• Bakı 26° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Cinayətlər niyə artır?

CƏMİYYƏT

29 Dekabr 2022 | 15:00 | Müəllif: Qalib İbrahimoğlu

Cinayətlər niyə artır?

Son illər Azərbaycanda cinayətlərin sayı artır. Xüsusən də, yeniyetmə və gənclər arasında törədilən cinayətlərin çoxalması cəmiyyətdə böyük narahatlıqlar doğurur. Biri digərinə adi kobud söz dedikdə ya silaha, ya da bıçağa əl atılır.

Kriminalist Mahmud Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, cəmiyyət olan yerdə cinayət olue: “İnsan faktoru varsa, cinayət də var. Yəni, demək olmaz ki, mütləq qaydada cinayətlər azalmalı və yaxud yox olmalıdır. Bunu, birmənalı olaraq qəbul etmək lazımdır. İnsan mürəkkəb xarakterli məxluqdur. İnsanın səbri, iradəsi, intellekti, tərbiyəsi var”.

M.Hacıyev qeyd edib ki, hər insanın psixoloji durumu eyni deyil: “İnsan var, adi bir sözə reaksiya verir, insan da var səbrlidir. Elə ay, il olur ki, cinayətlərin sayı artır, elə vaxt da olur azalır, normaldır. Cinayətsiz cəmiyyət ola bilər? Heç cür ola bilməz!”.

Psixoloq Günay Kəriminin Bakıvaxtı.az-a dediyinə görə, təəssüflər olsun ki, günümüzdə insanlarda, xüsusilə də gənclərdə aqressiya hallarının həddindən artıq çox olması özünü göstərir: “Gənclərdə bu hal sosial şəbəkələrdə çox vaxt keçirdikləri, ailədaxili münasibətlərin düzgün qurulmaması, sağlam olmayan həyat tərzi, psixoloji və fiziki şiddətə görə rast gəlinir. Bütün bunlar gənclərdə aqressiyanın yaranmasına səbəb ola bilir. Burada bioloji və sosia faktorlar da böyük rol oynayır. Yeniyetmə və gənclərdə hormonal və emosional dəyişikliklər baş verdiyi üçün aqressiya yaranır. Bir uşaq şiddətlə böyüyürsə, təbii ki, gələcəkdə ətrafına eynisini tədbiq edəcək. Uşaqlıqda ailədə nə görürüksə, böyüdükdə tədbiq etməyə başlayırıq”.

Psixoloq qeyd edib ki, ona görə də, ilk növbədə uşaqlara doğru sevgi, qayğı və tərbiyə verilməlidir: “Həmçinin məktəbdə də düzgün tərbiyə verilməli, güclü nəzarət olmalıdır. Hər hansı uşaqda aqressiya, şiddətə meyillilik müşahidə olunursa, məktəb psixoloquna müraciət olunmalıdır. Uşaqların sosial şəbəkələrdə aqressiv oyunlar oynaması və qanlı, şiddət dolu filmlər izləməsinin qarşısı alınmalıdır. Əlbəttə ki, cəmiyyətdə də uşaq v gənclərdə bu cür davranışları qarşısının alınması üçün işlər aparılmalı, maarifləndirici addımlar atılmalıdır. Gənclər daha maraqlı işlərə, təhsilə yönləndirilməlidir. Burada söhbət bizim gələcəyimizdən gedir. Sağlam gələcəyə sahib olmaq üçün sağlam təfəkkürdə gənclər formalaşdırılmalıdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026