“Orqanizmin hüceyrələrin yenilənməsi və metabolizmin normal fəaliyyəti üçün saf suya ehtiyacı var”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Mütəxəssis bildirib ki, təmiz su heç bir digər içki ilə tam əvəz oluna bilməz. Onun sözlərinə görə, bəzi insanlar saf su içməkdə çətinlik çəkdiyi üçün suya meyvə dilimləri, limon, nanə yarpağı və ya darçın çubuğu əlavə edə bilərlər.
G.İsmayılova qeyd edib ki, çay və kofenin suyun əvəzi kimi qəbul edilməsi düzgün deyil. O bildirib ki, bu içkilərin tərkibində olan kofein sidikqovucu təsir göstərə bilər və orqanizmdə maye itkisini artıra bilər.
Terapevt çayın tərkibində oksalatların da olduğunu diqqətə çatdıraraq, onların böyrək daşı yaranmasına təsir göstərə biləcəyini deyib.
Mütəxəssisin sözlərinə görə, orqanizmin hüceyrələrin yenilənməsi və metabolik proseslərin normal getməsi üçün saf suya ehtiyacı var. O vurğulayıb ki, digər içkilər suyun funksiyasını tam şəkildə əvəz edə bilməz.
Zeynəb Rzayeva




