keçirilməsi, Rusiyanın iqtisadi, siyasi, hərbi böhrana sürüklənməsidir”.

Politoloq qeyd edib ki, Rusiya Ukraynanın zəbt etdiyi torpaqlarını özü üçün həyati əhəmiyyətli bir məqam sayır: “NATO-nun gəlib Rusiya sərhədlərində dayanmaması üçün torpaqlarda öz mövcudluğunu önəmli sayır. Tərəflərin tələbləri yerinə yetirmədiyini gördüyümüz üçün düşünürəm ki, bu qanlı, amansız müharibə hələ bir müddət davam edəcək”.

Mübariz Göyüşlü onu da deyib ki, hər iki tərəf müharibədən yorulub əldən düşmüş haldadır: “Həm Ukrayna, həm də Rusiyanın insan və digər resursları müharibə nəticəsində tamamilə əldən düşmüş vəziyyətdədir. Bəlkə, bu stusasiya onları müharibəni sonlandırmağa məcbur edər. Ancaq prinsipial tələblər yerinə yetirilmədiyindən müharibənin uzanacağını söyləyə bilərik”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026