Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitləri çərçivəsində bir sıra ölkələrin liderləri ilə önəmli görüşlər keçirdi.
Dövlətimizin başçısı ilk növbədə Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkianla ayrıca görüşlər keçirdi. Paşinyanla təmas xüsusilə Azərbaycan-Ermənistan sülh prosesinin davamı baxımından, Pezeşkianla görüş isə Bakı-Tehran münasibətlərinin mürəkkəb regional şəraitdə idarə olunması baxımından əhəmiyyətlidir.
Digər görüş isə Qazaxıstan prezidenti Kasım Jomart Tokayevlə reallaşdırıldı. Günün maraqlı görüntülərindən biri Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət oldu. Azərbaycan-Rusiya münasibətlərinin son aylarda ciddi şəkildə gərginləşdiyi bir vaxtda liderlərin Bişkekdə ayaqüstü söhbəti önəmli idi. Bununla yanaşı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva BMT Baş katibi Antonio Quterreş, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şahbaz Şəriflə də ayaqüstü söhbət ediblər.

Bişkek görüşləri göstərir ki, Azərbaycan eyni vaxtda bir neçə istiqamətdə diplomatik manevr edir və heç bir böyük regional aktorla əlaqə kanalını tam bağlamaq istəmir.
Millət vəkili Naqif Həmzəyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, avqustun 31-i Bişkek üçün adi gün deyildi.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin bu simvolik sıxlıqdan optimal istifadə etməsi, bir günün içində fərqli formatda çox sayda liderlə təması diplomatik strategiyanın nümunəsidir:

“Günün ən çox izlənən hadisəsi, şübhəsiz, Baş nazir Nikol Paşinyanla görüş oldu. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni və sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasını xüsusi vurğuladılar. Prezidentin Tokayevlə görüşü daha çox simvolik-diplomatik xarakter daşıdı. Prezident Qazaxıstanı yeni parlament seçkiləri münasibətilə təbrik etdi, strateji tərəfdaşlığın davamlılığının bir daha təsdiqlədi. Bununla belə, məhz bu cür "protokol" görüşlər müttəfiqlik münasibətlərinin institusional yaddaşını formalaşdırır. İran Prezidenti Pezeşkianla görüş isə daha çətin kontekstdə baş tutdu. Regionda gərginliyin fonunda Bakı sülh və danışıqlar yolunu dəstəklədiyini bir daha bəyan etdi. Diplomatik səviyyədə formal mövqe bəyanatı olsa da, Tehranla açıq kanalın saxlanması Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Xüsusən sərhəd təhlükəsizliyi və nəqliyyat dəhlizləri kontekstində bu çox vacib məsələdir. Azərbaycanın "İstisu" mineral suyunun İran Prezidentinə təqdim edilməsi və içilməsi böyük maraqla qarşılandı. Prezident İlham Əliyevin bu incə və simvolik addımının böyük məna kəsb etdiyini hər kəs anladı”.

Parlamentari vurğulayıb ki, VI Köçəri Oyunlarının açılışı ərəfəsində Prezident İlham Əliyevin Ərdoğan, Mirziyoyev və Pezeşkianla birgə, protokoldan kənar görüşü də diqqətəlayiqdir:
“Rəsmi gündəliksiz, “kuluar” formatındakı bu təmaslar çox vaxt rəsmi sazişlərdən daha çox siyasi əhval-ruhiyyəni əks etdirir. Türk dünyasının aparıcı liderlərinin İranla birgə eyni masada olması, regionda fərqli maraq dairələrinin bir-birini istisna etmədiyini, əksinə üst-üstə düşdüyünü göstərir. Gün ərzində rəsmi görüşlər cədvəlindən kənarda fərqli təmaslar da reallaşdı. Ayaqüstü görüşlər rəsmi sənəd və bəyanat tələb etmir, lakin siyasi baxımdan heç də az əhəmiyyətli deyil, əksinə, çox vaxt "hər şey qaydasındadır" siqnalının ən sadə formasıdır. Rəsmi görüşlərin sayı qədər, bəlkə də daha çox, bu ayaqüstü epizodların simvolik yükü Bişkek gününün əsl mənzərəsini tamamlayır”.
Aydın Baxış




