• Bakı 18° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.8442

    RUB - 0.019

“Heç kim demədi ki, cənab Borrel, get bütün dünyanın qarşısında üzr istə

SİYASƏT

25 Aprel 2024 | 11:51

“Heç kim demədi ki, cənab Borrel, get bütün dünyanın qarşısında üzr istə”

“Biz heç vaxt qarşıya çata bilinməyən hədəflər qoymuruq. Ona görə də biz heç vaxt Aİ-yə üzv olmağı qarşıya hədəf qoymuruq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

“Biz aydın başa düşürdük və başa düşürük ki, bu, real deyil və heç vaxt olmayacaq, biz onların tələb etdikləri hər şeyi etsək belə. Türkiyə buna gözəl nümunədir. Türkiyə namizəd olduqdan sonra bir çox ölkə Avropa İttifaqına qəbul edildi. Amma Türkiyə əhalisinin müsəlman olması səbəbindən qəbul edilmədi, gəlin, çox ədalətli olaq. Biz həmişə çox açıq danışırıq. Türkiyənin bəzi meyarlara uyğun olmadığını söyləmək isə tamamilə əsassızdır. Deməli, bu, bir amil idi. Biz də bunu başa düşürük ki, biz də müsəlmanıq, onlar bizi heç vaxt qəbul etməyəcəklər. Niyə israr etməliyik? Gəlin məqbul olan qarşılıqlı əməkdaşlıq mexanizmini işləyək. Düşünürəm ki, biz buna çox yaxın idik. Cənubi Qafqazda ayırıcı xətlər çəkmək cəhdlərini görənə qədər çox yaxın idik. Məhz buna görə də biz Avropa Komissiyasının sədrinin, ABŞ Dövlət katibinin və Ermənistanın baş nazirinin Brüsseldə misli görünməmiş görüşü ilə bağlı narahatlığımızı ifadə etdik. Bu qurumun tarixində heç vaxt belə bir görüş olmayıb. Keçmiş Sovet İttifaqından olan hətta Ukrayna, Gürcüstan və Moldova ilə bu cür görüşlər olmadı, amma Avrasiya İqtisadi İttifaqının üzvü, Rusiyanın hərbi müttəfiqi, Rusiyanın hərbi bazasının olduğu Ermənistanla, İran və Türkiyə ilə sərhədində Rusiyanın sərhəd qoşunları duran ölkə ilə keçirildi, dünyanın bu bölgəsində bir növ NATO olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ilə. Bununla bağlı haqlı narahatlığımız var idi. Çünki bizim dəqiq məlumatımız var idi ki, həmin görüşün hərbi komponenti var, biz hələ də inanırıq. Bu, nə dərəcədə reallaşıb, ya yox bilmirəm, amma bu, ciddi narahatlıq doğurur.

Bundan əlavə, biz bilirik ki, Avropa İttifaqı Avropa Sülh Fondu adlanan qurumdan əhəmiyyətli maliyyə ayırmağı planlaşdırır. Əslində, bu, silah təchizatını maliyyələşdirən strukturdur. Sülh Fondu adlanır, amma, əslində, sülh deyil. Deməli, bu, yenə bizə qarşıdır və bu da narahatlıq doğurur. Deməli, bizim narahatlığımızın əsas amilləri bundadır.

Təəssüf ki, yenə də Ermənistan başqa ölkələrlə və qurumlarla münasibətlərimizə müdaxilə edir. Adını çəkdiyiniz, əvəzlənəcək şəxs kimi - xarici siyasət üzrə ali komissarın adını deməsəm, cavabım dolğun və tam səmimi olmaz. O, Avropa İttifaqı bağdır, qalanı cəngəllikdir demişdi və bu, ictimai bəyanat idi. O, hamımızı cəngəllik adlandırdı: Afrika, Asiya, Latın Amerikası. Avropa Parlamentinin deputatı, hətta Avropa Parlamentinin sədri belə desəydi, təəccüblənməzdim. Çünki məlumdur ki, Avropa Parlamenti islamofobiya və korrupsiya mərkəzlərindən biridir. Amma bunu Avropa İttifaqının diplomatiyasına cavabdeh olan şəxs deyir və Avropa Komissiyasında heç kim, ondan yuxarıda duranlar ona düzəliş etməyib.

Heç kim demədi ki, cənab Borrel, get bütün dünyanın qarşısında üzr istə. Sən bizə cəngəllik deyirsən, tamam. Ancaq cəngəllik olmasaydı, bağınız, bağçanız quruyardı. Bəs, necə ola bilər ki, işimizi həmişəki kimi davam etdirib özümüzü eşitməmiş kimi göstərə bilərik? Biz bunu deyirik və demişik, mən bunu açıq şəkildə deyirəm. Deməli, bunlar fundamental məsələlərdir. Bəli, bizim enerji sahəsində əməkdaşlığımız var. Bizdən kömək istədilər. Rusiyadan verilən qazda fasilə yarananda gəlib bizdən kömək istədilər. 2022-ci ilin iyulunda - Ukraynadakı müharibədən cəmi bir neçə ay sonra biz bəyannamələr imzaladıq. Bizdən təchizatı artırmağı xahiş etdilər. Dedik ki, yaxşı. Sərmayə qoymağa başladıq, onlara kömək etmək istədik və hələ də kömək etmək istəyirik. Kömək istəyən hər kəs bizə etibar edə bilər. Amma biz də bizə adekvat münasibət görməliyik. Narahatlığımızı ciddi qiymətləndirmək, əslində, ölkəmizin və xalqımızın təhlükəsizliyidir.

Biz işğaldan əziyyət çəkdik, Avropa qaçqınlarımıza göz yumdu. İndi Qarabağdan Ermənistana köçmüş insanlara kömək edirlər. Mən dəstəklədim, onlara kömək etmək kimi yaxşı bir iş görürlər. Altmış min, maksimum, çünki qalanları hərbçilər idi. Bəs, bir milyon azərbaycanlı necə? Niyə onlara kömək etmədilər? Onlara kömək etməmələrinin səbəbi nə idi? Beləliklə, biz bu sualları veririk və cavab yoxdur. Yenə də regionun geosiyasətini başa düşərək biz addımlarımızı hansısa gözləntilər və təsəvvürlər üzərində deyil, real vəziyyət üzərində qurmalıyıq. Amma, eyni zamanda, hesab edirəm ki, bütün tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə açıq müzakirələr lazımdır. Əgər onlar Cənubi Qafqazda daha fəal olmaq istəyirlərsə, ərazisinə, əhalisinin sayına, iqtisadi potensialına görə ən böyük ölkə olan Azərbaycanı nəzərdən qaçıra bilməzlər. Azərbaycanı kənarda saxlamaq istəsələr, Cənubi Qafqazda əməkdaşlıq olmayacaq. Bu aydındır. Biz əməkdaşlığa hazırıq, lakin qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara əsaslanırıq. Cavabım belə olacaq”, - Azərbaycan Prezidenti qeyd edib.


SON XƏBƏRLƏR

27 May 2024