Ermənistanın cənub-qərbində fermerlər etiraz aksiyası keçirərək İrəvan-Yerasx beynəlxalq avtomobil yolunu bağlayıblar.
Bakıvaxtı.az news.am-a istinadən xəbər verir ki, aksiya iştirakçıları məhsulların, xüsusilə də pomidor və xiyarın satışında yaranan problemlərin həllini tələb edirlər.
Ararat vilayətinin sakinləri onlarla ton məhsulu sata bilmədiklərini bildiriblər. Fermerlərdən biri tarlasında 60 tona yaxın pomidorun qaldığını, lakin emal müəssisələrinin məhsulu qəbul etməkdən imtina etdiyini deyib.
Fermerlərin sözlərinə görə, əvvəllər yerli emal zavodları pomidoru müntəzəm olaraq alırdı. Hazırda isə məhsulun ixracı ilə bağlı yaranmış çətinlikləri əsas gətirərək alışdan imtina edirlər.
Məlumata görə, Rusiya tərəfi müxtəlif pozuntular aşkar etdiyini əsas gətirərək Ermənistan istehsalı olan bir sıra məhsulların, o cümlədən meyvə və tərəvəzin ölkəyə idxalına məhdudiyyətlər tətbiq edib. Nəticədə daxili bazarda məhsul bolluğu yaranıb, qiymətlər isə kəskin ucuzlaşıb.
Bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məhsul tədarükü ilə bağlı vəziyyətin tənzimlənəcəyini vəd etsə də, fermerlər problemlərin hələ də həll olunmadığını bildirirlər.
Aksiya iştirakçıları hökumətdən verilən vədlərin yerinə yetirilməsini, kənd təsərrüfatı istehsalçılarına subsidiya ayrılmasını və məhsulların ixracına dəstək göstərilməsini tələb edirlər.
Bakı 



