Almaniya Hərbi Dəniz Qüvvələri Şimali Atlantikada İsrailin "Lora" (Long Range Attack - "uzaqmənzilli hücum") tipli ballistik raketini uğurla sınaqdan keçirib.
Bakıvaxtı.az bu barədə "Tagesspiegel" nəşrinə istinadən xəbər verir.
Raket buraxılışı sentyabrın 2-nə keçən gecə baş tutub. Bu məqsədlə Almaniyanın iki freqatı İrlandiya və İslandiya arasındakı dəniz akvatoriyasına göndərilib.
"Israel Aerospace Industries" istehsalı olan "Lora" 500 km-dək uçuş mənzilinə malikdir. Əgər Berlin bu sistemin satın alınması barədə qərar qəbul edərsə, o, Bundesverin silahlanmasına daxil olan ilk ballistik raket olacaq. Bu cür raketlər qanadlı raketlərdən əhəmiyyətli dərəcədə yüksək uçuş sürəti ilə fərqlənir.
İstehsalçının məlumatına görə, "Lora" yüksəkdəqiqlikli zərbələr üçün nəzərdə tutulub və mobil və ya dəniz platformalarından düşmən ərazisinin dərinliklərindəki strateji hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Hazırda Bundesverin silahlanmasında 500 km-dən çox uçuş mənzilinə malik Almaniya-İsveç istehsalı olan 600-ə yaxın "Taurus" qanadlı raketi var. Onlar qırıcı təyyarələrdən buraxılır.




