Avropa İttifaqına (Aİ) idxal edilən qəhvənin dəyəri son 10 ildə iki dəfədən çox artıb.
Bakıvaxtı.az xəbər verir ki, "Eurostat"ın məlumatına görə, 2025-ci ildə Aİ ölkələri qeyri-Aİ dövlətlərindən 2,9 milyon ton qəhvə idxal edib. İdxalın ümumi dəyəri 18,7 milyard avroya çatıb.
Müqayisə üçün, 2015-ci ildə Aİ-yə 2,7 milyon ton qəhvə idxal edilib və məhsulun ümumi dəyəri 8,6 milyard avro təşkil edib. Beləliklə, 10 il ərzində idxal həcmi cüzi artsa da, qəhvənin idxal dəyəri 2 dəfədən çox yüksəlib.
Aİ-nin qəhvə idxalında Braziliya 34 faizlə əsas təchizatçı olub. Vyetnam 20 faizlə ikinci, Uqanda 9 faizlə üçüncü yerdə qərarlaşıb. İlk beşliyi 6 faizlə Kolumbiya və 5 faizlə Honduras tamamlayıb.
Qəhvənin Aİ-də əsas alıcıları isə Almaniya olub. Ölkənin payı ümumi idxalın 34 faizini təşkil edib. İtaliyanın payı 21 faiz, İspaniyanın 10 faiz, Belçikanın 9 faiz, Niderlandın isə 7 faiz olub.
Murad İsmayıl
















