Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana etdiyi dövlət səfəri iki ölkə arasındakı münasibətlərin strateji xarakterini və ali səviyyəli siyasi dialoqu bir daha nümayiş etdirdi. Tarixi səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın üçüncü iclası keçirildi və tərəflər arasında mühüm sənədlər imzalandı.
Səfər zamanı imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi Dostluq haqqında Müqavilə" iki ölkə arasındakı münasibətləri hüquqi baxımdan ən yüksək müttəfiqlik müstəvisinə qaldırdı. Müqavilə tərəflərin suverenliyinin və təhlükəsizliyinin qarşılıqlı qorunması ilə yanaşı, energetika, nəqliyyat, mədəniyyət və digər strateji sahələrdə dərin inteqrasiyanın əsasını qoyur.
Münasibətlərin bu səviyyəyə yüksəlməsi həm də tarixən mövcud olan qardaşlıq əlaqələrinə söykənir. Belə ki, Özbəkistan torpaqlarımız işğal altında olduğu dövrdə Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib. İki dövlət BMT, İƏT, TDT və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda da səmərəli əməkdaşlıq edir.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakı haqqında qərarın qəbul edilməsi ilə C5 əməkdaşlıq formatı C6 səviyyəsinə yüksəlib.
Millət vəkili Zaur Şükürov Bakıvaxtı.az-a açıqlamasında bilidirib ki, Azərbaycan beynəlxalq münasibətlər tarixində nadir hadisələrdən birinə şahidlik edib.

Deputatın ilk dəfə olaraq Azərbaycanla qardaş Özbəkistan arasında imzalanan "Əbədi Dostluq" müqaviləsinə diqqət çəkib:
"Buna qədər Azərbaycan və Özbəkistan arasında münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlmişdi. Təkcə Özbəkistanla deyil, Mərkəzi Asiyanın digər ölkələri ilə də əlaqələrimiz müttəfiqlik müstəvisindədir. Bu xüsusda, təbii ki, Azərbaycan və Özbəkistan arasında əlaqələr xüsusi önəm kəsb edir. Baxmayaraq ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, Özbəkistan da Mərkəzi Asiyada yerləşən, əhali və sənaye potensialı baxımından aparıcı dövlətlərdən biridir.
Məhz Azərbaycan və Özbəkistan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi və bunun ardınca "Əbədi Dostluq" haqqında müqavilənin imzalanması ikitərəfli münasibətlərin bundan sonra da davamlı şəkildə inkişaf edəcəyini deməyə əsas verir. Söhbət artıq yalnız dövlətlərarası əbədi dostluqdan getmir, eyni zamanda iki qardaş xalq arasında əbədi dostluğun təməli qoyulub. Bununla paralel, Azərbaycan və Özbəkistan arasında Dövlətlərarası Şuranın növbəti iclasının keçirilməsi və mühüm bəyanatların verilməsi çox önəm kəsb edir".
Z. Şükürov əlavə edib ki, 2025-ci ildə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 3 dəfə artaraq 795 milyon dollara çatıb:
"Qısa müddətdə ticarət dövriyyəsinin 3 dəfə artması nadir göstəricilərdən biridir. Bu ilin ilk 6 ayında ötən illə müqayisədə 30 faizdən çox artımın müşahidə edilməsi onu deməyə əsas verir ki, hər iki tərəf iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Qarşıdakı hədəf ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasıdır. Heç şübhəsiz, bu da hər iki tərəfin birgə səyləri nəticəsində mümkündür".
Parlament üzvü vurğulayıb ki, ikitərəfli münasibətlərdə dövlət səfərləri ən yüksək səviyyəli səfərlər hesab olunur:
"Dövlət səfərlərinin ardıcıllığı da iki ölkə arasında münasibətlərin genişlənməsinə və dərinləşməsinə imkan verəcək. Əldə olunan razılaşmalar, imzalanan sənədlər və verilən mesajlar əməkdaşlıq üçün yeni imkanlar açır. Hər iki dövlətin öz regionunda yüksək mövqeyə malik olması gələcəkdə nəqliyyat-logistika sahəsində də əməkdaşlığın inkişafına geniş imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə ölkəmizin Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıq, torpaqlarımızın azad olunması, suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin edilməsi dövlətimizin beynəlxalq nüfuzunu daha da artırıb. Azərbaycanın səyləri ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dünyasının güclənməsi istiqamətində atılan addımların da şahidi olduq. Cənab Prezident öz çıxışında vurğuladı ki, Azərbaycan və Özbəkistanın beynəlxalq nüfuzu getdikcə daha da güclənir. Hər iki ölkə təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birinin mövqeyini müdafiə edir və birmənalı şəkildə dəstəkləyir".
Aydın Baxış




