Azərbaycan Respublikası Auditorlar Palatasının yaradılmasının 30 illiyi münasibətilə
Bazar iqtisadiyyatına keçid dövründə hər bir dövlət qarşısında duran mühüm vəzifələrdən biri şəffaf, səmərəli və beynəlxalq standartlara cavab verən maliyyə nəzarəti sisteminin formalaşdırılması idi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası da bu zərurəti vaxtında dərk edərək iqtisadiyyatın demokratik prinsiplər əsasında idarə olunması istiqamətində mühüm addımlar atdı.
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, dövlət quruculuğunda strateji yol iqtisadiyyatın demokratik yollarla idarə edilməsi ilə sıx bağlıdır. Məhz bu konseptual yanaşmanın məntiqi nəticəsi olaraq Azərbaycanda müstəqil auditor xidmətinin hüquqi və institusional əsasları formalaşdırıldı.
Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Auditor xidməti haqqında” 16 sentyabr 1994-cü il tarixli 882 nömrəli Qanun ölkəmizdə audit institutunun formalaşdırılmasının hüquqi bünövrəsini təşkil etdi. Bu addım təsadüfi deyildi. Dövlət idarəetmə sistemində aparılan köklü islahatlar, xəzinədarlıq sisteminin yaradılması, nazirlik və komitələrdə mövcud olan köhnə nəzarət-təftiş qurumlarının ləğvi beynəlxalq təcrübəyə uyğun yeni maliyyə nəzarəti mexanizminin – audit institutunun tətbiqini zəruri edirdi.
“Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir.”
— Heydər Əliyev, Azərbaycan xalqının Ümummilli Lideri
Müasir dövrdə isə iqtisadiyyatın rəqəmsallaşması, süni intellektin tətbiqi və yeni texnoloji imkanların genişlənməsi audit sahəsi qarşısında da yeni vəzifələr müəyyənləşdirir.
“Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.”
— İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Qanunun qəbulundan bir il sonra – 19 sentyabr 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 1115 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamə təsdiq edildi. Bununla Auditorlar Palatasının statusunu, funksiyalarını və səlahiyyətlərini müəyyənləşdirən əsas hüquqi baza formalaşdırıldı.
Qanunvericiliyə əsasən, Auditorlar Palatası auditor xidmətinin dövlət tənzimlənməsini həyata keçirən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən müstəqil maliyyə orqanı kimi müəyyənləşdirildi.
Palataya sərbəst auditorlara və auditor təşkilatlarına lisenziyaların verilməsi, onların fəaliyyətinə nəzarət, ixtisas imtahanlarının təşkili, audit standartlarının hazırlanması və təsdiqi, təkrar auditlərin aparılması kimi mühüm səlahiyyətlər həvalə edildi.
Bundan əlavə, Palata sərbəst auditorların və auditor təşkilatlarının uçotunu aparır, onların fəaliyyəti ilə bağlı hesabat formalarını təsdiq edir, auditor xidmətinin inkişafına dair təkliflər hazırlayır, sifarişçilərlə auditorlar arasında yaranan mübahisələrə baxır, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək Azərbaycanın audit sahəsində maraqlarını beynəlxalq müstəvidə təmsil edir.
Azərbaycan Prezidenti İlham Əliyev “Auditor xidməti haqqında” Qanunun qəbulunu ulu öndər Heydər Əliyevin bazar iqtisadiyyatına keçid siyasətinin, cəmiyyətdə maliyyə şəffaflığının təmin edilməsinə və bazar infrastrukturu sistemində auditə verilən yüksək qiymətin parlaq təzahürü kimi dəyərləndirib.
Sonrakı illərdə qəbul edilmiş “Daxili audit haqqında” Qanun, eləcə də “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” 22 may 2007-ci il tarixli Qanun dövlətin auditor peşəsinə verdiyi əhəmiyyətin ardıcıl şəkildə davam etdirildiyini göstərdi.
