Fransada inflyasiya may ayında yenidən artaraq illik müqayisədə 2,4%-ə çatıb.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadla xəbər verir ki, bu barədə iyunun 12-də yayımlanan yekun hesabatında Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) məlumat verib.
Qeyd olunub ki, aprel ayında inflyasiya 2,2% səviyyəsində olub. Beləliklə, may ayında qiymət artımının tempi sürətlənib.
Bu yüksəliş əsasən enerji qiymətlərinin bahalaşması ilə izah olunur. Enerji məhsullarının qiymətləri bir il ərzində 16,8% artıb. Aprel ayında bu göstərici 14,3% idi. Xüsusilə təbii qazın qiymətindəki artım enerji sektorunda inflyasiyanı gücləndirib.
Qida məhsullarının qiymətləri illik müqayisədə 1,2% artıb. Təzə ərzaq məhsullarında isə artım daha yüksək olub və 4,1%-ə çatıb.
Xidmət sektorunda qiymətlər bir il ərzində 2% yüksəlib. Tütün məmulatlarının qiymətləri 3,2% artdığı halda, sənaye məhsullarının qiymətlərində 0,6% azalma qeydə alınıb.
Aylıq müqayisədə, yəni aprellə müqayisədə may ayında istehlak qiymətləri 0,1% artıb.
Avropa İttifaqında müqayisə üçün istifadə olunan harmonik istehlak qiymətləri indeksi (IPCH) isə may ayında illik ifadədə 2,8% yüksəlib. Bu göstərici apreldə 2,5% idi. Beləliklə, may ayında Fransada inflyasiyanın sürətlənməsi əsasən enerji qiymətlərindəki artımla bağlı olub, digər sahələrdə isə qiymət artımları daha məhdud səviyyədə qalıb.
Aydın
Bakı 



