• Bakı 26° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Hansı məzunlar təyinatla işə göndəriləcək? - AÇIQLAMA 

GÜNDƏM, CƏMİYYƏT

03 Sentyabr 2026 | 09:10

Hansı məzunlar təyinatla işə göndəriləcək? - AÇIQLAMA

Xalq artisti, tanınmış aktyor İlham Namiq Kamal Azərbaycan gənclərinin işsizliyindən danışıb.

"Gənc adam 500 manata kirayə tutsun, yemək yesin və ya paltar alsın?! Bəs bu gənc necə yaşasın?!. 2 ay öncə oğlum Dövlət İqtisad Universitetini bitirdi. Məzun gününə getdim. Orada elan etdilər ki, 6 min tələbə məzun oldu. Hələ bir universitetdən söhbət gedir. Öz-özümə düşündüm ki, bu 6 min tələbə harada işləyəcək? Çox maraqlı hadisədir. Axı indi təyinat da yoxdur. Bunlar harada iş tapacaqlar? Bakıda 6 min məzuna ehtiyac olacaqmı? Amma təyinat olsaydı, onlar regionlara - Xankəndi, Şəkiyə, Gəncə, Naxçıvan və başqa yerlərə üz tutardılar. Bu məsələ aktualdır. Bizim ziyalılar bu çağırışa səs verməlidirlər. Gənclik sabahdan, sabah isə bu gündən başlayır. Bunu unutmaq olmaz", - deyə o bildirib.

Maraqlıdır, indiki halda təyinat məsələsini reallaşdırmaq mümkündürmü?

Bakıvaxtı.az-ın sualını cavablandıran tanınmış təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, Azərbaycamda universitetlərin bir çoxu publik hüquqi şəxslərə çevriliblər. Başqa bir tərəfdən məzun olanlar üçün əmək bazarında geniş bir meydan olmalıdır ki, ora təyinat gerçəkləşsin:

“Bu gün  ayrı-ayrı sahələr var ki, ora təyinatı tətbiq etmək olar. Məsələn, ölkəmizdə çox böyük həkim ordusuna ehtiyac var. Yaxşı olar ki, Tibb Universiteti  təyinat məsələsini bərpa etsin. Yerlərə təyinatla ən azı 3-5 il müddətinə kadr göndərsin. Şərt qoysun ki, bu müddət ərzində təyinatla çalış, sonra istədiyin müəssisəyə üz tuta bilərsən. O halda müəyyən təyinatlar ola bilər. Gənclər görsələr ki, regionlarda onlar üçün xüsusi bir diqqətçəkən təzminatlar, motivasiya verən işlər var, rayonlara həvəs göstərərlər”.

M.Məmmədli hesab edir ki, təyinatla bağlı ikinci ehtiyac yaranan sahə müəllimlikdir:

“Bu gün ucqar yerlərdə, dağ kəndlərində kimya, fizika, biologiya müəllimlərinə hacət duyulur. Bəzi məktəblər müəllim çatışmazlığı ucbatından optimallaşırılır, böyük məktəblərə birləşdirilir ki, fənn müəllimlərinin yetərsayı düzəlsin. Bundan başqa, yaxşı nəticəsi olan tələbələrlə müəssisələr müqavilələr bağlaya bilərlər. O şərtlə ki, universitet yaxşı mütəxəssis hazırlayıb, o müəssisələrə uğurlasın. MİQ imtahanını ali məktəbin özündə keçirmək olar ki, oradan məzun olanlar artıq müəllim kimi fəaliyyətə başlaya bilsinlər. Diplom alandan sonra müəllim işləmək üçün yenidən imtahan verməsinlər. Bu kimi halları nəzərə almaqla müəyyən qədər vakansiyalar təmin etmək olar”.

Ekspert diqqətə çatdırıb ki, hər il 60 min üzərində abituriyent tələbə adını qazanır, 55-60 min tələbə isə məzun olur:

“Təbii ki, onların hamısı üçün əmək bazarında yer yoxdur. Kim daha yaxşı mütəxəssisdirsə, yeri də o seçib, özü üçün təmin edir. Kənd təsərrüfatı, tibb və təhsil sahəsində təyinatlar vermək olar. Pilot layihə kimi başlamaq olar, amma əvvəlki illərə dönüş mümkün deyil”. 