Müstəqil audit institutunun formalaşması
Bu hüquqi zəmin üzərində Azərbaycan Respublikasının Auditorlar Palatası 5 aprel 1996-cı ildə faktiki olaraq fəaliyyətə başladı. Həmin il Palatanın kollektivi formalaşdırıldı, ilk üzvlər qəbul edildi və 22 may 1996-cı ildə idarəetmə orqanı olan Şura yaradıldı.
Şuranın ilk tərkibinə Palatanın sədri, professor Vahid Novruzov, sədr müavini Fəxrəddin İsmayılov, struktur bölmələrinin rəhbərləri, auditor təşkilatlarının və sərbəst auditorların nümayəndələri, eləcə də Maliyyə Nazirliyinin nümayəndəsi daxil edildi.
Elə həmin il – 22 may 1996-cı il tarixli 20 nömrəli əmrlə səkkiz nəfərdən ibarət ilk imtahan komissiyası yaradıldı və auditor imtahanlarının keçirilməsinə başlanıldı.
Nəticədə ölkədə auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən ilk 10 lisenziya sərbəst auditorlara, ilk lisenziyalar isə “Azər-Audit” auditor firması başda olmaqla bir sıra auditor təşkilatlarına təqdim edildi. Bununla da Azərbaycanda müstəqil auditor institutunun praktiki fəaliyyəti rəsmən başladı.
Palatanın 1996-cı ildəki ilk Şura tərkibinə professor Vahid Novruzovla yanaşı, sədr müavini Fəxrəddin İsmayılov, Standartlaşdırma departamentinin direktoru Qəşəm Bayramov, Auditor xidməti və onun metodik təminatı departamentinin direktoru Ramiz Qənizadə, “Balans Audit” Audit Məsləhət Firmasının direktoru Əli Nəbiyev, sərbəst auditor Cəfər Həsənov və Maliyyə Nazirliyinin Mühasibat uçotunun metodologiyası baş idarəsinin rəisi Sabir İsmayılov daxil idi.
Bu tərkib sonrakı onilliklər ərzində Azərbaycan auditinin əsas metodoloji və institusional istiqamətlərinin formalaşdırılmasında mühüm rol oynayan peşəkar nüvəyə çevrildi.
İnstitusional inkişaf və peşəkar idarəetmə
Zaman keçdikcə Auditorlar Palatasının institusional strukturu da əhəmiyyətli dərəcədə inkişaf etdi. Hazırda Şuranın yanında beynəlxalq audit standartları və auditor fəaliyyətinin metodoloji təminatı, keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi, haqsız rəqabətə qarşı mübarizə, auditorların ixtisasartırması və peşə təhsili, auditin hüquqi təminatı və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə komitələr fəaliyyət göstərir.
Bununla yanaşı, Etika, mübahisələr və intizam komissiyası, İctimai Nəzarət Komitəsi, Veteranlar Şurası və Qadınlar Şurası da Palatanın fəaliyyətində mühüm yer tutur.
Palatanın fəaliyyətə başladığı ilk dövrlərdən etibarən milli audit standartlarının hazırlanması prioritet istiqamətlərdən biri olub. Standartların hazırlanması zamanı Beynəlxalq Mühasiblər Federasiyasının və Audit Təcrübəsi üzrə Beynəlxalq Komitənin formalaşdırdığı beynəlxalq audit standartlarından yaradıcı şəkildə istifadə edilib, auditin peşəkar səriştə, müstəqillik, obyektivlik və kifayət qədər auditor sübutlarının əldə olunması kimi fundamental prinsipləri milli qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq tətbiq edilib.
Auditor peşəsinin cəmiyyət qarşısında məsuliyyətini əks etdirən Auditorların Peşə Etikası Məcəlləsi ilk dəfə 2002-ci ildə nəşr edilib, 2006-cı ildə isə təkmilləşdirilərək yenidən çap olunub.
Məcəllə auditorların müstəqilliyi, obyektivliyi və peşəkar məsuliyyəti ilə bağlı mühüm etik çərçivə müəyyənləşdirərək auditor peşəsinə ictimai etimadın möhkəmləndirilməsinə mühüm töhfə verib.
