• Bakı 23° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

“Bu prosesin əvvəli var, sonu yoxdur” - Tofiq Zülfüqarovla diplomatiya üzərinə SÖHBƏT

MÜSAHİBƏ

09 Iyul 2025 | 10:46

“Bu prosesin əvvəli var, sonu yoxdur” - Tofiq Zülfüqarovla diplomatiya üzərinə SÖHBƏT

Bu gün ölkənin ən səssiz, lakin ən ağır yükünü çiyinlərində daşıyan insanların - diplomatların peşə bayramıdır. Onlar səhnənin arxasında, kamera obyektivindən uzaqda, danışıqlar masasında millətin taleyini yazan söz ustalarıdır. Döyüş meydanında qələbə qılıncla qazanılırsa, diplomatiya səbrlə, soyuqqanlılıqla, strateji düşüncə ilə ucalır.

Azərbaycan diplomatiyası 106 illik bir yol keçib. Bu yolun ilk addımları 1919-cu ilin iyulunda Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatla atılıb. Elə bu səbəbdən 9 iyul tarixi diplomatlarımız üçün xüsusi əhəmiyyət daşıyır – o günün ruhu bu günkü gücümüzün təməlidir.

Zaman dəyişib, amma vətəni təmsil etmək məsuliyyəti dəyişməyib. Azərbaycanın suverenliyini bərpa etdiyi, dünyaya öz sözünü dediyi bu dövrdə diplomatiya bir daha sübut etdi ki, bəzən bir cümlə yüz mərmi gücündə ola bilər.

Məhz belə bir gündə biz diplomatik xidmətin ön cəbhəsində olan, xarici siyasətin incəliklərini dərindən bilən, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovla söhbətləşdik. O, Bakıvaxtı.az-a verdiyi müsahibədə bu sahənin görünməyən tərəfləri, çağırışları və gələcəyi barədə geniş fikirlərini bölüşdü...

- Tofiq müəllim, ilk olaraq sizi və bütün diplomatlarımızı peşə bayramı münasibətilə təbrik edirik. Bu gün Azərbaycan diplomatiyasının harasında dayanmışıq?

- Təşəkkür edirəm. Diplomatiyamız bu gün çox mühüm bir mərhələdədir. Azərbaycan artıq regionun lider dövlətidir və bu mövqeyin möhkəmləndirilməsi üçün diplomatik xidmət orqanları daim fəal çalışır. Bəli, Azərbaycanda bu gün çoxsaylı diplomatlarımız var, xarici nümayəndəliklər, beynəlxalq əlaqələr genişlənib.

Diplomatiyamızın tarixi 1919-cu ildən başlayır, amma bu prosesin sonu yoxdur. O, daim inkişaf edən və zamanla dəyişən bir sahədir. 

- “Bu prosesin əvvəli var, sonu yoxdur” dediniz. Nəyə görə diplomatiya bu qədər dinamik və dayanıqlı bir prosesdir?

- Çünki dövlətin maraqları dəyişmir, amma alətlər və yollar dəyişə bilər. Xarici siyasət bir növ xalqın milli təhlükəsizliyinin, iqtisadi rifahının və beynəlxalq nüfuzunun təmin olunması vasitəsidir. Bu baxımdan diplomatiya yalnız masa arxasında danışıq deyil, həm də uzunmüddətli strateji vizyondur. Azərbaycanın suverenliyinin bərpasında da diplomatiyanın əvəzsiz rolu oldu. Təkcə döyüş meydanı deyil, diplomatik müstəvi də bizim qələbə platformamız idi.

- Bugünkü xarici siyasətin əsas istiqamətləri nələrdir?

- Xarici siyasətimizin başında Prezident İlham Əliyev dayanır. O, çox peşəkar və düşünülmüş diplomatik xətt yürüdür. Əsas istiqamətlərdən biri Qarabağ məsələsindən sonrakı proseslərin düzgün yönləndirilməsidir. Azərbaycanın ərazi bütövlüyü təmin olunub və indi əsas məsələ sülh müqaviləsi, regional kommunikasiyaların açılması, Türk dünyası ilə inteqrasiyanın dərinləşdirilməsi və enerji təhlükəsizliyi məsələləridir. Azərbaycan həm də beynəlxalq təşkilatlarda öz mövqeyini uğurla qoruyur.

- Azərbaycanın diplomatik uğurları içində sizin üçün ən əlamətdar hansı hadisələr olub?

- Ən yaddaqalan və tarixi əhəmiyyət daşıyan uğur, şübhəsiz ki, 2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan diplomatiyasının nümayiş etdirdiyi peşəkarlıqdır. Biz yalnız döyüş meydanında deyil, beynəlxalq arenada da qalib gəldik. Bu müharibə həm də informasiya və diplomatik savaş idi. Azərbaycan diplomatiyası dünya ictimaiyyətinə ölkəmizin haqlı mövqeyini, beynəlxalq hüquqa əsaslanan tələblərimizi və ərazi bütövlüyümüzün bərpasının legitimliyini aydın şəkildə izah etdi. Qələbəmizin siyasi rəsmiləşməsi, postmünaqişə dövrünün idarə olunması və yeni reallıqların tanıdılması baxımından diplomatiya böyük yükü öz üzərinə götürdü. Bu, klassik mənada diplomatiyanın strateji gücə çevrildiyi an idi.

- Sonda bu peşənin daşıyıcılarına - diplomatlarımıza nə demək istərdiniz?

- Əvvəla, hər bir diplomatı - istər gənc kadr, istərsə də uzun illər bu sahədə xidmət göstərmiş təcrübəli diplomatlarımızı bu əlamətdar gün münasibətilə təbrik edirəm. Onlar ağır və məsuliyyətli bir missiyanın daşıyıcılarıdır. Vətəni təmsil etmək, milli maraqları qorumaq, dövlətin mövqeyini dünyaya çatdırmaq böyük şərəf və eyni zamanda böyük məsuliyyətdir. Arzu edirəm ki, Azərbaycan diplomatiyası hər zaman milli maraqlara söykənsin, daha da güclənsin və beynəlxalq aləmdə ölkəmizin sözünü daha yüksəkdən səsləndirsin. Qəlbi vətənlə döyünən hər bir diplomatımıza güc, dözüm və uğurlar arzulayıram!

Əli Hüseynov


SON XƏBƏRLƏR