• Bakı 15° C

    5.9 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Müavinət sistemi dəyişir: büdcə yükü azalır, xidmət edənlərin haqqı qorunur

CƏMİYYƏT

05 Noyabr 2025 | 11:20

Müavinət sistemi dəyişir: büdcə yükü azalır, xidmət edənlərin haqqı qorunur

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti xidmətdən buraxılan hərbi qulluqçular və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bağlı qərarda dəyişiklik edib. Yeni qərar gələn ilin – 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək və işdən çıxarılma müavinətlərinin miqdarını və ödəniş qaydalarını daha dəqiq müəyyənləşdirəcək.

Bu addım son illər güc strukturlarından tərxis olunan şəxslərin sosial təminat məsələlərində yaranan qarışıqlıqları aradan qaldırmaq məqsədi daşıyır. Belə ki, indiyədək müxtəlif strukturlar - o cümlədən Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar, Gömrük, Miqrasiya və Vergi orqanları əməkdaşlarına ödənilən müavinətlərin məbləği və hesablanma prinsipi ilə bağlı mübahisələr və məhkəmə çəkişmələri yaranırdı.

Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qərar Nazirlər Kabinetinə güc strukturlarının müraciəti əsasında qəbul olunub və əsas məqsəd xidmətdən buraxılan şəxslərin sosial təminatında vahid və şəffaf mexanizm yaratmaqdır:

“İndiyə qədər zabit heyəti, gizirlər, miçmanlar, maxilər və digər xidmət üzvləri - yəni Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi və digər qurumlarda çalışanlar xidmətdən ayrıldıqda müxtəlif məbləğlərdə ödəniş alırdılar. Bu isə həm qarışıqlıq, həm də narazılıq yaradırdı. Nazirlər Kabineti həmin qaydanı dəqiqləşdirib və adını dəyişdirərək ‘hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə işdən çıxarılma müavinətinin miqdarı və ödənilməsi şərtləri haqqında’ qərar qəbul edib”.

Üzeyir Cəfərov: Bu dəyişiklik həm ədalətli, həm də praktik qərardır

Ekspertin sözlərinə görə, bu qərarla artıq bütün qüvvə strukturlarında ödəniş mexanizmi eyniləşdirilir və vətəndaşların haqlarının qorunması təmin olunur:

“Pensiya hüququ əldə etmədən xidmətdən buraxılan hərbi qulluqçular və hüquq-mühafizə orqanlarının əməkdaşları iki aylıq vəzifə və rütbə maaşı həcmində işdən çıxarılma pulu alacaqlar. Xidmət müddəti 4 ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıq hərbi qulluqçulara, həmçinin daxili işlər və ədliyyə orqanlarının sıravi və rəis heyətinə aylıq maaşlarının yarısı (yəni, məsələn, 1000 manat maaş alırsa, 500 manat ödəniş) veriləcək. Xidmət müddəti 4 il və daha çox olanlara isə bir aylıq vəzifə və rütbə maaşına əlavə olaraq, dörd ildən artıq hər təqvim ili üçün maaşın 20%-i həcmində əlavə müavinət ödəniləcək.Ümumi məbləğ iki aylıq vəzifə və rütbə maaşını keçməməlidir”.

Üzeyir Cəfərov hesab edir ki, bu dəyişiklik sosial ədaləti bərpa edir və həm hərbi qulluqçuların, həm də digər güc strukturları əməkdaşlarının sosial müdafiəsini gücləndirəcək:

“Əvvəllər bəzi qurumlar ödənişləri fərqli hesablasa da, indi qaydalar hamı üçün eynidir. Artıq mühasibatlıqlar və maliyyə orqanları bu qərarı dəqiq əsaslarla yerinə yetirəcək. Bu, həm şikayətlərin azalmasına, həm də məhkəmə yükünün yüngülləşməsinə səbəb olacaq. Bu dəyişiklik həm dövlətin, həm də xidmət edən şəxslərin maraqlarını balanslaşdırır”.

“Nazirlər Kabinetinin qərarı bir tərəfdən büdcə yükünü optimallaşdırır, digər tərəfdən isə xidmətdən ayrılan insanların haqlarını qoruyur. Yəni, kiminsə haqqına girilməməsi üçün dəqiqlik gətirilib”, - deyə Üzeyir Cəfərov əlavə edib.

Aynur


SON XƏBƏRLƏR

04 Noyabr 2025