30 illik inkişafın statistik göstəriciləri
Otuz illik fəaliyyət ərzində əldə olunan nəticələr statistik göstəricilərdə də aydın şəkildə əks olunur.
1996-cı ildə ölkədə cəmi 5 yerli auditor təşkilatı və 2 sərbəst auditor fəaliyyət göstərirdisə, 2010-cu ildə bu rəqəmlər müvafiq olaraq 41 təşkilata və 40 auditoradək yüksəlib. Xarici nişandan istifadə edən auditor təşkilatlarının sayı isə 3-dən 7-yə çatıb.
2010–2025-ci illər ərzində inkişaf dinamikası daha da sürətlənib. Belə ki, yerli auditor təşkilatlarının sayı 41-dən 201-ə, sərbəst auditorların sayı 40-dan 66-ya, xarici nişandan istifadə edən auditor təşkilatlarının sayı isə 7-dən 16-ya yüksəlib.
Bu dinamika auditor xidmətlərinə bazarda tələbatın artdığını, sektorun institusional imkanlarının genişləndiyini və peşəkar auditor icmasının formalaşdığını göstərir.
Auditor xidmətlərinin həcmi üzrə göstəricilər də mühüm artımı əks etdirir. 1996-cı ildə bağlanmış müqavilələrin sayı 179, onların ümumi məbləği isə 0,7 milyon manat olub. 2010-cu ildə bu göstəricilər 3530 müqavilə və 31 milyon manat təşkil edib.
2025-ci ildə isə bağlanmış müqavilələrin sayı 7815-ə, onların ümumi məbləği 152 milyon manata çatıb. Yerinə yetirilmiş müqavilələr üzrə də əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2010-cu ildə 2831 müqavilə üzrə 2,5 milyon manatlıq xidmət göstərildiyi halda, 2025-ci ildə bu göstəricilər 6783 müqavilə və 113,7 milyon manat təşkil edib.
Kadr hazırlığı və peşəkar inkişaf
Bu nəticələrin arxasında ardıcıl kadr hazırlığı siyasəti dayanır.
1996–2010-cu illər ərzində 28 dəfə auditor imtahanı keçirilib. İmtahanlarda 443 vətəndaş iştirak edib, onlardan 367 nəfəri, yəni 82,8 faizi uğur qazanaraq auditor adı əldə edib.
2011–2025-ci illərdə isə 37 dəfə auditor imtahanı təşkil olunub. Bu imtahanlarda 455 nəfər iştirak edib və 413 nəfər, yaxud 90,8 faiz namizəd müvəffəqiyyət qazanıb.
Müvəffəqiyyət göstəricisinin yüksəlməsi həm qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, həm də namizədlərin peşə hazırlığı səviyyəsinin yüksəlməsi baxımından diqqətəlayiq nəticədir.
Bundan əlavə, daxili audit sahəsi üzrə 34 kurs təşkil edilib və həmin kursları başa vuran 306 nəfər daxili auditor sertifikatı əldə edib.
Kadr hazırlığı yalnız sərbəst auditorlarla məhdudlaşmır. Auditor təşkilatlarında çalışan assistent və mütəxəssislər üçün də mütəmadi ixtisasartırma kursları təşkil edilir. Tədris prosesinə yüksək peşəkarlığa malik auditorların cəlb olunması nəzəri biliklərlə real audit praktikası arasında birbaşa əlaqənin yaradılmasına imkan verir.
Rəqəmsal transformasiya – yeni mərhələnin əsas istiqaməti
Son illərdə Auditorlar Palatasının fəaliyyətində rəqəmsal transformasiya prioritet istiqamətlərdən birinə çevrilib.
Auditorların fəaliyyəti üçün 24/7 rejimində işləyən onlayn “Şəxsi kabinet” sistemi yaradılıb. “e-audit.gov.az” platforması vasitəsilə auditorlar Palata ilə bağlı rəsmi prosedurları məsafədən həyata keçirmək imkanı əldə ediblər.
