• Bakı C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Fransada ordu islahatları: "dəyənək" siyasəti, yoxsa...

SİYASƏT

21 Yanvar 2025 | 15:03

Fransada ordu islahatları: dəyənək siyasəti, yoxsa...

Xəbər verildiyi kimi, Fransa prezidenti Emmanuel Makron ölkənin silahlı qüvvələrinin potensialının artırılması ilə bağlı açıqlama verib. Belə ki, o, silahlı qüvvələrin qarşısında çıxışı zamanı ordunu səfərbər etmək və gücləndirmək üçün daha çox gənc könüllüyə ehtiyac olduğunu deyib.

Makron hərbçilərin qarşısında çıxışı zamanı Fransa hökumətinin könüllüləri müəyyən etmək üçün daha yaxşı iş görməli olduğunu da vurğulayıb.

Fransanın bu addımının altında nələr yatır: məkrli siyasət, yoxsa özünümüdafiə?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Emmanuel Makronun bu çıxışının bir çox səbəbləri var:

"Onun belə açıqlama verməsində əsas səbəb Donald Trampın yenidən hakimiyyətə gəlməsidir. Çünki, ABŞ-nin yeni rəhbərinin NATO məsələsində, Avropa və Amerika hərbi müttəfiqliyi əlaqələri ilə bağlı məsələlərdə fikirləri bir qədər fərqlidir. Tramp hesab edir ki, İkinci Dünya müharibəsindən bu günə qədər Birləşmiş Ştatlar Avropanı qoruyur, bundan əlavə, Avropa ölkələri NATO-ya yetəri qədər pul ayırmır. Belə ki, sözügedən təşkilatın atdığı istənilən addımda və maddi resursların ayrılmasında Amerika Birləşmiş Ştatları yükün böyük qismini öz üzərinə götürüb. Məhz buna görə NATO-nun tələbləri Birləşmiş Ştatların dövlət maraqları ilə üst-üstə düşmür. Yaxın zamanlarda Donald Trampın yenidən NATO-nun hərbi strukturunu və digər məsələləri analiz etməsi gözlənilir".

Kazım Kazımov: Fransa rəhbərliyi öz silahlı qüvvələrindən "dəyənək" kimi istifadə edir

Onun sözlərinə görə, Trampdan gözlənilən bu addım ciddi narahatlıqlar doğura bilər:

"ABŞ-nin yeni rəhbərinin NATO ilə bağlı gələcək planları, xüsusilə də təşkilatın gələcək strategiyalarına və üzv dövlətlərlə əməkdaşlıq səviyyəsinə dair nəzərdə tutduğu dəyişikliklər Fransa tərəfinin ciddi narahatlıqlarına səbəb olmaqda davam edir. Fransa xüsusən də Şərqi Avropadakı təhlükəsizlik vəziyyətinin gərgin olduğu bir dövrdə bu cür planların həyata keçirilməsinin onların milli təhlükəsizliyinə və Avropanın ümumi təhlükəsizlik balansına necə təsir edəcəyi barədə dərin narahatlıq duyur. Digər tərəfdən hazırda Şərqi Avropada mövcud olan vəziyyətin, xüsusilə də Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin Avropa sərhədlərindəki gərginliyi daha da artırması Fransanın belə qərarlar qəbul etməsində mühüm rol oynayır. Bu müharibənin yaratdığı qeyri-müəyyənlik və potensial təhlükələr rəsmi Parisin ehtiyatlı və hazırlıqlı olmasını tələb edir. Həmçinin, ehtimallar arasında olan müharibə riski Fransanın öz müdafiə strategiyalarını gücləndirməsi və mümkün olan hər hansı bir təhdidə qarşı daha ciddi tədbirlər görməsi zərurətini ortaya çıxarır. Bu vəziyyətdə Fransa yalnız daxili təhlükəsizliyini deyil, həm də Avropanın ümumi təhlükəsizlik və stabilliyini təmin etmək məqsədilə daha fəal və hazırlıqlı olmağa çalışır".

Politoloq  bildirib ki, Fransa rəhbərliyi öz silahlı qüvvələrindən "dəyənək" kimi istifadə edərək ölkənin beynəlxalq siyasətində və strateji məqsədlərində öz gücünü nümayiş etdirməyə çalışır. Onun sözlərinə görə, hazırda Fransa öz müstəmləkəsi olan ada dövlətlərinə qarşı atdığı addımlarla bu ərazilərdəki gücünü qorumağa və təsirini artırmağa çalışır. Bu addımlar Fransa ordusunun xüsusi bir rol oynadığı və bir növ güc nümayişi etdiyi vəziyyətləri əks etdirir.

Onun sözlərinə görə, Fransa silahlı qüvvələri ölkənin xarici siyasətində mühüm bir alət olaraq istifadə olunur. Bu kontekstdə Fransa xüsusilə Afrika ərazisində, "de-fakto" olaraq iqtisadi cəhətdən asılı saxladığı və strateji əhəmiyyətə malik olan bölgələrdə hərbi nəzarəti daha da gücləndirir. Afrikada Fransa ordusunun mövcudluğu təkcə təhlükəsizlik məsələləri ilə bağlı deyil, həm də iqtisadi resursları nəzarətdə saxlamaq məqsədini güdür:

“Beləliklə, Fransa, həm siyasi, həm də iqtisadi maraqlarını qorumaq və gücləndirmək üçün silahlı qüvvələrini bir növ "dəyənək" olaraq istifadə edir. Eyni zamanda, Fransanın dünya siyasətində öz mövqeyini gücləndirmək, müstəqil bir regional qüvvə olaraq qalmaq üçün hərbi gücünü effektiv şəkildə gücləndirməyə cəhd göstərir".

Əli Hüseynov


SON XƏBƏRLƏR

21 Yanvar 2025