ABŞ Prezidenti Donald Tramp ölkəsinin silahlı qüvvələrinin Hörmüz boğazı ərazisində İrana məxsus yeni silah sistemlərini məhv etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
ABŞ Prezidenti bildirib ki, İran Hörmüz boğazı boyunca yeni hərbi avadanlıq, o cümlədən radar və raket qurğuları yaratmağa və bərpa etməyə çalışıb. Onun sözlərinə görə, bu sistemlərin bir hissəsi müdafiə, digər hissəsi isə hücum xarakterli olub və ABŞ qüvvələri onların hamısını məhv edib.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranda bir sıra hədəflərə zərbələr endirildiyini açıqlayıb. “Press TV”nin məlumatına görə, partlayışlar ölkənin cənub sahillərində, o cümlədən Kiş adasında və bir sıra şəhərlərdə baş verib.
“Fars” agentliyi isə İran Qızıl Aypara Cəmiyyətinin nümayəndəsinə istinadla bildirib ki, ABŞ-nin Sirik şəhərində toy mərasiminin keçirildiyi əraziyə endirdiyi zərbə nəticəsində azı 5 nəfər ölüb, 68 nəfər yaralanıb.