Auditor adının alınması prosesi tam onlayn rejimə keçirilib və bu məqsədlə “icaze-audit.gov.az” platforması istifadəyə verilib.
Bununla yanaşı, audit xidmətlərinin minimal dəyərinin hesablanması üçün xüsusi kalkulyator, auditor sertifikatlarının yoxlanılması üçün QR-kod sistemi tətbiq olunub, audit prosesinin sənədləşdirilməsi məqsədilə rəqəmsal audit sistemi mərhələli şəkildə istifadəyə verilib.
Rəqəmsallaşma ilə yanaşı, informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Palata əməkdaşlarının fişinq və məlumat oğurluğu riskləri barədə mütəmadi məlumatlandırılması, şəbəkə girişlərinin gündəlik təhlili və SSL sertifikatlarının hər il yenilənməsi informasiya təhlükəsizliyinin diqqətdə saxlanıldığını göstərir.
Dövlət proqramlarında iştirak
Auditorlar Palatasının institusional inkişafı dövlətin sosial-iqtisadi siyasətindən kənarda baş verməyib. Palata fəaliyyəti dövründə 7 dövlət proqramının icrasında yaxından iştirak edib.
Bu proqramlar sırasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, yoxsulluğun azaldılması və davamlı inkişaf, qiymətli kağızlar bazarının inkişafı, açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə istiqamətlərini əhatə edən dövlət proqramları xüsusi yer tutur.
Bu proqramların icrası çərçivəsində Palata audit fəaliyyətinin təkmilləşdirilməsi, maliyyə intizamının gücləndirilməsi, şəffaflıq və hesabatlılıq prinsiplərinin təşviqi istiqamətində institusional dəstək göstərib.
Beynəlxalq əməkdaşlıq və nüfuz
Palatanın beynəlxalq müstəvidə mövqeyi də illər ərzində davamlı şəkildə möhkəmlənib.
Palata 2003-cü ilin mayında Avropa Mühasiblər və Auditorlar Federasiyasına (EFAA), 2007-ci ilin aprelində Sertifikatlı Mühasiblərin və Auditorların Avrasiya Şurasına (ESSBA), 2008-ci ilin noyabrında Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC), 2021-ci ilin dekabrında isə Avrasiya Mühasiblər və Auditorlar Qrupuna üzv olub.
IFAC-ın üzvlük tələblərinə uyğun olaraq Fəaliyyət Planı hər dörd ildən bir federasiyaya təqdim edilir.
Palata 2011-ci ildən etibarən Ukrayna, Moldova, Rusiya, Sankt-Peterburq, Gürcüstan və digər ölkələrin peşəkar audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq sazişləri, memorandumlar və niyyət protokolları imzalayıb.
Bu əməkdaşlıq müxtəlif beynəlxalq konfrans və forumlarda da öz əksini tapıb. 1997-ci ildə Türkiyə Respublikasının Sayıştay Başkanlığının nümayəndə heyəti Palatada rəsmi görüş keçirib. 1998-ci ildə Palatanın nümayəndə heyəti İNCOSAI-nin Uruqvayda keçirilən 16-cı konqresində iştirak edib.
2004-cü ildə “Auditor xidməti haqqında” Qanunun qəbulunun 10 illiyi münasibətilə “Keçid iqtisadiyyatı ölkələrində auditin inkişaf problemləri” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.
2011-ci ilin sentyabrında Bakıda Avropa və Asiyanın nüfuzlu qurumlarının nümayəndələrini bir araya gətirən Mühasiblərin və Auditorların III Avrasiya Forumu təşkil olunub.
2012-ci ildə isə Rumıniya, Rusiya və Qazaxıstanın audit qurumlarının iştirakı ilə “Müasir şəraitdə şəffaflığın artırılmasında auditin rolu” mövzusunda beynəlxalq simpozium keçirilib.
Azərbaycan auditinin beynəlxalq nüfuzunun göstəricilərindən biri də Auditorlar Palatasının 44 nəfər fəxri üzvünün olmasıdır. Bu sırada Rumıniya, Qazaxıstan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Belarus, Moldova, Pakistan, Litva və Monteneqronun aparıcı audit və mühasibatlıq qurumlarının rəhbərləri və nümayəndələri təmsil olunur.
