• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bəhruz Əliyev: “Azərbaycanda süni intellektə investisiyalar artır" - MÜSAHİBƏ

MÜSAHİBƏ

21 May 2024 | 09:30

Bəhruz Əliyev: “Azərbaycanda süni intellektə investisiyalar artır - MÜSAHİBƏ

 

Son illər telekommunikasiya, elektron ticarət, nəqliyyat, səhiyyə, maliyyə və digər istehsalat sahələrində süni intellekt məhsullarının tətbiqinə geniş yer verilir. Hətta dünyanın ən qabaqcıl və inkişaf etmiş ölkələri süni intellektə əsaslanan yüksək innovativ texnoloji məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün külli miqdarda maliyyə vəsaiti ayırırlar.

Beynəlxalq ekspertlərə görə, süni intellektin inkişafı 2030-cu ilədək dünyada işləyən əhalinin üçdə birinin yeni peşələr axtarmaq məcburiyyətində qalmasına səbəb olacaq. Bu proqnoz süni intellektin mənfi təsiri kimi qəbul olunsa da, müqayisədə süni intellektin tətbiqi bir çox sahələrdə daha effektiv nəticələrə səbəb olur. Bu baxımdan ölkəmizdə də süni intellektə maraq artmaqdadır.

Ölkəmizdə süni intellektin inkişafı ilə bağlı İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Bakıvaxtı.az-a müsahibə verib.

- Bəhruz bəy, Azərbaycanda süni intellekt şirkəti varmı?

- Azərbaycanda bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı haqqında ətraflı məlumat yoxdur. Lakin süni intellektin iqtisadi inkişafa müsbət təsirləri qaçılmazdır. Süni intellekt həlləri təhlükəsizlik, maliyyə, satış, nəqliyyat, səhiyyə və digər sahələrdə tətbiq olunur. Həmçinin, süni intellektə investisiyalar artmaqdadır. Bundan başqa, ölkəmizdə elmi-tədqiqat institutları və universitetlər süni intellekt üzrə işlər aparır və bu sahədə araşdırmalar həyata keçirilir. Süni intellekt şirkətlərinin yaranması və inkişafı, bir çox müsbət təsirləri özü ilə gətirəcək. Süni intellekt şirkətləri yeni texnologiyaların inkişafına öncülük edir və bu hal gələcəkdəki inkişafı təmin edir.

Bu baxımdan Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin yaranması və artması bir çox sahələr üzrə müsbət təsirlərə malik olacaq. Ölkəmizdə süni intellekt sahəsində genişçaplı fəaliyyət göstərən şirkətlərin çoxalacağı gözləniləndir.

- Ölkədə süni intellekt şirkəti olmaması fonunda süni intellekt məhsullarından hansı formada istifadə edilir?

- Hazırda süni intellekt məhsulları şirkətlər tərəfindən iki formada təqdim edilə bilər. Birincisi, xarici mənbələr əsasında formalaşan qismən milliləşmiş süni intellekt həlləri, ikincisi isə tamamilə yerli məhsul olaraq təqdim olunan süni intellekt həlləridir. Süni intellektlə bağlı startapların çoxalacağını gözləmək mümkündür. Ümumilikdə dünyada süni intellekt ilə ciddi məşğul olan şirkətlər mövcuddur. Hansı ki, bu gün imkanlardan biz də faydalanırıq. Bunlara "OpenAI", "Google", "Microsoft", "IBM" kimi şirkətlərin məhsullarını daxil etmək olar.

- Süni intellektin inkişafı ilə bağlı dövlət səviyyəsində hansı addımlar atılır?

- Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası artıq mövcuddur. Strategiyanın hədəf göstəricilərinin 4.1.2-ci bəndində informasiya təcavüzünə və həqiqətlərin təhrif edilməsinə, milli dəyərlərin pozulmasına aid təhdidlərin qarşısını ala bilən müasir texnologiyaların, o cümlədən süni intellektə əsaslanan texnologiyaların işlənib hazırlanması üçün fəaliyyətin gücləndirilməsi qeyd olunub. Eyni zamanda strategiyanın 8.1.1.3-cü bəndində İnformasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidlərin və risklərin əvvəlcədən müəyyən edilməsi və görülməli tədbirləri proqnozlaşdırmaq məqsədilə süni intellekt əsaslı həllərin işlənib hazırlanmasını və tətbiqini təşkil etmək üçün əsas icraçı orqan kimi XRİTDX, digər icraçı orqan kimi isə DTX, RİNN, ETN qeyd olunub. Strategiyanın 8.1.2.1 bəndində isə müvafiq sahələrə aid təhdidlərdə istifadəsi ehtimal olunan, belə təhdidlərin qarşısını ala bilən müasir texnologiyaların (xüsusən süni intellekt, qeyri-səlis məntiq və s.) hazırlanmasını, tədqiq və tədris olunmasını, təlimlərin keçirilməsini təşkil etmək əsas icraçı kimi XRİTDX, digər icraçı kimi isə RİNN, DTX, DİN, MdN qeyd olunub. Dövlətin süni intellekt sahəsində həyata keçirmək istədiyi strategiyanın, paralel olaraq, süni intellekt şirkətlərinin ölkədə çoxalmasına və inkişaf etməsinə səbəb olacağı danılmazdır.

- Süni intellektin inkişafı xidmət sektorunda hansı yeniliklərə yol açır?

- Süni intellekt texnologiyaları sağlamlıq, avtomobil, maliyyə və s. kimi fəaliyyətlərə daxil olaraq prosesləri sürətləndirir və effektivliyi artırır. Süni intellekt istehsal proseslərində avtomatlaşdırma və robotlaşdırmada əhəmiyyətli rol oynayır. Bu, istehsalın effektivliyini artırır və əzələ gücünə olan ehtiyacı azaldır. Süni intellekt texnologiyaları insanlarla maşınların daha sıx əməkdaşlığını təmin edə bilir. Süni intellekt texnologiyaları prosesləri avtomatlaşdırmaq və effektivliyi artırmaq imkanı yaradır. Bu isə şirkətlərin daha sürətli, effektiv və rəqabətli olmasına kömək edir. Süni intellektin inkişafı yeni iş yerləri yaradır, iş gücünün texnologiyaya uyğunlaşmasına imkan verir. Süni intellektin məqsədyönlü inkişaf etdirilməsi sənaye və iqtisadi inkişafda əlverişli bir mühit yaradır.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Iyul 2024