İqtisadçı-ekspert Akif Nəsirli Bakıvaxtı.az-a söyləyib ki, sovet dövründə universitet məzunlarının işlə təmin olunmasında təyinat sistemi mühüm rol oynayırdı. Bunun əsas səbəbi əmək bazarının indiki kimi sərbəst olmaması və iqtisadiyyatın dövlət tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə edilməsi idi:

“Dövlət hansı sahədə nə qədər kadra ehtiyac olduğunu müəyyənləşdirir, məzunları həmin ehtiyaca uyğun olaraq müəssisələrə göndərirdi. Bu sistem müəyyən üstünlüklər versə də, insanın öz peşə və iş yerini sərbəst seçmək imkanlarını məhdudlaşdırırdı. Bugünkü bazar iqtisadiyyatında sovet tipli məcburi təyinat sisteminin tam şəkildə bərpası məqsədəuyğun görünmür. Çünki özəl sektorun böyük paya malik olduğu şəraitdə universitetin məzunu hansı şirkətdə və ya müəssisədə işləməli olduğunu inzibati qaydada müəyyən etmək həm işəgötürənin, həm də məzunun seçim hüququnu məhdudlaşdırar”.

Müsahibimiz vurğulayıb ki, əmək bazarının tələbləri çox sürətlə dəyişir və universitetin məzun olduğu anda müəyyən etdiyi iş ehtiyacı bir neçə il sonra fərqli ola bilər:

“Lakin universitetlərin məzunları tamamilə əmək bazarının ixtiyarına buraxması da düzgün yanaşma deyil. Əsas problem məhz burada yaranır. Gənc universiteti bitirir, diplom alır, amma hansı müəssisələrdə onun ixtisasına ehtiyac olduğunu, işə necə müraciət etməli olduğunu və əmək bazarında hansı bacarıqların tələb olunduğunu bilmir. Bu səbəbdən klassik təyinatın əvəzinə müasir və könüllü işə yönləndirmə mexanizmi tətbiq edilə bilər. Məsələn, universitetlər dövlət və özəl müəssisələrlə daha sıx əməkdaşlıq edə, tələbələrin son kurslardan etibarən şirkətlərdə təcrübə keçməsini təmin edə bilərlər. Müəssisələr real vakansiyalarını universitetlərə təqdim edə, tələbələr isə həmin vakansiyalara könüllü şəkildə müraciət edə bilərlər. Bu halda universitet məzuna “sən burada işləməlisən” demir, ona real iş imkanlarını təqdim edir. Xüsusilə dövlət hesabına təhsil alan və əmək bazarında yüksək tələbat olan ixtisaslar üzrə müəyyən öhdəliklərin tətbiqi də müzakirə edilə bilər. Məsələn, dövlətin xüsusi ehtiyac duyduğu həkim, müəllim, mühəndis və digər kadrların hazırlanmasına böyük vəsait ayrılırsa, həmin şəxslərin müəyyən müddət ölkə daxilində və ya ehtiyac olan regionlarda işləməsi üçün könüllü müqavilə əsaslı mexanizm yaradıla bilər. Amma bunun şərtləri əvvəlcədən aydın olmalı və məzunun hüquqları qorunmalıdır. Belə yanaşma xüsusilə regionlarda kadr çatışmazlığının aradan qaldırılması baxımından faydalı ola bilər”.

A.Nəsirli onu da əlavə edib ki, hazırda bəzi rayonlarda müəllim, həkim, mühəndis və digər mütəxəssislərə ehtiyac olduğu halda, böyük şəhərlərdə müəyyən ixtisaslar üzrə məzunların iş tapması çətinləşə bilir:

“Universitet, dövlət və işəgötürən arasında koordinasiya bu uyğunsuzluğu azaltmağa kömək edə bilər. Ona görə məsələni “təyinat olsun, yoxsa olmasın?” formasında qoymaqdan daha çox, “universitet məzunun əmək bazarına keçidini necə təmin etməlidir?” sualı üzərindən müzakirə etmək daha doğrudur. Sovet dövrünün məcburi təyinat sistemini geri qaytarmaq əvəzinə, əmək bazarının real tələblərinə əsaslanan, məzunun seçiminə hörmət edən və işəgötürənin ehtiyaclarını nəzərə alan müasir kadr yönləndirmə sistemi qurmaq daha effektiv olardı.Belə sistemdə universitet sadəcə diplom verən müəssisə deyil, tələbəni təhsildən əmək bazarına keçirən əsas platformalardan birinə çevrilməlidir. Bu həm gənclərin işsiz qalması riskini azaldar, həm də işəgötürənlərin ixtisaslı kadr tapmasını asanlaşdırar”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026