Dövlət diqqəti və yüksək qiymətləndirmə
Auditorlar Palatasının fəaliyyətinə dövlət tərəfindən göstərilən diqqət ən yüksək səviyyədə öz təsdiqini tapıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Palatanın sədri, professor Vahid Novruzov Azərbaycanda auditor xidmətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Bundan əlavə, dövlət başçısının 15 sentyabr 2011-ci il, 4 aprel 2016-cı il və 15 aprel 2021-ci il tarixli sərəncamları ilə Auditorlar Palatasının auditor xidmətinin inkişafında xüsusi xidmətləri olan bir qrup əməkdaşı və üzvü “Tərəqqi” medalı ilə təltif olunub.
Palatanın 20 illik yubileyi münasibətilə 4 aprel 2016-cı il tarixli sərəncamla Auditorlar Palatasının Şurasının üzvü, Palatanın hazırkı icraçı direktoru Səbuhi Gülməmmədov da daxil olmaqla, sistemin inkişafında xidmətləri olan bir qrup mütəxəssis yüksək dövlət təltiflərinə layiq görülüb.
Palatanın fəaliyyəti Prezident İlham Əliyevin 2004, 2006, 2016, 2017 və 2023-cü illərdə göndərdiyi rəsmi təbrik məktublarında da yüksək qiymətləndirilib.
Elmi-metodik və nəşriyyat fəaliyyəti
Palatanın nəşriyyat fəaliyyəti də 1996-cı ildən etibarən zəngin elmi-metodik irs formalaşdırıb.
“Audit (izahlı lüğət)” (1996), “Auditin əsasları” (1997), “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” (1998), “Audit. Qanunvericilik və normativ sənədlər” çoxcildliyi, “Audit. Ali məktəblər üçün dərs vəsaiti” (2001), “Daxili audit standartları” (2001), “Auditorların Peşə Etikası Məcəlləsi” (2002) və “Azərbaycanın milli audit standartları” (2004) kimi nəşrlər ölkədə audit sahəsində elmi-metodik bazanın formalaşdırılmasına mühüm töhfə verib.
Bu nəşrlərin müəllif kollektivində Palatanın sədri, professor Vahid Novruzovla yanaşı, Qəşəm Bayramov, Ramiz Qənizadə, Rza Zülfüqarzadə, Şakir Yaqubov, Yaşar Məmmədov, Arif Eyvazov, Həsən Allahverdiyev, Əli Əlirzayev, Lalə Nəsibova və Malik Əliyev kimi mütəxəssislər yer alıb.
Palata konfrans materiallarının, sahəvi audit proqramlarının, tədris vəsaitlərinin, qaydaların, təlimatların və metodik göstərişlərin nəşrini də davam etdirir.
Bu nəşrlər həm peşəkar auditorlar, həm də ali məktəblərdə mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan tələbələr üçün mühüm mənbə rolunu oynayır.
Şəffaflıq, hüquqi nəzarət və haqsız rəqabətə qarşı mübarizə
Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində səlahiyyətli dövlət orqanları ilə əməkdaşlıq Palatanın yarandığı gündən etibarən əsas fəaliyyət istiqamətlərindən biri olub.
Otuz il ərzində Auditorlar Palatasına daxil olmuş 598 müraciət əsasında auditor yoxlamaları aparılıb. Bu müraciətlər prokurorluq, nazirliklər, məhkəmələr, polis idarələri, icra şöbələri və digər hüquq-mühafizə orqanlarından daxil olub.
Yoxlamaların keyfiyyətinin yüksəldilməsi və nəticələrin vaxtında təqdim olunması məqsədilə “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair Qayda” hazırlanıb və Palata Şurasının 25 avqust 2017-ci il tarixli qərarı ilə təsdiq edilib.
Auditor fəaliyyətində haqsız rəqabət və dempinq hallarının qarşısının alınması da Palatanın diqqət mərkəzində saxladığı istiqamətlərdəndir.
