• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İsa Qəmbərə çox pis miras qalıb, ona bir az cəsur olmağı tövsiyə edirəm - Rauf Arifoğlu

MÜSAHİBƏ

17 May 2024 | 16:42

İsa Qəmbərə çox pis miras qalıb, ona bir az cəsur olmağı tövsiyə edirəm - Rauf Arifoğlu

Xəbər verdiyimiz kimi, bu günlərdə Müsavat Partiyası XI qurultayını keçirib.

Qurultayın nəticəsi olaraq, İsa Qəmbər yenidən partiyanın başqanı seçilib. Səsvermədə qurultay nümayəndələrindən 275-i İ.Qəmbərin lehinə səs verib.

İ.Qəmbərin yenidən başqan seçilməsi və başqa məsələlərlə bağlı "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu Bakıvaxtı.az-a müsahibə verib.

- Rauf bəy, İsa bəyin yenidən başqan seçilməsini necə qiymətləndirirsiniz?

- İsa bəyin başqanlığa qayıtması bizim üçün xüsusi hal deyil, sadəcə xəbərdir. Mənim özüm üçün də şəxsi olaraq keçmiş və Müsavat Partiyasının sabiq üzvü kimi pozitiv hadisədir. İsa Qəmbərin mövqeyi, qabiliyyəti, müdrikliyi hər halda Arif Hacılıdan çoxdur deyə düşünürəm. Ümumilikdə, müxalifət düşərgəsinin sağlamlaşması baxımından da faydası ola bilər.

- İndi "Yeni Müsavat"la partiyanın yolları birləşə bilərmi?

-"Yeni Müsavat"la Müsavat Partiyasının yolunun birləşməsi absurd olardı. Bir media qrupu və bir partiya niyə birləşsin ki? Dünyanın heç yerində belə bir anlayış yoxdur. Bu, kommunizmdən, bolşevizmdən gələn bir anlayışdır ki, hər şey partiyalı olmalıdır, o cümlədən də media. Amma dünyanın müasir standartları artıq yüz ilin üzərindədir, bu da fərqlidir. Media azad, müstəqil və ancaq öz koorporativ və bəzi hallarda milli, vətən, bayraq maraqlarından çıxış etməlidir. Bu baxımdan bizim “Müsavat” Partiyası ilə yolumuzun birləşməsi istisna olunur.

- Hazırda bu partiya ilə hansısa bir əlaqəniz qalırmı?

- Etiraf edim ki, bizim Müsavat Partiyası ilə heç bir münasibətimiz yoxdur. Haqsız yerə bu partiya Arif Hacılı başqan olarkən bizimlə əməkdaşlığı dayandırıb və bizə qarşı qarayaxma kampaniyası aparıb. Çağırışlarımıza, təkliflərimizə heç zaman reaksiya verməyib. Müsavat Partiyasının başqanı İsa Qəmbər ilk növbədə bunu dəyişməlidir. Bu, ayıb bir situasiyadır. Partiyanın üzünü hansısa media qrupuna qapatması demokratiyanın əleyhinə, ziddinə olan, gülünc vəziyyətdir. İsa Qəmbərin bir an öncə bunu düzəltməsini istəyirik. Həm də hüquqi tələb edirik ki, bizim sorğularımıza, müsahibə təkliflərimizə cavab verilsin. Göndərdiyimiz sorğulara cavab verməsələr, hətta bizim məhkəməyə müraciət etmək hüququmuz var. Təbii, bunu etməyəcəyik, amma gerçəkliyin absurd vəziyyətini göstərirəm ki, bir partiya özünü necə qapadıb.

- İsa Qəmbər Musavat Partiyasının əvvəlki reputasiyası və ya nüfuzunu özünə qaytara biləcəkmi?

- İsa bəyin başqan seçilməsindən Müsavat Partiyasının əvvəlki reputasiyasının, nüfuzunun özünə qayıtması çətin proses olacaq. Çünki İsa bəyə çox pis miras qalıb. Nüfuzdan düşmüş, Avropada, Almaniyada, Belçikada, Azərbaycanda adı məhkəmələrdə, prokurorluqda hallanmış, bir sıra sənəd saxtalaşdırılmalarında, mühacir transferində saxtalaşdırılan bir firqədən söhbət gedir. İsa Qəmbər eyni zamanda özünə çoxlu düşmən yaratmış, münasibətləri hər kəsdən korlamış Müsavat Partiyasını yenidən inşa etməlidir. Bu baxımdan ona böyük enerji arzulayıram. Birinci olaraq da "Yeni Müsavat" Media Qrupu ilə münasibətləri bərpa edəcəyini gözləyirəm. İsa bəyə bir az cəsur olmağı tövsiyə edirəm.

- Növbəti parlament seçkilərinə qatılacağınızı söyləmisiniz. Bu dəfə də namizədliyinizi köhnəlməyən dostunuz, yeni rəqibiniz İqbal Ağazadə ilə eyni dairədən verəcəksiniz, yoxsa, başqa dairədən qatılacaqsınız?

- Əlbəttə, parlament seçkilərinə qatılmaq ürəyimdən keçir. Yarım qalmış işimiz var, onu tamamlamaq istəyirik. Eyni zamanda açıq deyim ki, deputat olmaq və parlament kürsüsündən dövlətim, ölkəm, millətim, seçicilərim üçün fayda vermək istəyirəm. Həm də Azərbaycanın şərəfli tarixində bir parlamentari kimi qalmaq istəyirəm. 36 ildir, siyasətdəyəm və millətim, ölkəm, dövlətim, bayrağım, torpaqlarım üçün davamlı mücadilə etmişəm. Mən belə hesab edirəm. Bunun bir deputat mandatı ilə zənginləşdirilməsi ən böyük arzularımdan biridir. Başqa heç bir post, vəzifə istəmirəm.

Hansı dairədən namizədliyimi verəcəyim məsələsinə gəldikdə, əlbəttə ki, bundan əvvəlki deputat seçildiyim, amma nəticələri ləğv olunan dairədən namizədliyimi verməyi düşünürəm. Amma seçki prosesində, seçki elan olunandan sonra yenidən dəyərləndirmələr də mümkündür.

- Partiya yaratmaq niyyətiniz varmı?

- Partiya yaratmaq fikrim var idi və bu fikir hər halda ötən ildə qaldı. Ötən il düşünürdüm ki, "Yeni Müsavat" adlı bir partiya quraram. Hətta bunun üçün müəyyən görüşmələr də həyata keçirdim, ilk yüzlüyün siyahısı da tutuldu. Amma mənim partiya yaratma istiqamətində təşəbbüsümlərim bir sıra partiyaların ləğv olunma prosesi ilə üst-üstə düşdüyü üçün hələ ki qeyri-müəyyən zamana qədər, əlverişli mühitədək gözləmə qərarına gəldim.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024