“Vitamin "D"nin dozası analiz nəticəsinə uyğun müəyyən edilməlidir”
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Mütəxəssis bildirib ki, payız-qış mövsümünə hazırlıq zamanı immun sisteminin dəstəklənməsi üçün "D" və "C" vitaminləri, omega-3 yağ turşuları və sinkə ehtiyac ola bilər. Lakin bu preparatların, xüsusilə vitamin "D"nin həkim məsləhəti olmadan qəbul edilməsi düzgün deyil.
“Əvvəlcədən vitamin "D"nin səviyyəsi qanda yoxlanılmalı və laborator analizlərin nəticəsinə uyğun olaraq doza müəyyən edilməlidir. Həkim məsləhəti olmadan hər hansı dərman və ya vitamin qəbul etmək olmaz”, - deyə G.İsmayılova vurğulayıb.
Terapevt qeyd edib ki, vitamin "D"nin nəzarətsiz qəbulu hipervitaminoza səbəb ola və ciddi fəsadlar yarada bilər. Bu səbəbdən preparatların qəbulu zamanı pasiyentin fərdi göstəriciləri nəzərə alınmalıdır.
G.İsmayılova özbaşına müalicənin digər dərmanlara da aid olduğunu diqqətə çatdırıb. O, xüsusilə baş ağrısı zamanı ağrıkəsicilərin həkim məsləhəti olmadan qəbul edilməsinin düzgün olmadığını bildirib.
“Baş ağrısı bir çox xəstəliklərin klinik əlaməti ola bilər. Ağrıkəsici qəbul etməklə simptomu müvəqqəti gizlətmək əsas xəstəliyin vaxtında aşkarlanmasını gecikdirə bilər. Əlamətin səbəbi vaxtında araşdırılıb diaqnoz qoyulduqda müalicə də daha rahat aparılır”, - deyə terapevt əlavə edib.
Zeynəb Rzayeva