Bu məqsədlə Palata sədrinin 24 yanvar 2022-ci il tarixli əmri ilə haqsız rəqabətə qarşı mübarizə üzrə ayrıca struktur bölmə yaradılıb. 2022-ci il auditor icmasında “Haqsız rəqabətlə mübarizə ili” elan edilib.
Həmin il ərzində Türkiyənin bu sahədə formalaşdırdığı institusional təcrübə öyrənilib və auditor xidmətlərinin dəyərinin minimum hədləri, haqsız rəqabət hallarının qarşısının alınmasına dair prosedur qaydaları, reklam qadağası haqqında əsasnamə də daxil olmaqla 11 metodik vəsait qəbul edilib.
Keyfiyyətə nəzarət və ictimai etimad
Auditorların apardığı yoxlamaların keyfiyyətinə nəzarət Palatanın daimi fəaliyyət istiqamətlərindən biridir.
Palata Şurası yanında fəaliyyət göstərən Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə komitə auditorların və auditor təşkilatlarının apardığı auditlərin beynəlxalq standartlara uyğunluğunu mütəmadi olaraq qiymətləndirir, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tövsiyələr hazırlayır.
Qanun pozuntusuna yol verildiyi hallarda isə Palata auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanın geri alınması ilə bağlı səlahiyyətlərə malikdir.
Bu nəzarət mexanizmləri auditor xidmətinin keyfiyyətinin davamlı yüksəldilməsinə və auditor peşəsinə cəmiyyətdə formalaşmış etimadın qorunmasına xidmət edir.
Palatanın beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi tərcümə və nəşr fəaliyyəti də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Palata hər il fəaliyyətinin yekunlarına dair hesabatın qısa icmalını hazırlayaraq ingilis dilinə tərcümə edir və Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) təqdim edir.
Eyni zamanda, Beynəlxalq Audit Standartlarına edilmiş son dəyişikliklər Palatanın rəsmi müraciəti əsasında ingilis dilindən Azərbaycan dilinə tərcümə olunur, redaktə və korrektədən sonra nəşr edilərək auditor icmasının istifadəsinə verilir.
Bu ardıcıl tərcümə və nəşr fəaliyyəti Azərbaycan auditinin beynəlxalq standartlarla ayaqlaşmasına mühüm töhfə verir.
Növbəti hədəflər və inkişaf strategiyası
Otuz illik yubiley ərəfəsində geriyə nəzər saldıqda aydın görünür ki, Auditorlar Palatasının qarşısında duran əsas vəzifə yalnız əldə olunan nailiyyətləri qeyd etmək deyil. Əsas məqsəd formalaşmış təcrübəni gələcək inkişafın etibarlı təməlini təşkil edən institusional resursa çevirməkdir.
Bu baxımdan Palatanın bütün struktur bölmələrinin – tənzimləyici, metodoloji, tədris və beynəlxalq əməkdaşlıq istiqamətlərinin – əlaqəli və sistemli fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası dərinləşdikcə müstəqil audit xidmətlərinə olan tələbatın da artacağı gözlənilir. Bu isə Auditorlar Palatası qarşısında yeni və daha mürəkkəb vəzifələr qoyur.
Həmin vəzifələrin uğurla həyata keçirilməsi üçün zəruri institusional, kadr və metodoloji potensial artıq otuz illik fəaliyyət dövründə formalaşdırılıb. Növbəti mərhələdə bu potensialın daha da gücləndirilməsi Azərbaycan auditinin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə xidmət edəcək.
Otuz il ərzində qazanılan təcrübə göstərir ki, müstəqil auditin cəmiyyətdə nüfuzu yalnız möhkəm qanunvericilik bazası ilə deyil, həm də gündəlik peşəkar fəaliyyətin keyfiyyəti ilə müəyyənləşir.
Bu baxımdan Auditorlar Palatasının 30 illik yubileyi həm də Azərbaycan auditorları qarşısında peşəkar məsuliyyətin daha da artırılması, yeni çağırışlara adekvat cavab verilməsi və ictimai etimadın daha da möhkəmləndirilməsi baxımından mühüm mərhələdir.
