"Onsuz da Ermənistanın zəhərli tullantıları Araz çayına axıdılaraq Azərbaycanı zəhərləyir. Ermənistanın indi də ABŞ kimi bir gücü arxasına alıb bu zərərli işi gerçəkləşdirmək istəməsi bu dövlətin düşmənçilik istəyindən qaynaqlanır".
Bunu Bakıvaxtı.az-a Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib.
Professorun özlərinə görə, Ermənistanın Arazdəyəndə zavod inşa etmə qərarı və onun tullantılarının Araz çayına axıdılması ciddi ekoloji fəlakət deməkdir. "Bu məsələ haqlı olaraq Azərbaycanın sərt reaksiyasına səbəb olub. Deyirlər orada tikiləcək zavoda xammal Zəngəzurdan, Kacarandan gətiriləcək. Əslində həmin ərazidə belə bir zavod var və görünür ki, hansısa müəssisə açmaq siyasi məqsədlərdən doğur”.
Q.Caxmaqlı ABŞ-ın nəhayətdə bu işə qol qoyacağına inanmır. Onun sözlərinə görə, Ermənistan bu məsələ üzərindən həm də siyasi manipulyasiya edir: “Guya Azərbaycan Ordusu Arazdəyən istiqamətində irəli gəlib və Ermənistan ərazinə girib. İddia edirlər ki, məhz bu "təcavüz”ün qarşısını almaq üçün burada zavod inşa edilir. Ermənistan həmin ərazidə sözügedən zavodu tikə bilməz, beynəlxalq qanunlara görə də haqqı yoxdur. Əsas məsələ odur ki, Ermənistanın 1920-ci ildə qeyri-qanuni Ermənistana verilmiş tarixi torpaqlarımızı əldə tuta bilməmək və gələcəkdə itirmək qorxusu var. Bütün addımlarını buna görə atır".
Qeyd edək ki, Ermənistan tərəfi Naxçıvanla şərti sərhəddə, Arazdəyəndə metallurgiya zavodunda öz bayraqları ilə yanaşı, ABŞ bayraqları da qaldırıb. Azərbaycanın mövqeləri zavoddan bir neçə yüz metr aralıdadır. Ermənistan hərbçiləri son günlərdə mütəmadi olaraq zavodun ərazisindən Azərbaycanın mövqelərini hədəfə alır.
Aydın Baxış
















