“KredAqro” BOKT fəaliyyətini bərpa edib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hazırda təşkilatın rəsmi internet səhifəsində onlayn kredit müraciətlərinin qəbul edilməsi aktivdir. Şirkətin məlumatına görə, kredit üçün müraciətlər “KredAqro” mobil tətbiqi vasitəsilə həyata keçirilir.
Bundan əvvəl “KredAqro”nun mobil tətbiqində və xidmətlərində yaranmış problemlərlə bağlı istifadəçilərin müraciətləri qeydə alınmışdı. Şirkət iyul ayında fəaliyyətin bərpası istiqamətində işlərin aparıldığını bildirmişdi.
Hazırda isə təşkilatın rəsmi saytında kredit məhsullarının təqdim edildiyi, onlayn müraciətlərin qəbul olunduğu və təsdiqlənmiş kredit vəsaitinin karta köçürülə bildiyi qeyd olunur. Kredit şərtlərinin müraciət edən şəxsin fərdi qiymətləndirilməsi əsasında müəyyənləşdirildiyi bildirilir.
“KredAqro”nun Azərbaycanda 12 xidmət ofisinin fəaliyyət göstərdiyi də açıqlanıb. Kreditlər 18–70 yaş arası Azərbaycan vətəndaşlarına təqdim olunur. Təşkilatın fəaliyyəti Azərbaycan Mərkəzi Bankının 16 dekabr 2022-ci il tarixində verdiyi 119-GB nömrəli lisenziya əsasında tənzimlənir.
Şirkət həmçinin müştərilərə xəbərdarlıq edib ki, kredit rəsmiləşdirilməsi yalnız rəsmi kanallar vasitəsilə həyata keçirilir və sosial şəbəkələr, messencerlər və şəxsi səhifələr üzərindən edilən kredit təkliflərinə etibar edilməməlidir.
Əli Hüseynov




