bp şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, SABAH.city İnnovasiya Şəhərciyində təşkil olunan görüşdə gənclərin peşəkar inkişafı, əmək bazarının tələbləri, karyera imkanları və texnoloji yeniliklərin gələcək peşələrə təsiri müzakirə edilib.
Bəxtiyar Aslanbəyli uğurlu karyera qurmaq üçün praktiki təcrübənin, xarici dil biliklərinin və davamlı öyrənmənin vacibliyini vurğulayıb. O bildirib ki, əmək bazarında rəqabətədavamlı olmaq üçün nəzəri biliklərlə yanaşı, praktiki bacarıqları inkişaf etdirmək və dəyişən tələblərə uyğunlaşmaq lazımdır.
Süni intellektin sürətli inkişafına toxunan bp-nin vitse-prezidenti texnoloji yenilikləri izləməyin, yeni biliklərə açıq olmağın və müstəqil öyrənmə bacarığının gələcək karyera uğurlarında mühüm rol oynadığını qeyd edib.
Görüşdə şəxsi inkişafla istirahət arasında balansın qorunması və sosial məsuliyyət məsələləri də diqqət mərkəzində olub. Bəxtiyar Aslanbəyli gənclərin gələcək peşə fəaliyyətlərindən asılı olmayaraq cəmiyyətin inkişafına töhfə vermələrinin əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində iştirakçılar üçün SABAH.city İnnovasiya Şəhərciyinə infotur da təşkil olunub. Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) baş icraçı direktoru Nihat Məcidov qonaqları salamlayaraq şəhərciyin infrastrukturu barədə məlumat verib.
İnfotur zamanı gənclər mərkəzdə fəaliyyət göstərən laboratoriyalar, onların iş prinsipləri və texniki imkanları ilə tanış olublar. İştirakçılara innovasiya və texnologiya sahəsində tətbiq olunan müasir yanaşmalar, laboratoriyaların praktiki bilik və bacarıqların inkişafındakı rolu barədə məlumat verilib.
Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilir. Proqramın əsas məqsədi elm və təhsil sahəsində insan resurslarının inkişafına dəstək göstərmək, tələbə və məzunların praktiki bilik və bacarıqlarını artırmaq, müasir idarəetmə yanaşmalarını mənimsəmələrinə və peşəkar mühitə inteqrasiyalarına şərait yaratmaqdır.



















