Çinin şimal-qərbində genişmiqyaslı meşəsalma proqramı Təklə-Məkan səhrasının kənarlarının ekoloji xüsusiyyətlərini dəyişdirərək, onun bir hissəsini karbon qazını udma zonasına çevirib. Tədqiqatçılar peyk məlumatlarının təhlili, sahə müşahidələri və karbon dövrü modelləri əsasında bu nəticəyə gəliblər.
Bakıvaxtı.az “Proceedings of the National Academy of Sciences” jurnalına istinadla xəbər verir ki, təxminən 337 min kvadrat kilometr ərazini əhatə edən Təklə-Məkan səhrası ənənəvi olaraq minimal bitki örtüyünə malik son dərəcə quraq bir bölgə hesab olunurdu. Bu vəziyyət 1978-ci ildə, ölkədə qoruyucu meşə zolaqları - “Böyük yaşıl divar” adlanan sahəni yaratmaq proqramına start verildiyi vaxt dəyişməyə başlayıb. Rəsmi məlumatlara görə, o vaxtdan bəri 66 milyarddan çox ağac əkilib və 2024-cü ilə qədər səhranın ətrafında 3 min kilometrdən çox məsafədə davamlı “yaşıl zolaq” formalaşıb.
Tədqiqata görə, yağışlı mövsümdə (iyul-sentyabr) bölgədə yağıntının miqdarı ayda 16 millimetrə qədər artır ki, bu da ilin qalan hissəsinə nisbətən təxminən 2,5 dəfə çoxdur. Bu, bitki örtüyünün böyüməsinə və fotosintezin güclənməsinə kömək edir. Peyk müşahidələri quru dövrlərlə müqayisədə səth havasında CO₂ konsentrasiyalarının təxminən 3 ppm azalmasını qeydə alır.
Qlobal karbon balansı modellərindən istifadə yolu ilə aparılan əlavə yoxlama səhra kənarlarının xalis karbon uducusuna - udmanın emissiyaları üstələdiyi ekosistemə çevrildiyini təsdiqləyir.
Yerli səviyyədə də dəyişikliklər qeydə alınır. Bir sıra ərazilərdə toz fırtınalarının azalması və illik yağıntıların artması müşahidə olunub. Müşahidələrə görə, bəzi bələdiyyələrdə qum fırtınalarının baş verdiyi günlərin sayı üç dəfədən çox azalıb.
Eyni zamanda, mütəxəssislər qeyd edirlər ki, bu təsir ətraf dağ silsilələrindən ərimiş sular və suvarma da daxil olmaqla su ehtiyatlarının mövcudluğu sayəsində əldə edilir. Bundan əlavə, bəzi ərazilərdə bitkilərin yaşaması və monomədəniyyətlərin dayanıqlığı ilə bağlı problemlər qeydə alınıb.
Tədqiqatçılar vurğulayırlar ki, bu cür layihələrin qlobal iqlim balansına verdiyi töhfə məhdud olaraq qalır, lakin onlar deqradasiyaya uğramış ərazilərin bərpası və yerli ətraf mühit şəraitinin yaxşılaşdırılması potensialını nümayiş etdirir./Azərtac
Bakı 




