"Azərbaycan ordusu tərəfindən Fərrux kəndinin azad edilməsi böyük bir nailiyyətdir".
Bunu Bakıvaxtı.az-a deputat Razı Nurullayev deyib.
Onun sözlərinə görə, onsuz orada bütün ərazilər Azərbaycanındır, oradakı rus sülhməramlıları və erməni seperatçıları isə müvəqqətidir: "Amma Fərrux kimi böyük yüksəkliyin, kəndin alınması, təbii ki, erməniləri daha çox narahat edəcək. Onlar biləcək ki, Azərbaycan söz oyunu etmir, sözünü küləyə demir. Azərbaycan deyir və edir. Ona görə də mən bunu yüksək qiymətləndirirəm".
Deputata görə, bu, Rusiyaya da bir mesajdır ki, sülhməramlıların olub-olmaması Azərbaycanı dayandıra bilməz.
R.Nurullayev bildirib ki, rus sülhməramlıları erməni seperatçılarını oradan çıxarmalı id, lakin vəziyyət hələ də dəyişməz qalıb: “Ermənilər orda özlərinə səngər qazır, mühəndis qurğuları düzəldirlər. Onun üçün də onların hamısına zərbə endirib vurmaq lazımdır. Bu gün Rusiyanın Azərbaycandan heç nə tələb etməyə ixtiyarı yoxdur. Ona görə ki, Rusiya, Ermənistan və Azərbaycan arasında müqavilə bağlanıb və rus üzərinə öhdəlik götürüb ki, erməni silahlı birləşmələrini Qarabağdan rədd edəcək. Əks təqdirdə, Azərbaycan da addımını atmalıdır".
Müsahibimiz hesab edir ki, Rusiya erməni silahlı birləşmələrini tərki-silah etməsə, Azərbaycan bu məsuliyyəti üzərinə götürəcək: "Bizim başqa bir yolumuz yoxdur!”
Nuranə Daxilqızı