Üç inkişaf konsepsiyası – vahid strateji xətt
Bu günə qədər Auditorlar Palatası ardıcıl olaraq üç inkişaf konsepsiyası hazırlayıb.
Bunlar “Audit sisteminin islahatı konsepsiyası” (1999–2011), “Auditor xidmətinin inkişaf konsepsiyası” (2012–2020) və hazırda icra olunan “Auditor fəaliyyətinin inkişaf konsepsiyası”dır (2021–2030).
Hazırkı konsepsiya 13 bölmə üzrə 276 tədbirin həyata keçirilməsini nəzərdə tutur. Bu tədbirlər auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai etimadın artırılması, qabaqcıl xarici təcrübənin tətbiqi, rəqəmsal iqtisadiyyat şəraitində innovasiyaların təşviqi, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və normativ-hüquqi bazanın təkmilləşdirilməsi kimi istiqamətləri əhatə edir.
Palatanın sədri, professor Vahid Novruzovun qeyd etdiyi kimi, Konsepsiyanın məqsədi yalnız mövcud çətinliklərə reaksiya vermək deyil, gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün dinamik və çevik konseptual yanaşma formalaşdırmaqdır.
Bu yanaşma Azərbaycan auditinin növbəti onilliklərdə də davamlı inkişafının mühüm təminatlarından biridir.
Nəticə
Bu gün Azərbaycan Respublikası Auditorlar Palatası ölkənin maliyyə nəzarəti sistemində dövlət auditinin, kənar auditin və daxili auditin qarşılıqlı və səmərəli fəaliyyətinin təmin olunmasını, eyni zamanda iqtisadi inkişaf perspektivlərini daha dolğun şəkildə müəyyənləşdirməyə imkan verən müasir audit sisteminin formalaşdırılmasını qarşıya məqsəd qoyur.
Otuz illik təşəkkül tarixi və zəngin inkişaf təcrübəsi göstərir ki, Azərbaycan auditorları bu məsul missiyanın öhdəsindən layiqincə gəlmək üçün böyük peşəkar potensiala malikdirlər.
Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illik inkişaf yolu hüquqi əsasların yaradılmasından institusional strukturun formalaşdırılmasına, kadr potensialının gücləndirilməsindən beynəlxalq inteqrasiyaya, elmi-metodik fəaliyyətindən rəqəmsal transformasiyaya qədər geniş və çoxşaxəli bir inkişaf mərhələsini əhatə edir.
Bu yol ölkədə müstəqil audit institutunun dövlət idarəçiliyi və bazar iqtisadiyyatı sistemində özünəməxsus və möhkəm yer tutmasının bariz nümunəsidir.
Palatanın 30 illik yubileyi həm də Azərbaycanın iqtisadi inkişafında mühüm mərhələyə təsadüf edir. Bu dövr xalqımızın tarixində ərazi bütövlüyünün və suverenliyin bərpası, Şanlı Qələbənin qazanılması və Böyük Qayıdış prosesinin həyata keçirilməsi ilə səciyyələnir.
Yeni mərhələdə Azərbaycan auditorlarının qarşısında duran başlıca vəzifələrdən biri ölkənin iqtisadi inkişafına şəffaf, səmərəli və peşəkar audit mexanizmləri vasitəsilə töhfə vermək, investorların və mülkiyyətçilərin qanuni mənafelərinin qorunmasına xidmət etməkdir.
Otuz ilin təcrübəsi göstərir ki, formalaşdırılmış institusional baza, peşəkar kadr potensialı, beynəlxalq əlaqələr və rəqəmsal imkanlar Azərbaycan auditinin qarşıdakı illərdə də yeni uğurlara imza atmasına möhkəm zəmin yaradır.
Vüqar Sərdarov
Azərbaycan Respublikası Auditorlar Palatasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri
YAP ərazi təşkilatının sədri
Özbəkistanın Qarşi Dövlət Universitetinin fəxri professoru





